bosanma

Dünyada boşanmaların 4 əsas səbəbi – Bəs Azərbaycanda ailələri hansı problemlər dağıdır?

Baxış sayı: 556

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hər birinin öz hekayəsi var” – Lev Tolstoy.

Doktor Pol Popnon ailə vəziyyəti üzrə ən nüfuzlu mütəxəssislərdən biri hesab olunur. O, Ailə Münasibətləri İnstitutunun başçısı olaraq, minlərlə boşanan insanlar arasında anonim sorğu keçirir və minlərlə cavaba nəzər salır. Sorğu nəticəsində məlum olur ki, nikahdakı uğursuzluqlar, əsasən aşağıda sadalanan 4 səbəbdən birinə görə baş verir. O, həmin fikirləri ardıcıllıqla sadalayır.

1.Seksual uyuşmazlıq

2.Xarakter müxtəlifliyi

3.Maliyyə çətinlikləri

4.Əqli, fiziki, yaxud müxtəlif xəstəliklər.

Göründüyü kimi müxtəlif səbəblər var. Bəs Azərbaycanda necədir? Boşanmaların səbəbləri Polun araşdırmaları ilə üst-üstə düşürmü?

Sosioloq Sahib Altay Azərbaycanda son dövrlər boşanmaların artan səbəblərindən danışarkən Azərbaycanda boşanmaların sayının artması səbəblərini belə xarakterizə etdi:

Məsələlərə hissi deyil, praqmatik yanaşma

“Boşanma sosial problemlər siyahısına daxil edilən məsələdir. Sosial problemləri artıran ilk səbəblər insan sayı ilə düz mütənasiblik təşkil edir. Yəni yer kürəsində insanların sayı artdıqca, insan davranışlarındakı mənfi hallar da çoxalır. Həmçinin insan sayının artması bağlanan nikahların artması və boşanmaların sayının artması deməkdir. İnkişaf birmənalı proses deyil, onun bərabərində gətirdiyi problemlər də var. Məsuliyyətlər çoxalır ki, buna qarşı dözümsüzlük halları da baş verir”.

O qeyd edir ki, dəyərlər öz hökmünü itirdiyi üçün insanlar kiçik səbəblərə görə ailə tamlığını pozurlar: “Əvvəllər insanlar arasında münasibət qurmaq o qədər də asan deyildi. Özünəməxsus çətinlikləri var idi. Ailə anlayışı tam formalaşdıqdan sonra onun üzərinə yüklənmiş müqəddəslik prinsipi mövcud idi. O səbəbdən ailəni qorumağa can atırdılar. Mental baxımdan boşanmaya həm kişi, həm qadın tərəfindən pis baxılırdı. İnsanların bir araya gəlməsi və ayrılması çətin olduğu üçün hüquqi, mental, əxlaqi və s. baxımından ciddi bir səbəb olmadan boşana bilməzdilər. Eyni zamanda iqtisadi yöndən də dəstəklənmirdi. Bu, ailə qurumunun ailə institutunu ayaqda saxlaması üçün idi. Əgər boşanma hadisələri artsaydı, o zaman ailə anlayışı da sıradan çıxacaqdı. Artıq insanlar qurumlar əsasında formalaşır. İnsanların mənəvi və sosial davranışları onların zamanında sahib olduqları və üzərində əmək sərf etdikləri iqtisadi quruluşa əsasən müəyyənləşir. Məsələn, feodalizmin formalaşdırdığı insanla kapitalizmin formalaşdırdığı insan fərqlilik təşkil edir. Hazırda insanlar məişətdaxili məsələlərdə bir-birinə qarşı fədakar, anlayışlı, dözümlü deyillər. Məsələlərə hissi deyil, praqmatik yanaşırlar. Biz mental toplumuq. Amma əvvəlki dövrlərlə müqayisədə yumşalmalar var. Əvvəllər xanımlar ailə qurarkən ailəsi deyirdi ki, “sənin o evdən yalnız cəsədin çıxa bilər”. Məhz belə radikallıq nümayiş etdirmək naminə olsa da, ailəni ayaqda saxlamağa çalışırdılar. İndi vəziyyət dəyişib amma boşanmanın kütləvi hal alması mənfi davranışdır. Ona görə ki, boşanmadan sonra atasız, anasız böyüyən uşaqlar var”.

 

Maddi məsələlər mənəvi problemlər kimi üzə çıxırsa…

Ekspert deyir ki, boşanmanın digər bir səbəbi kimi xəyanət faktorunu göstərirlər: “Deyirlər ki, əvvəlki dövr ilə müqayisədə xəyanətlərin sayı çoxalıb. Lakin bu, heç də belə deyil, sadəcə olaraq indi gizli qalmır. Və internet bunu daha da mümkünsüz edir. İnsanların daha işsizlik səbəbindən gələcəyə sığortası yoxdur. Gənclər ailə qurur, amma ailəni ayaqda saxlamaq, uşağı müasir tələblərə uyğun böyütmək üçün zəmanət yoxdur. İşləyənlər isə ailələri ilə doğru şəkildə vaxt keçirə bilmir. Bütün enerjilərini işə sərf edirlər. Maddi məsələlər mənəvi problemlər kimi üzə çıxır. Bəzi insanlar isə münasibət qurarkən sevgililik dönəmini ailədə davam etdirə bilmirlər. Çünki evlilikdən öncəki münasibətlərdə cinslər bir-birinə şəxsi dəyərlərinə görə qiymət verirlər. Zahiri görkəm, xarakter, maddiyat və s kimi amillər rol oynayır. Ailə qurub uşaq sahibi olduqdan sonra isə kişi və qadının münasibətləri şəxsi dəyərlərdən əlavə, həm də uşağa görə formalaşır. Bu zaman kişi qadını nümayiş etdirdiyi analıq, yaxud əksinə, qadın kişini uşağa göstərdiyi atalıq davranışlarına görə dəyərləndirir”.

 

“Sənə bircə bu uşağa görə dözürəm” kəlməsi…

Psixoloqlara görə, evlilikdə ən çox rast gəlinən, problemlərə səbəb olan məsələ, əslində, tərəflərin evlilikdən uzunmüddətli xoşbəxtlik gözləmələridir.

Amerikalı antropoloq Paul Bohannan boşanmalar üzərində uzun illər araşdırmalar aparıb və əsasən boşanma səbəblərinin nə olduğunu müəyyənləşdirməyə çalışıb. Bohannana görə, evliliyin dağılması təkcə hüquqi müstəvidə baş vermir. Ayrılan cütlüklər əslində, bir-birilərindən yox, bir çox şeydən də boşanmış olurlar. O, bu nüansları fərqli başlıqlarda birləşdirib.

1.Hüquqi boşanma – ayrılan cütlüklər arasında birinci növbədə qanuni boşanma baş verir. Bu, hüquq və məhkəmə qarşısında baş verən boşanmadır.

2.İqtisadi baxımdan boşanma – ayrılan tərəflərin illərlə birlikdə qurduqları bütün maddi varlıqlarını ayırması, sahib olduqları varlıqları artıq bir-birləri ilə paylaşmayacaqları, paylaşmaq məcburiyyətində olmadıqları mənasına gəlir.

3.Duyğusal boşanma – Bu, məyusluqla da olsa, bir zamanlar çox sevdiyimiz birinin həyatınızdan çıxıb getməsini qəbul etməkdir.

4. Psixoloji boşanma – Bu, yuxarıda sadaladığımız boşanma halları baş tutduqdan sonra, hətta boşandıqdan bir neçə il sonra belə nəzərəçarpan haldır. Boşanan insanlar bəzən illərlə özlərini yarımçıq, tərk edilmiş kimi hiss edir, həyatda tək olduqları ilə barışa bilmirlər. Bohannanın boşanmayla bağlı bu yanaşması, əslində, prosesə daha dərin və dolğun baxmağa, onu dərk edib anlamağa yardımçı olur.

5. Valideynlikdən boşanma – Bu isə uşaqlı ailələrin ayrılarkən həm də ortaq valideynlik vəzifələrindən imtina etməsi, yaxud da valideynlik vəzifələrini əvvəlki qədər məsuliyyətlə icra etməmələri mənasına gəlir.

Boşanmadan ən çox əziyyət çəkənlər də, məhz uşaqlardır. Hər davada, baş verən hər mübahisədə valideynlər məhz uşağı günahlandırır, onu təqsirkar bilir. “Sənə bircə bu uşağa görə dözürəm” kəlməsi uşaqların çoxunda belə fikir formalaşdırır ki, boşanmaya səbəb onlardır və buna əngəl ola bilmədiklərinə görə özlərini günahlandırırlar.

Uzman-klinik psixoloq Narınc Rüstəmova boşanmanın uşaqlara təsirləri mövzusuna toxundu və qeyd etdi ki, valideynlər uşaqlara boşanmanı onların psixoloji vəziyyətlərinə uyğun şəkildə izah etməlidir.

Belə ailələrdə böyüyən uşaqlarda…

“Bir övladın ata-anadan görə biləcəyi məhəbbətin, qayğının onun tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında əvəzsiz rolu var. Boşanma prosesində vacib faktorlardan biri də uşağın psixo-emosional vəziyyəti, yaşı, hansı yaş qrupuna aid edilməsidir. Təbiidir ki, azyaşlı uşağın böyük yaş qrupunda olan uşağa nisbətən ana-atasının ayrılmasını və boşanma prosesini qəbul etməsi çətin olacaq. Uşaqların, xüsusilə 6-7 yaş dönəminə qədər ailədə şiddətə şahid olması, boşanma hallarının baş verməsi onların psixologiyası üçün risklidir. Və gələcək həyatlarında bir çox problemlərin təməlinin qoyulması deməkdir. Artıq digər yaş qrupları ilə müqayisədə 7-8 yaşdan sonra uşaqlar bu prosesləri dərk etdiyi üçün həzm edə, anlaya bilirlər. Belə ailələrdə böyüyən uşaqlarda özgüvən əskikliyi, daxili aqressiya, natamamlıq kompleksi və itirmə qorxusu yaranır. Bu proseslərin fonunda onlarda bir çox psixoloji travmalar da meydana çıxır. Biz hər zaman bildiririk ki, cütlüklər bir fərd olaraq, həyat yoldaşı olaraq ayrıla bilər, ancaq ana-ata olaraq məsuliyyətlərini, uşaqları ilə bağlı münasibətlərini dərk etməli və hər zaman yerinə yetirməlidirlər. Lakin bunu da təəssüflə bildirmək lazımdır ki, bu aksiomu, fikri real həyatda bir çox hallarda görə bilmirik”.

 

Uşaq ana-atasına göstərə bilmədiyi reaksiyanı…

Ekspert deyir ki, hər bir insanın stress qarşısında reaksiyası fərqli olur və bu hal uşaqlarda da belədir:

“Xüsusən də boşanma ərəfəsində valideynləri arasında ailədaxili konflikt, psixoloji və fiziki şiddət görən uşaqlar bu situasiyada fərqli reaksiyalar göstərə bilər. Məsələn: hansısa uşaq bu vəziyyətdə həyəcan-təşviş və ya davranış pozuntusu nümayiş etdirə bilərsə, başqa bir uşaq sakit oturub öz cizgi filmini izləməyə davam edə bilər. Bu proseslər uşaqların istər bağça, istərsə də məktəb həyatına, bağça yoldaşları, sinif yoldaşları və müəllimləri ilə münasibətinə də təsirsiz ötüşmür. Onlarda zamanla ətrafındakı insanlara qarşı aqressiya, güvənsizlik kimi xüsusiyyətlər formalaşır. Yəni uşaq ana-atasına göstərə bilmədiyi reaksiyanı zamanla daha şiddətli formada ətrafındakılara, öz yaşıdlarına göstərməyə başlayır”.

 

Qız uşaqlarında kişilərə, oğlan uşaqlarında isə qadınlara qarşı…

Psixoloq bildirir ki, qız uşaqlarının xüsusən 3-6 yaş arası ataya, oğlan uşaqlarının isə anaya ehtiyacı olur. Boşanma və konfliktlərin bu dönəmlərdə olması uşaqların psixoloji vəziyyətində, hətta gələcəkdə də, korreksiya edilməsi çətin olacaq izlər qoyur:

“Bunlar uşağın cinsi kimliyində də problemlərin yaranmasına gətirib çıxara bilir. Atanı görməyən qız uşaqlarında və ananı görməyən oğlan uşaqlarında zamanla cinsi kimliklərində, şəxsiyyət kimi formalaşmasında müəyyən problemlər üzə çıxa bilir. Məsələn: atadan uzaq olan qız uşaqlarında zaman keçdikcə “maskulen” dediyimiz kişilik xüsusiyyətləri, oğlan uşaqlarında isə “feminən” dediyimiz qadına xas xüsusiyyətlər, davranışlar özünü büruzə verir. Qız uşaqlarında kişilərə, oğlan uşaqlarında isə qadınlara qarşı şübhə, aqressiya yarana bilir.

Boşanma halları və ailə konfliktləri bütün ailələrin həyatında yarana biləcək, baş verə biləcək bir prosesdir. Təbii ki, arzumuz bütün ailələrin xoşbəxt yaşamasıdır. Ancaq boşanma ayıb bir şey deyil. Bunu belə təlqin etmək, xüsusən uşaqlara bu tərzdə aşılamaq doğru deyil. Bütün ailələr xoşbəxt və firavan yaşasın”.

 

Xəyanətə görə təzminat?

Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəzi xarici ölkələrin qanunvericiliyində, xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və mənəvi zərər məsələsinə baxılmır.

 

Bəs bu praktika ölkəmizdə tətbiq edilə bilər?

Hüquqşünas Babək Həmidov bildirir ki, bu qanuna görə mümkün deyil. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulsa da, tərəflər aralarında rəsmi qaydada nikah müqaviləsi bağlamırlar:

“Qanunverici orqan olan Milli Məclis belə bir məsələni müzakirəyə çıxarıb, qanunla ailə məcəlləsində dəyişiklik edəcəyi təqdirdə ola bilər. Ailə məcəlləsində ümumi mənada göstərilən forma var. Orada sırf konkret olaraq xəyanət yox, ümumi mənada mənəvi zərər, mənəvi təzminatla bağlı məsələlər həll edilə bilər. Lakin bu, təcrübədə işlək olmayan formadır. Bu kimi mövzuların işlək olması üçün tərəflər evlənmədən öncə nikah müqaviləsi bağlayıb orada qeyd edə bilərlər ki, tərəflərdən biri xəyanət edəcəyi, başqa şəxslə qeyri-rəsmi münasibət yaşayacağı təqdirdə, əmlakdan və birgə mülkiyyətdən məhrum edilsin. Yaxud da orada göstərildiyi məbləğdə təzminat ödəməlidir”.

 

“Alimet fondu” ideyası gerçəkləşsə…

B.Həmidov, həmçinin uşaqlı və işsiz qadınların boşanmadan sonra sosial müdafiəsinin təmin olunması istiqamətində qanunvericilikdə hər hansı dəyişikliyin olub-olmayacağına da cavab verdi:

“Sosial müdafiə ilə bağlı konkret olaraq ailə məcəlləsində göstərilir ki, boşanmadan sonra övladın saxlanması üçün valideyn digərindən aliment tələb edə bilər. Ailə məcəlləsində qeyd olunanlar sırf bunlardan ibarətdir. Baş verəcək dəyişikliklər isə qanunverici orqanın səlahiyyətində olan bir mövzudur. Daha yaxşı olar ki, aliment tələbləri ilə bağlı aliment fondunun yaradılması ideyası həllini tapsın. Fond yaradılacağı təqdirdə artıq alimentin ödənişində olan problemlər aradan qaldırılacaq”.

 

Ayşən Rəhim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir