Tarixdə xeyli hadisələr var ki, onların sirri hələ də açılmayıb. Maraqlı olacağını nəzərə alıb, xarici KİV-lərə istinadən dünyada bu günə qədər sirri çözülməyən 18 ilginc faktı təqdim edirik.
1.Qorilla Kokonun son sözləri…
Hər kəsin sevimlisi olan məşhur qorilla Kokoya insanlarla ünsiyyət qura bilməsi üçün işarə dili öyrədilirdi. Onun məşqçisi Francine Patterson müsahibələrinin birində qeyd edib: “Bir dəfə Kokonun baxıcılarından biri ondan ölümlə bağlı suallar soruşmağa başladı. Baxıcı Kokoya bir skelet göstərdi və dedi: “Bu diridir, yoxsa ölü?”, Koko “ölüdür”, dedi.
Baxıcı soruşdu: “Heyvanlar öləndə hara gedirlər?”
– “Bu, rahat bir çuxurdur”,- deyə Kokonun cavabı hər kəsi mat qoydu.
2. Damarlarında qan olan 2000 illik cəsəd
Xin Zhuinin məzarı ölümündən 2000 il sonra Çində Mavangdui adlı təpədə bir çox qiymətli əsər və sənədlərlə birlikdə tapılıb. Bura qədər hər şey normaldır. Ancaq hər kəsi təəccübləndirən ölümündən min illər keçməsinə baxmayaraq, onun bədəninin sirli şəkildə çox yaxşı qorunması idi. Cəsədin bütün orqanları və qan damarları yerində idi. Hətta damarlarında az miqdarda A tipli qan var idi. Saçları və kirpikləri də bütöv halda qalmışdı. Elm adamları onun mədəsində qovun toxumu tapıblar və bununla da onun yayda bostan mövsümündə öldüyünü ehtimal edirlər.
Daha bir maraqlı fakt, cəsəddə sirli bir maye də tapılmışdı, hansı ki, onda maqnezium qalıqları da var idi. Ehtimal edilir ki, bədənin çox yaxşı qalması məhz bu maye ilə bağlıdır. Elm adamları hələ də bu sirli mayenin nə olduğunu tapa bilmirlər.
3. Aldığı travmadan sonra musiqi dahisinə çevrilən insan
2006-cı ilin oktyabrında Derek Amato suya dalma zamanı hovuzun dibinə dəyərək, ciddi sarsıntı keçirib. Aldığı travmadan Derek saçının 35%-ni və yaddaşının bir hissəsini itirib. Lakin qəribə bir hal ortaya çıxıb – travmadan sonra Derekdə gözlənilmədən musiqi istedadı ortaya çıxıb və o, məşhur bəstəkara çevrilib.
Doğrudur, dünyada bu cür hallar olub, travmadan sonra kimlərdəsə musiqi marağı ortaya çıxıb. Lakin onlar Derek qədər dahi ola bilməyiblər.
4. Avstraliyada tez-tez ortaya çıxan bulud Hektor
Avstraliyadakı Tivi adalarında hər ilin sentyabr-mart ayları arasında demək olar ki, hər gün günortadan sonra Hektor adlı fırtına buludu görünür. “Konvektor Hektor” kimi də tanınan Hektor ən ardıcıl fırtınalardan biri kimi qeyd edilib. İkinci Dünya müharibəsi zamanı pilot tərəfindən adlandırılan bu bulud hələ də bir çox meteoroloji tədqiqatların mərkəzi olaraq qalır. Bir çox meteoroloqlar Hektor kimi hadisələri tədqiq etsələr də, fırtınanın niyə görünməyə davam etdiyinə dair tutarlı izahat tapa bilmirlər.
5. Sirli “Rəqs epidemiyası”
1518-ci ildə Strasburqun Elzas əyalətində olduqca maraqlı bir epidemiya ortaya çıxmışdı. “Rəqs epidemiyası” kimi adlandırılan bu qəribə vəziyyət 400 nəfərin dayanmadan və istirahət etmədən rəqs etməsinə səbəb olmuşdu. Nəticədə insanların bəziləri infarkt, yorğunluq və ya insult kimi səbəblərdən dünyasını dəyişmişdir. Bu qəribə vəziyyət 1518-ci ilin iyulunda Miss Troffea adlı qadının Strasburqun ortasında nəzarətsiz şəkildə rəqs etməyə başladığı zaman yaranıb. Xanım Troffea daha 34 nəfər qoşulub və tezliklə onların sayı 400-ə çatıb. Bir nöqtədən sonra gündə 15-ə yaxın insanın ölümünə səbəb olan epidemiyanın fövqəltəbii səbəblərdən qaynaqlanmadığı anlaşıldı. Həkimlər və rəsmilər bu epidemiyanın “isti qan”dan qaynaqlandığını iddia etdilər. Həkimlər xəstələri müalicə etmək əvəzinə onlara taxta ev tikərək “rəqs etməyi” təklif ediblər. Hesab olunur ki, hətta peşəkar müasir marafonçular belə gərgin məşqlərə tab gətirə bilməzlər.
Elm adamları hələ də epidemiyanın nədən qaynaqlandığına tam əmin deyillər.
6. Divara basdırılan 100 illik motosiklet
Bu günə qədər heç kim 100 illik motosikletin divara necə basdırıldığını izah edə bilməyib. Ümumiyyətlə, bir çox kolleksiyaçılar bu unikal motosikletin niyə divarın içində gizlədildiyini başa düşə bilmir.
7. Heç kimin anlamadığı əlyazma
Təxminən 500 il əvvəl naməlum müəllifin naməlum dildə yazdığı mətn tapılıb. Əlyazma mətni 1912-ci ildə İtaliyaya gətirilib. Mətnin Şimali İtaliyada yazıldığı güman edilir. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi dövründən bir çox kriptoqraflar və kod-krakerlər onun üzərində çalışsalar da heç kim mətndə əslində nəyin deyildiyini öyrənə bilmədi. Bunun kiminsə xüsusi olaraq yazdığı bir zarafat ola biləcəyini düşünənlər də var. Lakin mətn 272 səhifədən ibarətdir və bu zarafat ehtimalını sıfıra endirir. Son zamanlar bu əlyazmanın qadın sağlamlığına dair tibbi kitab olduğu nəzəriyyəsi irəli sürülüb, lakin bu nəzəriyyə də sübuta yetirilməyib.
8. Kleopatra və onun sevgilisi Antoninin hələ də tapılmayan məzarları
Maraqlıdır ki, bu günə qədər əslində Kleopatra və onun sevgilisi Antoninin məzarı tapılmayıb. Lakin onlar məzarı tapılmayan yeganə məşhurlar deyil. Məlum olduğu kimi dahi bəstəkar Motsart və Çingiz xanın da məzarı bu günə qədər tapılmayıb.
9. Kanadada yoxa çıxan kənd camaatı
Kanadadakı İnuitlər nadir hallarda xəz ovlayanların tanıdığı kiçik bir kənd idi. 1930-cu ildə İnuitlərdə qəribə bir şey baş verdi; Co Labelle adlı xəz ovçusu adanın sərhədlərinə girəndə kənddə bir nəfər də olsun tapa bilməyib. Yalnız insan tərəfindən yaradılan bir məzarda 7 aclıqdan ölmüş xizək iti var idi. İtkin düşənlərin tapılması üçün axtarış aparılsa da, bir dənə də olsun cəsəd tapılmayıb.
10. Yerdən kənarda alınan ən uzun siqnal
1977-ci ildə Ohayo Dövlət Universitetinin yerdənkənar kəşfiyyat axtarışlarını dəstəkləmək üçün istifadə edilən Big Ear Radio teleskopu bir gün siqnal alıb. Siqnal 72 saniyə idi. Lakin təəssüf ki, bu, bir daha təkrarlanmadı. Siqnalın süni mənbədən gəldiyini iddia edənlər olsa da, hələ ki, heç kim bunu izah edə bilməyib.
11. Phaistosun anlaşılmaz diski
Alimlərin fikrincə, Tunc dövrünə aid bir gil disk olan Phaistos üçün qanuni bir nəzəriyyə yoxdur. Diski müxtəlif dillərdə oxumaq üçün bir çox cəhdlər olub, lakin hamısı uğursuz olub. Yeni nəzəriyyələrdən biri onun bir növ stolüstü oyun ola biləcəyini ehtimal edir.
12. Kimə aid olduğu bilinməyən 10 milyon dollarlıq xəzinə
2013-cü ildə bir cütlük evlərinin yaxınlığında bir xəzinə sikkə tapır. 27 min dollar dəyərində olan, lakin tarixi dəyərinə görə hazırda 10 milyon dollar dəyərləndirilən xəzinənin Amazonda satışı planlaşdırılır. Xəzinəni tapan cütlük insanların pul axtarmaq üçün evlərinə gələ biləcəyindən qorxaraq xəzinəni harada tapdıqlarını bildirməmək qərarına gəliblər.
Hələ də xəzinənin kimə məxsus olduğu naməlum olaraq qalır.
13. Batmamasına rəğmən 25 nəfərlik heyəti itən gəmi
1955-ci ildə Cənubi Sakit okeanda “Joyita” adlı ticarət gəmisinin heyəti müəmmalı şəkildə yoxa çıxıb. Əlbəttə ki, gəmilərin itməsi və yaxud batması ilə bağlı faciələr çox olub. Lakin burada vəziyyət bir az fərqlidir. Öncə ona görə ki, gəmi elə hazırlanmışdı ki, batması mümkün deyildi. Adıçəkilən gəmi batmamışdı, amma içindəki 25 nəfərlik heyətdən bir nəfər də olsun tapılmayıb.
14. Bermeja – xəritədən itən və tapıla bilməyən ada
Yukatanın şimal sahillərini göstərən, xəritələrdə hələ 20-ci əsrdə görünən xəyali ada kimi tanınır. Bu ada ilə bağlı ən maraqlı fakt odur ki, çoxlu araşdırmalara baxmayaraq, ərazidə adaya bənzəyən heç nə tapılmayıb. Adanın həqiqətən var olub-olmadığı hələ də sual altındadır.
15. Xəzinələri tapılmayan sirli ada
“Oak Island” adlı ada hələ də öz sirrini qoruyub saxlayır. Adanın yüz illərlə yaşı var və əfsanələrə görə burada böyük bir xəzinə var. Çox sayda araşdırmalar aparılsa da, hələlik heç bir xəzinə tapılmayıb. Əfsanələrə görə adada bir “lənət” var və bu lənətə görə, xəzinə tapılmadan əvvəl 7 nəfər ölməlidir. İndiyədək 6 nəfər xəzinə axtarışında dünyasını dəyişib.
16. İtmiş Avstraliya baş naziri
Harold Edvard Holt 1966-cı ildən vəfat edənə qədər (1967-ci ildə) Avstraliyanın 17-ci baş naziri vəzifəsində çalışıb. Holt okeanı həqiqətən çox sevirdi və bir həftə sonu o və dörd dostu Portseaya balıq tutmağa gediblər. Nahardan əvvəl bir az üzmək üçün “Cheviot Beach”-də dayanıblar. Bu, baş nazirin ovcunun içi qədər bildiyini iddia etdiyi bir çimərlik idi. Lakin Holt çimərkən qəfildən dənizdə itib. Şahidlərdən biri “o, yarpaq kimi birdən yoxa çıxdı”, -deyə bildirib. İlk ağlına gələn odur ki, bu, dəhşətli və uğursuz bir qəza idi. Amma ən maraqlısı odur ki, bu hadisə Avstraliya tarixində ən böyük axtarış əməliyyatlarından birinə səbəb olsa da, Holtun cəsədini indiyə qədər heç kim tapa bilməyib.
Bu hekayə bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olmuşdu. İnsanlar Holtun MKİ tərəfindən öldürüldüyünü, bəziləri isə onun intihar etdiyi fikrini irəli sürürdü. Lakin yaxınları bu ittihamları rədd edir.
17. Yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən 2 kişi
1973-cü ildə Missisipi ştatının Pascagoula şəhərində yaşayan iki kişinin başına qəribə bir hadisə gəlib. Çarlz Hikson və Kalvin Parker adlı iki kişi balıq tutarkən yadplanetlilər tərəfindən qaçırıldığını iddia edib. Hikson və Parker iddia edir ki, onlar əvvəlcə vızıltı səsləri eşidib və yanıb-sönən mavi işıq görüblər. Daha sonra 40 fut enində və 10 fut hündürlüyündə oval formalı bir obyekt peyda olub. Parker və Hikson şüurlu olduqlarını, lakin hərəkət edə bilmədiklərini, yadplanetlilərin onları qaçırdığını və buraxmazdan əvvəl üzərilərində bəzi təcrübələr apardıqlarını iddia edirlər. Təbii ki, bu əhvalata inanmayanlar, poliqrafiya testindən keçmələrini xahiş edənlər və iki nəfərdən birinin (Çarlz Hikson) yəqin ki, “yuxuda gəzənlər” olduğunu deyənlər də olub.
18. Kentukkidə “ət yağışı”
1876-cı ildə Kentukkidə “Kentukki ət yağışı” kimi tanınan inanılmaz bir hadisə baş verib. Krouç adlı xanım eyvanında sabun hazırlayarkən göydən qəribə bir yağış yağdığını görüb. Yaxınlaşanda isə şoka düşüb – bu, ət yağışı idi. Çoxlarının tanrının bir işarəsi olduğuna inandığı bu hadisə tez bir zamanda bir çox elm adamının diqqətini çəkir. Ətin dadına baxmağa cəsarət edənlər yəqin ki, onun quzu və ya maral olduğunu iddia edirdilər. Bəzi araşdırmalardan sonra ətin şahinlərin qusduğu yemək olduğu ehtimal edildi. Bu nəzəriyyə ilginc hadisənin ən ağlabatan izahı hesab olunur.
Xalidə Gəray