kasib

Dövlətin gəliri artıb, vətəndaşınkı isə əksinə – Bir tərəfdən də bahalaşma

Baxış sayı: 619
Pandemiyanın mənfi iqtisadi təsirlərindən əziyyət çəkən azərbaycanlıların sayı dəqiq məlum deyil. Bizdə belə statistika aparılmır. Lakin sirr deyil ki, pandemiyanın və inflyasiyanın nəticələrinin öz gəlirlərinə mənfi təsirini getdikcə daha çox vətəndaşımız hiss edir.Müstəqil analitiklər hesab edirlər ki, alıcılıq fəallığının azalması və onların qənaət rejiminə keçmələri səbəbindən fiziki baxımdan istehlak demək olar ki, artmır. Sadəcə olaraq, qiymətlər qalxdıqca biz bazarın pul baxımından artımını müşahidə edirik. Bu vəziyyətdə hər beşinci respondent ölkədə koronavirusun yayılmasının başlanğıcından bəri gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığını, hər onda biri əvvəlki qazanclarının itirildiyini deyir.

İki uşaq anası Elmira İsmayılova qiymətlərin çox qalxdığından gileylənib: “Həyat yoldaşım SOCAR-ın idarəsində sadə fəhlə işləyir, 400 manatdan bir az artıq maaş alır. İki uşağım var, aptekdə aylıq 300 manata işə düzəlmişəm. Pandemiyadan əvvəl biz bu pulla birtəhər sağ qalırdıq, amma indi qiymətlər çox qalxıb. Həyat yoldaşımla mənim maaşımız yeməyə ancaq kifayət edir, amma uşaqları geyindirib, inkişaf etdirməli, kommunal xərcləri ödəməliyik. Yeri gəlmişkən, bizdə kommunal xərclər də daim artır. Ailədə kimsə xəstələnirsə, ümumiyyətlə, fəlakət olur. Ərimin ailəsi bizə kömək edir, bu dəstək olmasaydı, ayağımızı çoxdan uzatmışdıq”.

Elçin Məlikov da pandemiya ilinin ortalarında vətəndaşların maliyyə vəziyyətinin pisləşməyə başladığını və ciddi qiymət artımının yaşandığını deyib: “Mən bunu yalnız manatın devalvasiyasından sonra görmüşdüm. Qiymətlərin qalxması barədə mətbuatda ara-sıra xəbərlər verilir, amma televiziyada heç danışılmır. Ancaq pul kisəmizdə kəskin inflyasiyanın olduğunu hiss edirik. Hər şeyin qiyməti qalxır – son vaxtlar 1 manat 90 qəpik olan süd 2,50, hətta 3 manata satılır. Mən heç duru yağdan, şəkərdən, yumurtadan danışmıram. Kommunal xidmətlər elə sürətlə bahalaşır ki, evdəki sobanı yandırmağa da ehtiyat edirik. 600 manat maaşım dörd nəfərlik ailəyə çatmadığından köhnə “Jiquli”yə oturub, taksi faəliyyəti ilə məşğul olmaq məcburiyyətindəyəm. Amma bu pul da kifayət etmir. Əvvəllər kifayət edərdi, indi heç cür”.

İnflyasiya vətəndaşların gəlirlərini yeyir. Qiymətlərdən fərqli olaraq maaşlar, pensiyalar yerində qalır. Özünü Aydəmir kimi təqdim edən vətəndaşın sözlərinə görə, televiziyada gələn ildən maaşların artırılmasından danışırlar, lakin bu, çətin ki, onlara təsir etsin: “Mən tikintidə işləyirəm, şirkət standart ödəyir – gündə 20 manat. Bununla nə almaq olar? Mağazada kolbasanın yarısı 15 manata, yumurtanın bir qəfəsi 5 manatdan bahadır. Bu zəif yemək dəsti üçün tam gün işləyirəm. Maaşlar qaldırılmır, amma tələblər zirvəyə qalxıb. Maaşlarda müəyyən miqdar artım yalnız dövlət işlərində çalışanlar üçün ola bilər. Bizi yalnız qiymət artımı narahat edir”.

Etiraf etmək lazımdır ki, bahalaşmaya baxmayaraq, bu il ölkəmizin iqtisadiyyatı rəsmi göstəricilərə görə, inkişaf edir. Buna görə də ekspertlər hesab edirlər ki, hökumət vətəndaşların vəziyyətinə daha çox diqqət yetirə bilərdi – indidən maaşları və pensiyaları qaldıra və ən azı dövlət tərəfindən tənzimlənən tarifləri sabit saxlaya bilər. Xoşbəxtlikdən, ölkənin gəlirlər çoxalır.

İqtisadçı ekspert Nemət Əliyevin dediyinə görə, təkcə ötən 9 ayda Azərbaycandan idxal və ixracın bahalaşması fonunda 9 milyard manat xalis mənfəət əldə edilib: “Daxilolmaların strukturunda bu məbləğin 4 faizini və ya 172 milyon dollarını qeyri-neft məhsulları təşkil edir. Qalan 96%-i neft-qaz sektorundan ixrac olunan məhsulların bahalaşmasının payına düşür”.

“Biz hələ daxili topdansatış qiymətləri ilə maya dəyəri arasındakı fərqdən əldə edilən mənfəətdən danışmırıq. 9 aylıq qiymət artımından əldə edilən gəlirlər, demək olar ki, bütün ötən il ərzində 4,3 milyard dollar səviyyəsində olan ixrac itkilərini kompensasiya edib”, – deyə mütəxəssis bildirib.

Ekspert həmçinin əlavə etdi ki, bu ilin cəmi 9 ayında xarici ticarətdən 5,3 milyard dollar və ya 9 milyard manat xalis mənfəət əldə edilib: “Bu, ölkədə sosial və iqtisadi itkiləri ödəmək üçün kifayət qədər tutumlu maliyyə mənbəyidir. Ona görə də indiki sürətli bahalaşmanı gəlirlərin azalması ilə izah etmək absurddur”.

 

Tanya Samsonova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir