yemek

Dünya ölkələrində Yeni ilə hansı yeməklər yeyilir?

Baxış sayı: 1. 382

Hər bir ölkənin Yeni il bayramı ilə bağlı özünəməxsus “süfrə ənənələri” və yeməkləri var. “Gencaile.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Avstriyada soyuq qış günlərində, xüsusilə Yeni il bayramında balıq yeməklərə, başlıca olaraq karpa böyük tələbat olur.

 

Karp  – Avstriyalılarda “xoşbəxtlik rəmzi” hesab olunur.  Soyuq Avropa ölkəsinin sakinləri eyni zamanda donuz burnu və başının digər hissələrindən hazırlanmış şorbaya üstünlük verirlər.  Donuz ətinin uğur gətirdiyini hesab edirlər, Orta əsrlərdə isə donuz əti Avstriyada var-dövlət və zənginlik rəmzi olub.

Rumıniyada isə Yeni ildə “sürprizli” piroqlar bişirilir. İçindən qəpik, çərəz və ya kiçik fiqur çıxa bilər.  İnanca görə, “sürpriz” kimin bəxtinə düşsə, o növbəti ildə öz  yarına qovuşacaq və bütün işlərində müvəffəqiyyət qazanacaq.  Bundan başqa süfrədə donuz ətindən müxtəlif xörəklər, o cümlədən farşlı kolbasalar olur. Desertə “kozonak” verilir. Bu tərkibində kakao və kişmiş olan qat-qat xəmirli kömbədir.

Portuqaliyada isə Yeni il süfrəsini “bakalyao” adlı balıq yeməyi  (duzlu və ya qurudulmuş treska balığı şəklində) bəzəyir. Adı çəkilən yemək kartof və kələmlə müşayiət olunur.  Ənənəvi desert  “bolorey” – meyvə içliyi olan keksdən ibarətdir. Süfrədə üzümün olması vacib  məsələdir. Çünki tənək portuqal inanclarına görə bolluq və ailə səadətini simvolizə edir.

Kinolar və xəbərlərdən beynimizə həkk olunan stereotiplərə rəğmən,  amerikalıların bayram süfrəsi  heç də “fastfud”dan ibarət deyil. ABŞ vətəndaşları arasında dünyanın dörd bucağından mühacirət etmiş, müxtəlif mədəniyyətləri təmsil edən insanlar yer aldığından, bayram süfrəsi olduqca rəngarəng olur. Dekabr-yanvar bayram günləri ərzində (Milad və Yeni İl) amerikalı ailənin süfrəsində qızardılmış donuz əti, soğan  şorbası, Yorkşir puddinqi, albalı piroquna rast gəlmək olar.  Süfrənin tacı isə hər zaman içi səbzə ilə doldurulmuş qızardılmış hind toyuğu olub.

Danimarka krallığına tabe olan Qrenlandiya muxtar bölgəsində isə bayram yeməkləri hələ bir neçə ay əvvəldən hazırlanır.  Bura “mattak” – balinanın dərisindən kəsilmiş piyli qatlar, “haurkal” – çürümüş köpəkbalığı əti və “kiviak” – iy verən su iti ətindən ibarət delikates daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir