putin

Dünya liderlərinin maraqlı idman hobbiləri – FOTOLAR

Baxış sayı: 1. 655

Sağlam həyat tərzinin əsas şərtlərindən biri idmanla məşğul olmaqdır. Milyonlarla insan kimi siyasi liderlərin bir çoxu idmanla məşğul olmaq üçün kabinetlərini qısa müddətə olsa da idman meydançaları ilə əvəzləməyə vaxt tapırlar.
Bəs siyasi birincilər idmanın hansı növünə üstünlük verirlər?

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ən çox sevdiyi idman növü cüdodur. Rusiya prezidenti bu idman növü ilə 13 yaşından məşğul olur. İdman sahəsində Putinin nailiyyətləri də az deyil. Leninqrad çempionu olan prezident cüdo və sambo üzrə idman ustası, altıncı dərəcə “qara kəmər”in sahibidir. Həmçinin Putinin tekvondo üzrə 9-cu dan diplomu da var. Bu diplomu ona Dünya Tekvando Federasiyasının prezidenti Çu Çong Von tərəfindən verilib.  Vladimir Putin bu gün də idmanla ciddi məşğul olur.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 74 yaşının olmasına baxmayaraq bu gün də idmanla məşğul olmağı davam etdirir. Sağlamlığına xüsusi diqqət yetirən prezident idman rejimini qoruyur. Nazarbayev dağ-xizək idman növünə üstünlük verir.

Almaniya kansleri Angela Merkelə idmanla məşğul olmaq bir az baha başa gəlib. İsveçrədə xizəklə sürüşən zaman kansler yıxılaraq ciddi zədələr alıb. Bu hadisəyə görə kanslerin üç həftə ərzində tədbirləri və görüşləri təxirə salınıb. Hazırda idmanla məşğul olmağa çox da vaxt tapmayan kansler hədsiz dərəcədə futbol azarkeşidir.

“İdman hamı və hər kəs üçündür” ifadəsini tez-tez işlədən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov idmana olan marağı ilə digər siyasi liderlərdən geri qalmır. İdmanın bir çox növləri ilə məşğul olan prezident məşqlərdən sonra bitki çayları içir. Qeyd edək ki, tibb elmləri doktoru olan Qurbanqulu Berdiməhəmmədov “Türkmənistanın dərman bitkiləri” kitabının müəllifidir. O, atçılıq idmanına xüsusi maraq göstərir.

Böyük Britaniyanın baş naziri Tereza Mey şəkərli diabet diaqnozuna görə xüsusi pəhriz və aktiv həyat tərzi saxalamağa çalışır. O mütəmadi olaraq yürüşlər edir və velosiped sürməyi sevir.

Kanadanın baş naziri Castin Trüdo uzun zamandır boksla məşğuldur. O hər həftə boks matçları keçirir. Bu Trüdo üçün stresslə mübarizə üsuludur. Boksdan əlavə Kanada baş naziri snoubord və kürəkçəkmə ilə də məşğul olur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqlıqdan futbolla məşğul olur.

Monqolustan Prezidenti Xatmaaqiyn Batulda aldığı təhsil baxımından rəssam olsa da gənlik dövründən cüdo və sambo ilə məşğul olur. Əvvəllər ölkə yığmasında dünya çempionatında iştirak edərək qızıl, gümüş və bürünc medalların üçünə də yiyələnib.

İsrail baş naziri Binyamin Netanyahu sağlam qidalanmaya və idmana böyük önəm verir. O həftədə iki dəfə qaçış cığırında qaçır və tez-tez uzun piyada gəzintilərinə çıxır.

Fransa prezidenti Emanuel Makron futbol, tennis, boks oynayır. Onu ölkədə idmanın himayəçisi kimi tanıyırlar.

ABŞ prezidenti Donald Tramp hələ məktəb vaxtlərından liseydə aktiv olaraq beysbol və futbol ilə məşğul olub. İndi isə o ancaq qolf oynayır. Özünə aid qolf klublarında təşkil edilmiş yarışlarda şəxsən iştirak edir.

Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir