bagca

Dövlət uşaq bağçaları pullu olacaq? – ARAŞDIRMA

Baxış sayı: 1. 809

Son günlər Azərbaycanda dövlət uşaq bağçalarının valideynlərlə dövlət büdcəsinin müştərək maliyyələşməsi ilə yaradılması xəbəri sosial şəbəkələrdə, ictimaiyyətdə müzakirə obyektinə çevrilib. Bir qisim, onsuz da, dövlət uşaq bağçalarında qeyri-rəsmi olaraq valideynlərdən pul yığıldığı üçün bunun rəsmiləşdirilməsinin tərəfdarı olsa da, bir qisim bunun imkansız ailələrə böyük zərbə olacağını vurğulayır.

Qeyd edək ki, Azərbaycanda uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər. Bu barədə bildirən maliyyə naziri Samir Şərifov bəyan edib ki, bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi prosesinin düzgün, səmərəli həyata keçirilməsi ictimai nəzarətin tətbiqinə gətirib çıxarır: “Böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da ölkə prezidentinin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin “Ekspress”ə bildirdiyinə görə, bu məsələyə bazar iqtisadiyyatı tələbləri baxımından yanaşılmalıdır: “Yəni kapitalizm cəmiyyəti olan cəmiyyətimizdə yüksək varlı, orta səviyyəli və kasıb olanlar var. Uşaq bağçaları valideynlərlə dövlət büdcəsinin müştərək maliyyələşməsi ilə yaradılsa, bunu yalnız yüksək varlı olan təbəqələrə aid etmək olar. O biri təbəqələrə aid etmək olmaz”.

Ağayev hesab edir ki, buna ümumi şəkildə yanaşılarsa, kasıb adamlar uşaqlarını daha uşaq bağçalarına qoya bilməyəcək. Onun sözlərinə görə, əgər uşaqlar uşaq bağçalarından, məktəbəqədər təhsildən kənarda qalacaqlarsa, “Təhsil haqqında” qanun, ölkədə insanların təhsil almaq hüququ pozulacaq. “Ona görə də bu məsələyə belə yanaşılmalıdır. Kimin imkanı çatırsa, özəl uşaq bağçaları yaratsın. Təşkilat, qurumlar özəl bağça yaratsın və buna görə də ödəniş götürsünlər. Amma dövlət uşaq bağçasını nə özəlləşdirmək olar, nə də dövlət büdcəsi ilə müştərək valideyn büdcəsi hesabına qurmaq olar. Çünki dövlət öz qanunları ilə insanların təhsil hüququnu və təhsil alması təminatını bəyan edir. Bunları pozmaq olmaz. Həm də indiki zamanda – enerji, qaz, dərmanlar, ərzaq və s bahalaşdığı bir dövrdə insanların əmək haqqısı özlərini dolandırmağa çatmır. Kasıb olan insanlar uşaq bağçalarına ödənişi hardan versinlər?”
Həmsöhbətimizə gör, bu, yalnız maliyyə və pedaqoji məsələ deyil. “Burda ciddi siyasi, psixoloji şərtlər var. İnsanları narazı salmaq inamsızlığa gətirib çıxarır. Bu qərar məqbul sayıla bilməz”.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa jurnalistlərə bildirib ki, bunun heç bir məntiqi izahı yoxdur. Deputat qeyd edib ki, nazirin açıqlamasında dediyi mexanizmdə özəl bağçaların ödənişinin dövlətlə bölüşdürülməsi nəzərdə tutulmuş ola bilər: “Məsələn, əgər valideyn özəl bir bağça üçün 70 manat ödəyirsə, dövlət onun yükünü azaltmaq üçün yarısını öz üzərinə götürə bilər. Yəni, dövlət özəl bağçalara subsidiya ayıra bilər, 35-ni özü ödəyər, 53-ni isə valideyn. Bununla da məktəbəqədər təlim problemi həll oluna bilər. Çünki bir çox valideynin buna gücü çatmır”,-deyən F.Mustafanın sözlərinə görə, belə olarsa, özəl bağçalarda ödənişin maksimum standartlarını müəyyən etmək lazım gələcək ki, hansı miqdardan yuxarı qaldırmaq olmaz. Onunla da problemi çözə bilərlər.
Deputat hesab edir ki, amma bunun dövlət bağçalarına şamil edilməsi müəyyən problemlər yaradacaq. “Çünki valideynlərin bu yükü qaldırması çox çətindir. Məncə, dövlət özəl müəssisələrə üstünlük verməlidir. Onların yükünü valideynlə yarı yarıya paylaşmalıdır”.

Onun sözlərinə görə, dövlət bağçaların maliyyələşməsini öz üzərinə götürübsə, həyata keçirməyə borcludur: “Dövlət bağçalarına qəbul zamanı müəyyən miqdarda pul alınır. Lakin bu, rüşvətdir. Rüşvət olduğuna görə və bizdə də rüşvət çox təhlükəli bir şey sayılmadığına görə sənədləşmədə hansısa məbləğ alındığı qeyd olunmur. Sənəddə uşaqların pulsuz təlim aldıqları yazılır. Lakin hər kəs bilir ki, faktiki olaraq bağçaya qəbulda müəyyən məbləğ ödənilir, bu da qanunsuzdur və hesab edirəm ki, dövlət bağçalarının bu vəziyyətdə olması valideynlərə çox böyük problemlər yaradır. Dövlət bağçası pulsuz olmalıdır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir