Doğuşdan sonra qadın orqanizmində müxtəlif dəyişikliklər baş verir.
İlk dəfə doğan qadınları bu dəyişikliklər bəzən narahat edir, qorxuzur. Bəzən isə qadınlar onların vəziyyətində baş verənləri düzgün qiymətləndirmir və həkimə vaxtında müraciət etmir ki, nəticədə bu ciddi ağırlaşmalara səbəb olur.
Bu məqalədə biz doğuşdan sonra qadınları narahat edən bəzi suallara cavab vermək istərdik.
– Doğuşdan sonra qanaxma nə zaman kəsilməlidir?
Doğuşdan sonra uşaqlığın daxili səthi geniş yara sahəsidir. Bu yaradan müəyyən müddət ərzində qan ifraz olunur. Uşaqlıq təsricən yığılır və qanaxma da azalır, ifrazatların rəngi isə qırmızıdan qəhvəyi rənginə dəyişilir. Təxminən 2 həftədən sonra ifrazatlar sarı və ya sarı-qəhvəyi rəng alır. 3-4-cü həftələrində ifrazatlar daha da azalır, sarı və ya ağ selik kimi görünür. Doğuşdan 1-1,5 ay sonra ifrazatlar adətən kəsilir.
Əgər doğuşdan sonra ifrazatlar 1,5 aydan çox davam edir, ifrazatların miqdarı azalmır və ya əksinə çoxalır, bədən hərarəti qalxır, qadının qarnında ağrılar əmələ gəlirsə, dərhal həkimə müraciət etmək lazımdır. Bu təhlükəli simptomlardır.
– Doğuşdan neçə müddət sonra oturmaq olar?
Əgər doğuş zamanı aralıq nahiyəsinda cırıqlar olmayıb, aralıq nahiyəsi kəsilməyibsə (epiziotomiya), doğuşdan 1 gün sonra oturmaq olar. Qeysəriyyə kəsiyi əməliyyatından 1-2 gün sonra oturmaq olar.
Lakin əgər aralıq nahiyəsi kəsilib və ya cırılıb, tikişlər qoyulubsa, anaya 1 ay ərzində oturmaq olmaz. Bu çapıqların normal sağalmasını təmin edir. Uşağı əmizdirəndə ana böyürü üstə uzanmalıdır.
Əgər tikişlər nahiyəsində ağrılar olursa, mütləq həkimə müraciət edin.
– Doğuşdan sonra ilk menstruasiya nə zaman başlamalıdır?
Bu müxtəlif vaxtda baş verə bilər. Əgər ana uşağı tam normal şəkildə, uşağın istəyinə görə əmizdirirsə, bütün bu dövr ərzində menstruasiyalar olmur. Bu laktasiyanı stimullaşdıran prolaktin hormonun aktiv şəkildə ifrazı ilə bağlıdır. Yüksək səviyyədə olan prolaktin yumurtalıqda yumurta hüceyrəsinin yetişməsinin, ovulyasiyanın və menstruasiyanın qarşısını alır.
Uşağın menyusuna yeni qidalar (sıyıq, püre və s.) əlavə olunmağa başladıqda (adətən bu 6-7-ci ayında baş verir), əmizdirmə tədricən azalır ki, qadının menstrual dövrü bərpa olunmağa başlayır. Bir çox aktiv şəkildə əmizdirən analarda menstruasiyalar yalnız uşağın 1 yaşəna yaxın bərpa olunur.
Ana uşağa həm ana südü, həm də süni süd (“smes”) verdikdə, menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa oluna bilər.
Ana uşağı heç əmizdirmirsə, doğuşdan 1,5-2 ay sonra onun menstrual dövrü bərpa oluna bilər və menstruasiyalar başlaya bilər.
– Doğuşdan sonra cinsi əlaqələrə nə zaman icazə verilir?
Dediyimiz kimi, doğuşdan sonra uşaqlığın daxili səthi böyük yaradır. Cinsi əlaqə zamanı yaraya infeksiya düşə bilər ki, nəticədə qadında endometrit (uşaqlığın daxili qatının iltihabı) inkişaf edə bilər. Beləliklə, cinsi əlaqələrə yalnız yara tam sağaldıqdan sonra və ifrazatlar kəsildikdən sonra icazə verilə bilər (təxminən 6-8 həftədən sonra).
– Doğuşdan neçə müddət sonra qarın kiçilir?
Bu da çox fərdi prosesdir. Təxminən 6 həftədən sonra uşaqlıq tam yığılır və qadının qarnı kiçilir. Lakin bu tək uşaqlığın yığılması ilə bağlı deyil. Hamiləlik zamanı qarın əzələləri dartılır, qadın çəki yığır. Bu səbəbdən əksər qadınlarda doğuşdan sonra qarın qalır. Lakin bu həll olunmayan problem deyil. Bu problemi həll etmək üçün idmandan, massajdan istifadə edin. İdmana və massaja yalnız uşaqlıq tam yığıldıqdan sonra başlamaq olar (əvvəlcədən həkimlə məsləhətləşin).
Qeysəriyyə kəsiyi əməliyyatı keçirmiş qadınlarda qarın daha gec “gedir”.
Salam