-78719f11169142049850768440710482382

Dünya xalqlarının qəbul etdiyimiz və edə bilmədiyimiz ənənələri

Baxış sayı: 585

Hər bir ölkənin öz milli adət və ənənələri var. Onlar əsrlərboyu həyat tərzi, təcrübə və dini təsir əsasında formalaşır. Zaman keçdikcə bəzi ənənələr unudulur, bəziləri isə əsrlərboyu dəyişməz olaraq nəsillərdən nəsillərə ötürülür.  Bəzi ölkələrin adət və ənənələri  bir ölkənin sakinləri üçün normal hesab edilsə də, digər  insanlar üçün tamamilə qəbuledilməz ola bilər. Bu yazıda məhz belə adət-ənənələrdən  bəhs edəcəyik.

yapon

Hər ölkəyə məxsus salamlaşma qaydaları

Çində və Yaponiyada insanlar görüşəndə bir-birilərinin qarşısında baş əyir, əllərini bədən boyunca uzadırlar. Baş əymək  hörmət göstəricisi kimi sayılır və bu hərəkət daha çox cavan nəslin yaşlılara qarşı  gözəl bir jestidir.

İtalyanlar  ilk görüşdə boynunuza atılıb sizi  qucaqlaya bilərlər.  Fransızlar adətən salamlaşarkən  bir-birilərinin  yanaqlarından öpürlər.  İngilislər  isə salamlaşarkən  sadəcə olaraq “necəsən?” sualını verirlər.

Almanlar  öpüşməyi sevməyən  xalqdır, hətta soyuq  millət kimi tanınırlar. Onlar da qaydaya görə saat 12-yə qədər “sabahın xeyir” 12-dən- 17-yə qədər “günortan xeyir”, sonra isə “axşamın xeyir”deyirlər,  bəzəndə adi salamla kifayətlənirlər. Almanlar həddindən artıq mehriban və sevgi dolu insanlara pis baxırlar və onları “sırtıq” adlandırırlar.

Afrika qəbilələrindən  olan Masailər üçün tüpürmək salamlaşma və hörmət anlamındadır. Çox vaxt analar və atalar bu proseduru körpələrə də tətbiq edirlər. Beləliklə, onlar öz xoşbəxtliklərini nümayiş etdirir, uşağa sağlamlıq və uzun ömür arzulayırlar.

Taylandda heç bir halda başqasının başına toxunmaq olmaz, çünki burada baş bədənin müqəddəs hissəsi hesab olunur.

Misirdə sol əlinizlə heç nə verə və ya götürə bilməzsiniz. Sol əl onlarda natəmiz sayılır.

kofe

İctimai yerlərdə davranış qaydaları

Bir çox ölkələrdə ictimai yerlərdə  davranış qaydaları da müxtəlifdir. Məsələn, əksər ölkələrdə ictimai yerdə öz aranızda və ya telefonla yüksək səslə danışmaq, mühüm görüşdə, konsertdə, tamaşada iştirak edərkən telefonun zəngini açıq qoymaq olmaz. Lakin çox maraqlıdır ki, Hindistan və Çində ictimai yerlərdə telefonla yüksək səslə danışmaq normal sayılır.

Almaniyanın bir çox şəhərlərində  isə ictimai nəqliyyatda alkoqol qəbul etmək  qadağandır. Avtobus, metro və tramvaya pivə və çaxır şüşəsi ilə daxil olsalar da,  alkoqol şüşəsini nəqliyyatda açıb qəbul etmək qadağan edilir. Bu qaydalar Berlin, Münxen, Nürnberq, Ştutqart və Duysburqa tətbiq edilir. IC və ICE tipli sürətli qatarlara bu qayda aid edilmir.

İctimai nəqliyyatda, həmçinin yemək-içmək xoş qarşılanmır. Burada əgər siz yeməyiniz və ya içkinizlə oturacağı çirkləndirsəniz, o halda 40 avro cərimə ödəməlisiniz. Çox qəribə səslənsə də, lakin Almaniyada yaşlılara yol vermək də qadağandır. Bu ölkədə ümumiyyətlə, yaş məhdudiyyəti yoxdur.

BƏƏ-də küçələrdə əl-ələ tutmaq olmaz.  Burada  birlikdə səyahət edirsinizsə, əl-ələ tutmağa, qucaqlaşmağa və ya bir-birinizə olan hisslərinizi ictimai yerlərdə göstərməyə çalışmayın.  Bu tip hərəkət edən insanlar nəinki cərimələnə, hətta ölkədən  deportasiya belə oluna bilər.  İndoneziyada da  ictimai yerdə öpüşmək qadağandır. Bu qaydaya riayət etməyənləri  10 ilə  yaxın  həbs cəzası gözləyir.

İtaliyada   ictimai yerdə köynəksiz gəzmək  və yaxud fəvvarələrdə çimmək olmaz.

Bir çox  ərəb ölkələrində ictimai yerlərdə siqaret çəkmək böyük cərimələrə səbəb ola bilər. Buna görə hətta 2 il həbs cəzası var.

yemek

Qonaqpərvərlik və süfrə adət-ənənələri

Masada davranış qaydalarına riayət etmək vacibdir.  İtaliya, İspaniya və İngiltərədə yaşayan insanlar qonaqpərvərdirlər.  Bu ölkələrdə yaşayan insanlar adətən dəvət etdiyi qonaq üçün gözəl süfrə açaraq onları yüksək səviyyədə qarşılayırlar.  Əsasən İtaliyada yemək zövq alaraq yeyilməlidir, buna görə də kimsə istəmədiyi bir yeməyi yeməyə məcbur edilməz.

Almanlar isə əksinə sizi yalnız  bir fincan qəhvəyə dəvət edə bilərlər. Ən yaxşı halda onlar sizə qəhvənin yanında  şirniyyat təklif edəcəklər.

Fransızlar evə yalnız yaxın dostlarını dəvət edirlər.  ABŞ və Norveçdə  isə qonaqları dəvət etmək ənənəsi yoxdur. Bu ölkələrdə yaşayan insanlar adətən dostları ilə kafe və restoranlarda görüşlər. Yeganə istisna, qonaqların dəvətnamə ilə əvvəlcədən xəbərdar edildiyi vacib ailə bayramları ola bilər.

Bir çox ölkələrdə qonaq gedərkən çiçək hədiyyə etmək adi haldır. Lakin Çində deyil. Çinlilər düşünürlər ki, kəsilmiş çiçəklər ölüm simvoludur, çünki onlar tez solurlar. Çox maraqlıdır ki, Çinlilər süfrə arxasında oturarkən gəyirməyi normal hesab edirlər. Onların düşüncələrinə görə bu, yeməyin dadlı olmasının göstəricisidir.

Efiopiya maraqlı süfrə mədəniyyəti ilə tanınmaqdadır. Məsələn, səhər yeməyi zamanı “ıncera” adlı ənənəvi çörək yeyilir. Diametri azı bir metrə çatan çörək həm yemək, həm də boşqab rolunu oynayır. Bu çörəyin üzərinə ət, düyü, kartof və müxtəlif souslar əlavə olunur.

Qafqaz xalqları isə əsasən tost deməkləri ilə məşhurdurlar. Hətta bu bacarıqda onların tayı-bərabəri yoxdur. Maraqlıdır ki, monoloq zamanı  heç bir qonaq qədəhində olan içkini  içməməlidir və söylənən  nitqi sona qədər dinləməlidir.

Əfqanıstanda da süfrə mədəniyyəti ilə bağlı maraqlı məqamlar mövcuddur. Məsələn, burada  qonağı qapıdan ən uzaq küncdə otuzdururlar.  Əfqanıstan  sakinləri yeməyi ancaq sağ əllə yeyirlər.  Burada əgər çörək yerə düşsə, onu qaldırıb öpmək, alına qoymaq və bundan sonra yemək lazımdır. Bu ölkədə  hətta bir çoxları küçədə yerə atılmış çörəyi öpərək hündür bir yerə qoyurlar.

Qeyd edək ki, Estoniyada da yerə düşən çörək  mütləq öpülür.

Almaniyada, həmçinin  ümumi bir masa arxasında oturaraq hər kəsə yaxşı iştah  arzulamaq mütləqdir. Macarıstanda qədəhləri döymək, Yunanıstanda isə şəkil və ya gözəl güldanı tərifləmək məsləhət deyil, əks halda ev  sahibi onu sizə vermək məcburiyyətində qalacaq.

Fransızlar heç vaxt çörəyi  dişləmirlər, kiçik parçalara ayırıraraq yeyirlər.

valideyn

 

Fərqli tərbiyə qaydaları

Dünyanın müxtəlif ölkələrinin fərqli uşaq tərbiyə qaydaları mövcuddur. Bu adət- ənənələrə nəinki  valideynlər, ətrafdakılar da əməl etməyə çalışırlar.

ABŞ və İngiltərədə körpəlikdən  uşaqda özünəinamı formalaşdırmağa, hər hansı nailiyyətlərinə görə onu tərifləməyə, özünəhörmətini artırmağa çalışırlar. Məktəblərdə uşaqlara fərdi xüsusiyyətlərini açıq şəkildə nümayiş etdirmək, öz fikirlərini müdafiə etmək və həmyaşıdları arasında fərqlənməyə çalışmaq tövsiyə olunur.

Çində uşaqların  tərbiyəsinin əsası onların itaətindədir. Uşaqlara beşikdən hər şeydə valideynlərinə itaət etmək və onların bütün tələblərini yerinə yetirmək öyrədilir. Uşaq heç bir məsələdə böyüklərlə mübahisə edə bilməz. Eyni zamanda, çinlilər uşaqları nadir hallarda tərifləyirlər. Məktəbdə bu rolu müəllimlər üzərinə götürür.  Məktəbdə 100 ballıq qiymətləndirmə sistemi əsasında xüsusi qiymətləndirmə sistemi qurulur. Şagirdlərin  topladığı ballar ümumi lövhədə paylaşılır.  Adətən pis nəticə göstərən  şagirdlər  məktəbdən xaric olunur.

İsveç, Finlandiya və Norveçdə, əksinə  uşaq böyüklərdən heç bir fərqi olmayan tam hüquqlara sahib  vətəndaş  hesab olunur. Onun öz hüquq və vəzifələri var. Bu ölkələrdə uşaqlara qarşı hər hansı fiziki cəza qanunla qadağandır.

Fransada uşaqlara müstəqil olmağı öyrətmək üçün onları mümkün qədər erkən yaşlarından uşaq bağçalarına göndərməyə çalışırlar.

İtaliyada uşaqlar daha çox  ərköyün böyüdülür. Burada uşaqlara daha çox sərbəstlik verilir.  Bu ölkədə  uşaqlar  küçədə yad insana  rahatlıqla  sual verə və ya istənilən məqamda fikirlərini bildirə bilərlər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir