Günəşli yatağının 10-cu Dərin Dəniz Özülündə baş verən faciədən 5 gün keçir. Azərbaycan və dünya hələ də bu qəzadan danışır, onun detalları mediada müzakirə olunur, ekspertlər rəy bildirirlər. Amma tarixi faktlar sübut edir ki, dünya miqyasında neft qəzaları tarixin müxtəlif dönəmlərində olub və böyük səs-küy yaradıb.
Son 20 ilin ən böyük neft qəzaları adı altında aşağıdakı qəzaların siyahısı verilib. Bu, bir çox mənbələrdə aşağıdakı qaydada sıralanıb.
Birincisi, 1990-cı ildə Küveytdə baş verəndir. O zaman İraqla beynəlxalq güclər arasında savaş gedirdi. Onların hücumunun qarşısını almaq üçün iraqlılar dənizə neft tökmüşdürlər ki düşmən desantının sahilə çıxa bilməsin. Bunun sonu: dənizə 1,5 milyon ton axıdılıb, 1,5 kv km ərazi zibillənmiş, sahilin 600 km neft içində idi. Bu kimi olayın qarşısını almaq üçün Amerika təyyarələri bir çox neft mədənlərini bombalanıb, nəticədə sonunda yanğınlar baş verib.
1997-ci ildə rus gəmisi “Naxodka” Çinlə Kamçatka yarımadası arasında batıb, ondan 19 min ton neft suya axıdılıb. Nəticədə 50 kv km su ləkəsi yaranıb.
1998-ci ildə Liberiya gəmisi olan “Pallas”dan Danimarka yaxınlıqlarında çox miqdarda neft suya axmış və yanğın baş verib. Almaniya, Danimarka, Hollandiya sahilləri neftə boyanıb.
2000-ci ildə Braziliyada Rio de Janeyro şəhəri yaxınlığında neft kəmərindəki qəza sonucunda okeana 1,3 ton neft dağılıb. Bu ərazidə buna bənzər daha bir qəza 9 il sonra baş verib.
2002-ci ildə İspaniya gəmisi “Prestij” qəzaya uğramış, dənizə 90 min ton neft axıdılıb.
Pakistan sahilləri yanında 2003-cü ildə “Tasman Spirit” gəmisinin qəzaya uğraması sonu okeana 55 min ton neft tökülüb. Suda neft ləkəsinin diametri 40 kv km qədər olmuş, çoxlu dəniz heyvanları, balıqlar və quşlar ölüb.
2006-cı ildə Filippin gəmisinin qəzaya uğraması nəticəsində sahillərin 300 km neftə bürünüb, 500 hektar meşə, balıqlar, heyvanlar məhv olub. 15000 insan zərər çəkib.
2007-ci ildə Rusiyanın gəmisinin Kerç boğazında qəzaya uğraması sonu 2000 ton mazut dənizə tökülüb. 30 000 quş ölüb.
Həmən ildə cənubi Koreyanın Tenan limanında qəza nəticəsində 15 min ton neft suya tökülüb. O zaman limanda duran gəmini orada işləyən kran deşib.
2009-cu ildə Rusiyanın Samara vilayətində baş vermiş gəmi qəzası sonu Volqa çayına 3 ton mazut tökülüb, suda neft ləkəsinin uzunluğu uzununa 12, eninə 35 km çatıb.
2010-cu ildə Meksika körfəzində BP-nin dəniz mədənində baş verən qəza nəticəsində on minlərlə ton neft suya tökülüb, təbiətə, eləcə də ABŞ-la Meksika iqtisadiyyatına böyük ziyan vurulub. Bu ən böyük qəza idi.
Ən çox can alan qəzalar…
Digər tarixi mənbələrdə isə aşağıdakı qəzaların siyahısı var:
Tarix boyu ən çox can aparan faciə Şimal Dənizində -Piper Alpha neft platformasında baş verib. 6 iyul 1988-ci ildə qaz sızması və eləcə də şəxsi heyətin düşünülməmiş və inamsız qərarları nəticəsində həmin an platformada olan 226 nəfərdən cəmi 59-unun həyatını xilas etmək mümkün olub. Partlayışdan dərhal sonra buruqda neft və qaz çıxarılması dayandırılsa da, platformanın boru xətləri ümumi şəbəkəyə qoşulu olduğundan uzun müddət bütün işləri dayandırmağa qərar verilə bilməmişdi. Nəticədə bütün platformaları birləşdirən həmin karbohidrogen xətti yanğının xeyli müddət davam etməsinə səbəb olmuşdu.
27 mart 1980-ci ildə Norveç neft ixracatı tarixində baş tutan ən dəhşətli faciələrdən biri baş verib. Qəza hökumətə və ümumilikdə ölkənin neft sənayesinə ciddi zərbə vurub. Faciəyə əsas səbəb buruğun beş “ayağ”ından birinin materialının köhnəlmiş olması və sınması olub. Ümumilikdə platformada çalışan 212 nəfərdən 123-ü həlak olub. Buruq aşandan bir neçə saat sonra hadisə yerinə Norveç, Danimarka, Almaniya və Böyük Britaniyadan 7 təyyarə və 19 helikopter sağ qalanların, eləcə də ölənlərin axtarışına başlayıb. Bundan əlavə doqquz hərbi və 71 sərnişin gəmisi Şimal Dənizində güclü tufan şəraitində xilasetmə əməliyyatında iştirak edib. Onlar bu cür hava şəraitində cəmi 82 nəfərin həyatını ölümdən qurtara bilmişdi.
25 noyabr 1979-cu ildə Bohai 2 qaldırımlı platforması batarkən 74 nəfər işçidən cəmi ikisi canını qurtara bilmişdi. Çin və Koreya arasındakı körfəzdə öz işinə davam edən platforma 10 şkalalıq küləyə tap gətirməyərək fırtına nəticəsində suya qərq olmuşdu.
Hesabatlara əsasən, güclü dalğa ventilyator-nasosu yerindən çıxardaraq göyərtədə bir metrlik deşik açıb. İçəri daxil olan su platformanın tezliklə tarazlığının pozulmasına və suya qərq olmasına gətirib çıxarıb.
Bunlarla yanaşı, işçi heyətinin qəza vəziyyətinə hazırlığının aşağı səviyyədə olması əsas səbəblər arasında göstərilir. Xilasedici qurğudan düzgün istifadə etməyi bacarmayan personal adi evakuasiya prossedurlarına əməl edə bilmədiyindən faciəyə səbəb olub. Həmçinin, köməkçi dartıcı qurğular da bu cür qəza vəziyyətinə hazırlıqlı olmadığından heç bir halda vəziyyətdən çıxışa yardımçı ola bilməyib.
Həm sualtı zərbələr, həm qalıqların kəsilməsiylə aparılan xilasetmə əməliyyatlarına isə düz iki il (!) sonra – 1981-ci ilin aprelində qərar verilib. Bu faciə Çin hökumətini təbii fəlakətlərə qarşı qonşu dövlətlərlə gələcəkdə birlikdə hərəkət etməyə sövq edib.
6 noyabr 1986-cı ildə baş vermiş qəza isə insan tələfatı sayına görə sayca səkkizinci ən böyük faciədir. Hadisəyə səbəb Böyük Britaniyanın Sumburgh ərazisi yaxınlığında helikopterin aşması olub. Shell-in nəzarətindəki Brent ərazisi ilə Sumburgh arasında əməliyyatlar yerinə yetirən təyyarənin transmissiyasındakı nasazlıq onun əkiz fırlanğaclarının toqquşması ilə nəticələnib. Helikopterdəki 47 sərnişindən 45-i Şimal Dənizindəki qəza yerində həlak olub. Bu faciə Britaniya hökümətinin aviasiya qurğularında təhlükəsizliyin yoxlanılması yönündə ciddi addımların atılmasına səbəb olub. Dövlət əvvəlcədən aradan qaldırılmayan və tez-tez nəzarətdən keçirilməyən ən xırda nasazlıqların belə necə böyük fəlakətə səbəb olduğunu başa düşüb…
***
Dünyadan Azərbaycana qayıdaq. Xəzərdə baş verən qəzaların statistikası da yetərincə böyükdür. Bununla bağlı siyahı da müəyyənləşib. 1983-cü ildə “Azərbaycanın 60 illiyi” adlı suüstü buruq Xəzərin şərqində suya batıb. Qazaxıstanlı tədqiqatçıların bilgisinə görə, bu günə kimi orada 187 ton dizel yanacağı və 29 ton maşın yağı qalmaqdadır. Bundan başqa, orada başqa kimyəvi maddələr də var. Onların hamısı sudan çıxarılmasa, gec-tez Xəzərin şərq sahilləri zəhərlənmiş olacaq. Monitorinqlər zamanı bilinib ki, artıq onlar az miqdarda suya sızmağa başlayıb.
1985-ci ildə Qazaxıstanın “Tengiz” yataqlarının neft-qaz ehtiyatlarının kəşfi zamanı 1167 metr dərinlikdə qəza olub. Sonunda yer üzünə və suya neft və qaz axını baş vermişdir. Bundan başqa həm də böyük yanğın olub. Odun hündürlüyü 300 metr, eni isə 50 metrə qədər çatırdı. Orada temperatur 15000C qədər yüksəlmişdir. Odu 1 il ərzində söndürə bilmirdilər. Yanğını söndürmək üçün Sovetlər Birliyinin bütün gücləri cəlb olunmuşdu. O zaman insanlar da ölmüşdür. Sonda yeraltı nüvə partlayışı ilə yanğın söndürüldü. “Tengiz” qəzası zamanı havaya və suya 3,4 ton neft, 1,7 milliard kubmetr qaz, 850 ton merkaptan, 900 ton his çıxmış və tökülüb. Qazaxıstanın Atırau vilayətində xəstəliklərin sayı xeyli artmışdır.
Daha bir qəza 2004-cü ildə baş verib. Qazaxıstan nefti ilə dolu “Merkuri-2″ adlı Azərbaycan bərəsi batıb və indiyə qədər suyun 300 metr dərinliyində qalmaqdadır. Bərənin anbarında 1000 tona yaxın neft vardır və hər il ərzində dəniz suyu onun metalını aşılayır.