Şimali Koreya lideri Kim Çen In bir neçə ay öncə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vyetnama getmişdi. Həmin vaxt o, bu görüşdə nəqliyyat vasitəsi olaraq zirehli qatar seçmişdi. Xəbərlərdə də qeyd olunmuşdu ki, Şimali Koreya rəhbəri görüşün keçiriləcəyi Hanoy şəhərinə getmək üçün yoluna avtomobil korteci ilə davam edəcək. Onun məhz bu nəqliyyat vasitəsini seçməsi isə təyyarə fobiyası ilə bağlı idi.
Bu informasiyadan çıxış edərək, dünya şöhrətli siyasətçilərin fobiyaları ilə bağlı arayış hazırlamışıq.
Corc Vaşinqton diri-diri basdırılmaqdan qorxurdu
Amerika Birləşmiş Ştatlarının birinci prezidenti Corc Vaşinqtonun ən böyük qorxusu ölümü tam təsdiqlənməmiş basdırılma ehtimalı olub. Ona görə də o, öz dəfni barədə çox düşünürdü və vəsiyyətində də bu məqam yer alırdı. Vəsiyyətində yazılmışdı ki, qulluqçuları onun ölümünə tam əmin olandan sonra dəfn prosedurları başlansın. Həmin vaxt bu, prezident barəsində ən geniş yayılmış fobiya idi və üstəlik, çox anlaşılan idi. Çünki sözügedən illərdə tibb o qədər də yüksək səviyyədə inkişaf etməmişdi və ciddi tibbi xətalara yol verilməsi ehtimalı da yüksək idi. Həkimlər olduqca tez-tez yanılırdılar və onların səhvi ucbatından sağ insanlar məzarda gözlərini açırdılar.
Napoleon Bonapart pişiklərdən qorxurmuş
Bütün dünyanı özünə ram etməyi hədəf seçən Napoleonun olduqca gülməli və qeyri-adi bir qorxusu vardı. Bu da pişiklərdən qorxu idi. Pişik görən kimi fransalı imperator düşünmək, hərəkət etmək qabiliyyətini itirir və izahedilməz bir panikaya düşürdü.
Böyük Pyotr sürünən görən kimi….
Rusiyanın nəhəng və eyni zamanda qorxunc birinci imperatoru Böyük Pyotr isə tarakan və ya hər hansı həşərat görəndə balaca uşaq kimi qorxudan əsməyə başlayırdı. Ümumən bütün həşəratlar və sürünənlər onun həyatını dözülməz etmək üçün yetərli idi. İmperatorun daha bir qəribə fobiyası o idi i, o, açıq yerlərdən və hündür məkanlardan qorxurdu. Ölkə xaricində olanda böyük saraylardan qaçırdı. Rusiyada isə kiçik və rahat məkanları tərcih edirdi.
Qəddafinin 35-ci mərtəbə qorxusu
Sabiq liviyalı diktator Muammer Qəddafinin uzun təyyarə, gəmi səfərləri qarşısında qorxusu hamını təəccübləndirirdi. Qəddafi 8 saatlıq okean üzərindən uçuşa tab gətirə bilmirdi. Ona görə də personalı alternativ marşrutlar düşünmək zorunda qalır və öz şeflərini bütün vasitələrlə sakitləşdirməyə cəhd göstərirdilər. Bundan başqa, Qəddafi 35 mərtəbədən yuxarı qalxa bilmirdi. Əgər çox vacib danışıqlar belə hündürlükdə aparılmalı olurdusa, onu, sadəcə, ləğv edirdilər.
O boyda Çörçile danışmaqdan qorxurdu
Vinston Çörçili dünya Böyük Britaniyanın əzəmətli baş naziri kimi tanıyırdı. Amma o, geniş publika qarşısında çıxış etməkdən və kəkələməkdən qorxurdu. Bu da artıq fobiya həddinə çatmışdı. 29 yaşında ilk dəfə parlamentə seçiləndə Palata qarşısında çıxış etməli idi. Amma o, çıxış etmək əvəzinə, sadəcə, dəhşət içində susaraq, publika qarşısında dayanmışdı. Daha sonra isə oturmuş və panika içində əlləri ilə üzünü qapamışdı. O, sonralar bu qorxusunu bütün çıxışlarını öncədən hazırlayıb, əzbərləməklə kompensasiya edirdi.
Hitlerin stomotoloq fobiyası
Tarixin ən qəddar və qorxunc liderlərindən olan Adolf Hitlerin də öz miqyasında qorxuları vardı. O, stomatoloq yanına getməyi ömrünün ən faciəvi hadisələrindən hesab edirdi. Hətta profilaktika məqsədilə diş həkiminin yanına getməyi də həyatının əzabına çevirmişdi. Məhz bu qorxusuna, dişində yaranan problemləri həll etmədiyinə görə fürerin ağzından çox bərbad qoxu gəlirdi.
Nikson xəstəxanalardan elə qorxurdu ki…
Amerikanın 34-cü prezidenti Riçard Nikson xəstəxanalar qarşısındakı panikasını heç nə ilə dəf edə bilmirdi. O, əmin idi ki, nə zamansa xəstəxanaya düşsə, oradan sağ çıxa bilməyəcək. 1974-cü ildə o, trombozdan əziyyət çəksə də, müalicə olunmaqdan imtina etdi. Həkimlər o vaxt ona dedilər ki, söhbət həyat və ölümdən gedir. Ona xəbərdarlıq edildi ki, prosedurlardan imtina etsə, ölümü dəqiqdir. Məhz bu xəbərdarlıq onun sözügedən fobiyasını azaltmağa səbəb oldu. Çünki o, ölümdən daha çox qorxurdu, nəinki xəstəxanalardan.
Merkel itlərdən çox qorxur
Almaniyanın kansleri Angela Merkelin it qorxusu dillərə dastandır. Onu bu dünyada qorxudan dəhşətə gətirən yeganə şey itlərdir. Bu barədə özü 2012-ci ildə verdiyi müsahibəsində bildirib. Hər şey 1995-ci ildə qonşusuna ov itinin hücum etməsi ilə başlanıb. Onun fobiyasının sərhədləri o qədər böyüyüb ki, xaricə səfər zamanı hər zaman təhlükəsizlik xidməti bu nüansa diqqət yetirir. Çalışırlar ki, kanslerin gəlişi münasibətilə yaxınlarda bir dənə də olsun it olmasın.
İnsanlar yağışdan da qorxur, düymədən də, tərəvəzdən də…
Amma tibb dərsliklərində qorxularla bağlı xeyli material var. Onlardan bir neçəsini nəzərinizə çatdıraq:
Qidrozofobiya – soyuqlamaqdan, tərləməkdən və xoşagəlməz qoxu qorxusu. Bu fobiyadan əziyyət çəkən insanlar dovşanlara, quşlara və donuzlara paxıllıq edirlər. Bunun səbəbi həmin heyvanların tər vəzlərinin olmamasıdır.
Ombrofobiya – yağış fobiyası. Bu qorxu çox ciddi hesab olunur. Çünki digər insanlara hücumla nəticələnə bilər. Yağış fobiyasının səbəbi uşaq vaxtı valideynlərin övladlarına yağış zamanı çölə çıxmağa icazə verməməsindən qaynaqlanır. Mütəxəssislər iddia edirlər ki, yağış zamanı çox insanlarda depressiya müşahidə olunur.
Filofobiya – sevgi qorxusu. Psixoloqlar hesab edirlər ki, filofoblar rədd olunmaq qorxusu ilə yaşayırlar. Filofobiya bir növ insanda inamsızlıq hissini gizlədir.
Kumpunofobiya – düymə qorxusu. İnanılmazdır, lakin insanlar arasında bu fobiyaya rast gəlinir. Dünya sakinlərinin 75 000 – i bundan əziyyət çəkir. Belə insanlara “Karolina Qarabasmalar Ölkəsində” cizgi filminə baxmaq məsləhət deyil.
Akribofobiya – oxuduğunu anlamamaq qorxusu. Belə qorxu tədricən şizofreniyaya çevrilə bilər. İnsanlarda növbəti hal baş verir: onlar oxuyan zaman cümlələri sözlərlə, sözləri isə hecalarla tələffüz edir.
Qnosiofobiya – bilik qavrama qorxusu. Adətən qnosiofobiya xəstələri böyük şəhərlərdə yaşayırlar (70%). Bu fobiya uzun müddət cəmiyyətdən kənar yaşayan “mauqli-insan”da müşahidə olunur.
Dorofobiya – hədiyyə qorxusu. Bu xəstəlikdən əziyyət çəkən insanlar hədiyyə almaqdan və hədiyyə verməkdən qorxurlar. Dorofobiya əsasını uşaqlıqda olan tənbehlər və komplekslər qoyur.
Lakanofobiya – tərəvəz qorxusu. Lakanofobiyadan əziyyət çəkən insanlar tərəvəz gördükdə təngnəfəs olurlar, ürəkbulanmayla müşahidə olan baş ağrısı keçirirlər. Belə insanlar tərəvəzlərin yanına qoyulmuş yeməkləri də yemirlər.
Penterafobiya – qayınana qorxusu. Penterefoblar qayınanaları ilə ünsiyyətə girməyə çətinlik çəkirlər.
Yuxarıda da yazdığımız kimi, dünyada o qədər qorxu növləri var ki, hamısını bir yazıda cəmləşdirmək mümkün deyil. Amma fobiyaların siyahısına və onların ehtiva etdiyi mənalara baxanda görmək olur ki, əslində ətrafımızdakı bəzi insanların səbəbini bilmədiyimiz davranışları onların qorxuları ilə bağlıdır. Məsələn, yaşından asılı olmayaraq, bəzi insanlarda tənha qalmaq qorxusu var. Tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur.
Tənhalıqdan qorxanlarla yanaşı, ölümdən qorxanlar da var. Sosiofobiya (açıq, ümumi çıxış etmə qorxusu), aqorafobiya (açıq məkan qorxusu) da müasir həyatımızda insanların həyatını əhatə edib. Diqqət mərkəzində olmaq üçün anadangəlmə yaradıcılıq xasiyyətidir (natura). Amma müəyyən edilmiş xüsusiyyətlərin nəticəsinin qəbul edilməsində səhnə və ya açıq məkan qorxusu meydana çıxır. Digərləri üçün bu daha çox səriştəsiz, gülməli, axmaq kimi görsənmək qorxusudur.
Hörümçək, siçovul, tarakan (mətbəx böcəyi), ilan, təyyarə, bədheybət, iblis (şeytan), güzgü, kompüterin söndürülmüş monitoru, dikdaban qorxusunu da klassik qorxular siyahısına əlavə etmək olar.
Dəli olmaq (ağlı itirmək, havalanmaq) qorxusunu da ümumi siyahıya aid etmək olar. Bunu ancaq abstrakt təsəvvürlə (anlayışla) düşünən insanlar hiss edir. Adətən bu cür insanlar ruhani dünyanı, kainatı (aləmi) tanımağa, dini, fəlsəfəni, fizikanı öyrənməyə çalışan kəslərdir. Bu kəslər, ona bir az dəlisov da gəlsə, müdhiş ideyanı yaratmaq qabiliyyətindədir.
Təsəvvür etməzsiniz, amma insanların qorxaq olmaq qorxusu da var. Və bu, özünü daha çox gənc insanlarda göstərir ki, sonuncular bunu əsl kişi qorxusu hesab edirlər. Qadınların bir çoxu da bu hissi keçirir. Buna görə də bu qorxu kişilər kimi qadınlara da bəzi vaxtlarda hazır olmaq (vəziyyəti idarə etmək, düzgün qərar qəbul etmək), lazım olduğunda özünü zəifləməyə imkan verməmək barədə yardımçı olur.
Yaxşı, əgər insanda hansısa qorxu varsa, onun müalicəsi yoxdurmu? Fobiya müalicələrində, ümumiyyətlə, dərman və bunun yanında psixoterapiya tətbiq olunur. Dərman müalicəsi əksər hallarda qeyri-kafi olduqda sakitləşdiricilərə (antidepresanlara) müraciət edilir. Bundan başqa adamı qorxusuyla üzləşdirərək müalicənin həlli ilə nəticələnəcək əməliyyatlar tətbiq olunur. Fobiyaların üzərinə gedərək, bu fobiyaların aradan qaldırılması və adamın artıq özündə qorxu hissi yaradan obyekt və ya vəziyyətdən zamanla narahatlığının azalması gözlənilir.Fobiyalar, müalicə nəticəsində bir anda aradan qalxa biləcəyi kimi, bu yaxşılaşma daha uzun zaman da ala bilər.
Ölkəmizdə fobik insanların fobiyaları, ümumiyyətlə, bir xəstəlik və ya keçici bir psixologiya pozğunluğu olaraq görüldüyünə görə, açığı, müalicəsi ilə çox məşğul olmaq istənilmir və tibbi bir dəstək alınmır. Lakin bu vəziyyətin fobiyanı daha da artıra, zamanla daha pis hal ala biləcəyini valideynlər və yetkin şəxslər yaxşı bilinməlidir.
Aqrofobiya – küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.
Spesifik fobiya – heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar.
Sosial fobiya – daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış əsəb pozuntularıdır: fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir.
Sevinc TELMANQIZI