masin

Doğrudanmı qadın sürücülər avtomobil idarə etməyi bacarmır?

Baxış sayı: 1. 448
Elm və texnikanın bu qədər inkişaf etdiyi bir dövrdə qadınların hansısa sahədə kişilərdən geridə olmasını gözləmək düzgün deyil. Ancaq çox təəssüflər olsun ki, cəmiyyətimizdə bəzi kişilər qadınların onlardan irəlidə olmasını və ya bir işi daha yaxşı yerinə yetirməsini qəbul edə bilmirlər. Xüsusilə də, kişilərin ən sevimli işi olan sürücülükdə.
 
Son zamanlar qadın sürücülərin sayı kifayət qədər artıb. Belə ki, şəhərdə 5 qadından 2-3-ü maşınını özü idarə edir desək, yanılmarıq. Və bu da kişilərin narazılığına səbəb olur. Həm sosial mediada, həm də real həyatda qadın sürücülərdən narazı olanları görürük. Qadınların bu sahədə peşəkar olmadıqlarını, maşını düzgün idarə etmədiklərini deyirlər. Daha doğrusu, şikayətlənirlər. Biz də məsələni araşdırıb öyrənməyə çalışdıq – doğrudanmı qadın sürücülər bu işi bacarmır?
 
Avtoxuliqanlar, sərxoş sürücülər arasında qadınlar da var
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, sükan arxasında oturanın qadın, kişi deyə fərqləndirilməsi düzgün deyil: “Sükan arxasında hamı bərabər hüquqludur. Hamı sürücülük vəsiqəsini eyni alıb və eyni dərəcədə qaydalara riayət etməlidir. Qadınlar üçün yalnız bir istisna hal var ki, hamilə sürücülər təhlükəsizlik kəmərini taxmaya bilər. Yəni qadınlara verilən üstünlük sadəcə budur. Sürücü kimi onların başqa heç bir nə üstünlüyü, nə əskikliyi yoxdur. Düzdür, bəzi qadın sürücülər var ki, onlara olan hörmətdən istifadə edir. Qayda pozuntusuna yol verir. Görürsən ki, kişi piyada yolu keçərkən qadın sürücü ona yol vermək istəmir. Qadın sürücü düşünür ki, kişi piyada ona yol verməlidir. Amma hər kəs dərk etməlidir ki, sükan arxasında hamı eynidir. Bu, qadınlara haqq vermir ki, kişilərdən həmin an nəzakət qaydalarına əməl etməyi gözləsinlər. Əgər dərk eləsələr ki yol hərəkəti qaydaları hamı üçün eyni yazılıb, bu zaman problem yaranmaz. Ölkəmizdə 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb. Onun təxminən 10-15 mini maşın sürür. Bu bizim cəmiyyət üçün elə də ciddi rəqəm deyil. Əslində təkcə bizdə deyil, dünyanın bir çox ölkələrində qadın sürücülərlə bağlı bu cür problemlər var. Çox təəssüflər olsun ki, son illər Azərbaycanda da sərxoş qadın sürücülərin sayı artmaqdadır. Artıq intensiv olaraq yol polisi qaydaları pozan qadın sürücüləri də saxlayır. Qadın sürücülərə qarşı xüsusi gücləndirilmiş nəzarət həyata keçirilir. Və nəticədə məlum olur ki, elə qadın sürücülər arasında da avtoxuliqanlar, sərxoş sürücülər, sürücülük vəsiqəsi olmayanlar var. Biz düşünürdük ki, qadın sürücülər sükan arxasına keçərkən bu kimi pis vərdişləri gec öyrənərlər, amma heyf, elə birinci pis vərdişləri öyrəndilər”.
 
“Sənin yerin bura deyil, get evdə bozbaşını bişir”
Müsahibimiz kişilərin qadın sürücülərə olan qısqanclığından da danışdı: “Mən kişi sürücülərin qadın sürücüləri qısqanmasında əsaslı bir səbəb görmürəm. Lakin gəlin etiraf edək ki, təcrübəsiz qadın sürücü görəndə, demək istəyirsən ki, “sənin yerin bura deyil, get evdə bozbaşını bişir”. Amma bunu da deyim ki, Azərbaycanda yaxşı qadın sürücülər də var. Hələ sovet dövründə traktorçu, kombaynçı, təyyarəçi qadınlarımız olub. Hətta, bu günün özündə belə həmin qadınlar var. Yəni belə demək düzgün çıxmaz ki, qadınlar bu işi bacarmır. Sadəcə olaraq, son dövrlər qayda pozuntusu edən qadınların sayı o qədər artıb ki, kişilər birmənalı şəkildə bütün qadınlara eyni gözlə baxmağa başlayıblar. Əlbəttə, kişi sürücülər arasında da qayda pozuntusu edənlər var. On kişi sürücüdən 5-i nizam-intizamlıdır, qaydalara riayət edir. Bəzən fikir vermişəm ki, kişi sürücü qadın sürücünü görür, sükanı unudur. Və əksər qəzalar da bu səbəbdən yaranır. Biz hələ də o çərçivədən çıxa bilməmişik. Fikri qadın sürücünün yanında qalır və beləliklə qəza törədir. Nə qədər qəza törətsələr də, yenə də düzəlmirlər. Elə əslində bu cür kişilərdir qadın sürücüləri qəbul etməyənlər. Elə həmin kişi sürücülərin özlərinə sual vermək lazımdır ki, qadın sürücüləri bəyənmirsinizsə, nəyə görə qadın sürücü görən kimi sükanı unudursunuz?”
Ekspert deyir ki, bəzən qarşıda gedən maşının hərəkətindən, manevrlərindən anlamaq olur ki, sükanın arxasındakı qadındır: “Çünki qadın sürücülərin özlərinin spesifik qayda pozuntuları var. Baxırsan ki, “8 yaza-yaza” gedir. Və yaxud da lazımsız olaraq əyləci basır, keçib sol tərəfə asta sürətlə gedir. Bu zaman dərhal aydın olur ki, sürücü qadındır. Amma təbii ki, çox peşəkar qadın sürücülər də var.
 
Qadın anadır, işgüzar xanımdır. O da işə gedir, istəyir ki, iş yerinə vaxtında və rahat çatsın. Uşaqlarla avtobusa minib-düşmək çətin olur. Qadınlara maşını 99 faiz kişilər özləri alır, bir-iki faiz qadın var ki, onlar öz büdcələri hesabına maşın ala bilirlər. Qadına maşın alıb verərkən onun sürücülük vərdişlərindən əmin olmaq lazımdır. Onun cəmiyyət üçün təhlükə törətməyəcəyini bilməliyik. Əgər onun yaxşı sürücü olmadığını bilərək maşın alıb veririksə, bir cinayətdə iştirak etmiş oluruq. Bilərəkdən onu ölümə göndəririk”.
 
Kişilərdə qadın sürücülərə qarşı psixoloji qıcıq
“Yeni Müsavat” qəzetinin əməkdaşı, qadın sürücü Sevinc Telmanqızı bu sahədə elə də çox təcrübəsinin olmadığını və cəmi 4 ildir ki, sükan arxasında əyləşdiyini qeyd etdi: “Amma həm əvvəlki illərdən müşahidələrimə, həm də maşın sürdüyüm dövrə əsaslanaraq deyə bilərəm ki, bu məsələdə cins faktoru elə də önəm daşımır. Burada əsas olan peşəkarlıqdır. Məncə, qadınlar kişilərdən daha diqqətli və intizamlıdır. Və bacardıqları qədər daha da ehtiyatlı olmağa çalışırlar. Çünki qadınların etdiyi nə isə bir səhv daha çox qabardılır. Və o səhvi ancaq qadınlar edirmiş kimi qələmə verirlər. Halbuki, eyni səhvi kişilər də edir. Kişi sürücü səhv edəndə, bunu diqqətsizlik, qadın sürücü edəndə isə bacarıqsızlıq, qeyri-peşəkarlıq kimi qiymətləndirirlər. Kişi sürücülərin qayda pozuntularına daha tolerant yanaşırlar. Və ona görə də qadın sürücülər onlara qarşı olan bu fikirləri bildikləri üçün maşını daha diqqətli sürürlər. Gəlin statistikaya nəzər salaq. Ən dəhşətli qəzaları kimlər törədir? Ən çox kimlər tərəfindən törədilmiş qəzalarda ölüm halları baş verir? Əslində rəqəmlərə diqqət etsək, hər şey aydın olar. Ona görə də deyərdim ki, kişi sürücülər cığallıq etməsələr, yaxşıdır. Nəqliyyatda peşəkarlıq öndə gəlir. Qadın, yoxsa kişi faktoru ikinci sıradadır. Bu, sırf psixoloji nüansdır. Əks cinsin nümayəndələri elə düşünür ki, maşın sürmək ancaq kişi işidir. Cəmiyyətin bütün sferalarında qadınlar kişilərlə birlikdə çalışır. Bəzi ixtisas sahələrində qadın-kişi ayırd edilmədiyi kimi, bu məsələdə də ayrı-seçkilik qoyulmamalıdır. Bu, kişilərdə qadın sürücülərə qarşı psixoloji bir qıcıq kimi yaranıb. Kişi sürücülərə məsləhət görərdim ki, qadın sürücülərə qarşı bu düşüncələrini dəyişsinlər”.
 
“Geridə qalmış bir təfəkkür formasıdır”
 
Sosioloq Cavid İmamoğlu bildirir ki, bu cür düşüncə köhnə fikirliliyin göstəricisidir: “Cəmiyyətdə belə bir fikir var ki, qadınlar kişilərdən zəif sürücüdürlər. Amma həqiqətdə bu günə qədər olan avtoqəzaların sayında qadın sürücülərin göstəricisi kişilərdən qat-qat aşağıdır. Bu da ondan xəbər verir ki, qadın sürücülər kişilərdən daha ehtiyatlı olurlar. Sadəcə, bizim cəmiyyət kişi yönümlü, düşüncəli olduğundan əsas fikirlər kişilər tərəfindən formalaşdırılır. Buna görə də biz kişilər təbii ki, “qadınlar daha yaxşı sürür” ifadəsini dilimizə gətirmirik. Qadınlar sürə bilmir – deyirik. Yəni öz səhvlərimizi də qadınların üzərinə atırıq. Amma ümumilikdə bu, stereotipdir, geridə qalmış bir təfəkkür formasıdır. Təbii ki, həm kişilər, həm də qadınlar arasında sürücülük ənənəsinə, mədəniyyətinə sahib olmayanlar, sürücülük vəsiqəsini qeyri-qanuni yolla əldə edən kifayət qədər insan var. Yəni burda cins ayrı-seçkiliyi etmək olmaz. Qadınların istər düşüncə tərzi, istərsə də bacarıqları imkan verir ki, onlar maşını normal şəkildə idarə etsinlər. Və mən düşünürəm ki, bu məsələdə qadınlar kişilərdən heç də geri qalmır”.
Bəzən “Qadın sürücü qəza törətdi” başlıqlı xəbərlərə rast gəlirik. Maraqlıdır, nəyə görə heç vaxt “kişi sürücü” yazılmır, amma sürücü qadın olan zaman bu, xüsusi vurğulanır?
 
Sosioloq bu məsələyə də aydınlıq gətirdi: “Bu, kütləvi informasiya vasitələrində kişi redaktorların çoxluğundan irəli gəlir. Yəni onlar qadınlarla bağlı hər hansı bir mənfi xəbər olanda, onu başlığa çıxarır, cəmiyyətdə qadınlara qarşı mənfi rəy, obraz yaratmağa çalışırlar. Bunlar hamısı kişi psixologiyasının, düşüncə tərzinin nəticəsidir. Hər yerdə kişilər üstünlük təşkil etdiklərinə görə, fikri formalaşdıran da kişilərdir. Bu kimi halların qarşısını maarifləndirmə işi aparmaqla, müzakirələr, debatlar keçirməklə almaq olar”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir