Son bir neçə gündə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri “Qaloş piri”dir. İnsanların pirə olan inamı, sağalmaq, şəfa tapmaq üçün seyidin əşyasından mədət umması ciddi tənqidə səbəb olub. Amma bununla bağlı fərqli düşünənlər də var. Belə ki, dünyanın müxtəlif dinlərində, müxtəlif ölkələrində bir-birindən fərqli inanclar var.
Bəşəri İnsanlar İnanışı – Çexiyada qəribə bir inancdır. “Kontaktorlar” deyilən dünya xaricindəki mədəniyyətlərlə telepatik üsullardan istifadə olunaraq əlaqə qura bildiklərini iddia edirlər. Bu mədəniyyətlərin kosmos gəmisi dünya ətrafında dolanırmış və guya təqibçilərini başqa bir boyuta daşıyaraq onları buralardan qurtaracaqmış.
Ötenazi Kilisəsi
Amerikada formalaşan bu şəbəkənin üzvləri “Planeti xilas etmək üçün özünüzü öldürün” şəklində qəribə bir fikrə sahibdilər. Bu hərəkətə görə, insanlarla dünya üzərindəki digər canlılar arasında bir tarazlığın düzənlənməsi vacibdir.
İntihar etməyə, aborta, çoxalmamağa təşviq edilir. Hanniballıq etməkdə hər hansı problem görmürlər. İnsan yemək üçün birini öldürmürlər, amma ölü bir insanı yeyə bilirlər.
Yaohnanen İnancı
Tanna adlı adasının sakinləri Şahzadə Filipu tanrıları kimi qəbul edirlər. Hər şey şahzadə Filipin 1974-cü ildəki bir gəzinti zamanı qəbilə liderinin əlini sıxması ilə başlayıb. Qəbilə üzvləri də ondan sonra hər səhər və hər axşam ona etiqad etməyə başlayıblar.
Oneida İnancı
Nyu-Yorkda qurulan bu topluluq xrisantlıq inancı ilə başlayıb. Daha sonra isə əhvala uyğun olaraq qaydalar qoymağa başlayıblar. Bu topluluqdakı hər kəs bir-biri ilə evli imiş. Uşaq dünyaya gətirmək xaricində cinsi münasibət qadağan olunub.
Aetherius
Bir UFO təriqətidir. 1950-ci illərdə qurulub. Dünya xaricində bir kosmik rəhbərliyə inanırlar. Dinin məqsədi insanları bu dünya xaricindəki varlıqlarla işbirliyi quracaq səviyyəyə gətirməkdir. Məsihin bir uçan dairə ilə dünyaya gələcəyinə inanırlar. İnananların sayı da az deyil.
Scientology Hərəkatı
Ən çox rəğbət qazanan və mal varlığı ən yüksək olan ilginc dini hərəkatlardan biridir. Xeyli sayda məşhur adı özündə birləşdirir. Bu dinə görə, bundan 75 il əvvəl bir qalaktik rəhbərlik istəmədiyi minlərlə insanı dünyaya göndərib və bir yanardağda yandırıb. Dünyada insanların acı çəkməsinin səbəbi bu insanların ruhları imiş. Bu kosmos ruhları sərbəst buraxmaq üçün dualar edilməli imiş. Beləcə, ruhlar qurtulunca mənəvi rahatlıq gələcəkmiş.
Maradona Kilisəsi
Argentinada qurulan, əfsanəvi futbolçu Maradonaya sitayiş edən bir cəmiyyətdir. Özlərinə Diegorian adı veriblər. Maradonanın doğulduğu günü yeni il bayramı olaraq qəbul edirlər. Dini kitabları isə Maradonanın həyatından bəhs edən bir kitabdır. Maradonanı futbol oynadığı vaxtlarda öyrədən şəxsləri isə müqəddəs şəxslər kimi qəbul edirlər…
İnsanlıq tarixinin ilk günlərindən bu yana, yüzlərlə dini təriqət gəlib keçib. Hansılarsa yox olub, bəzilərinin milyardlarla inananı var. Böyük bir çoxluq ilahi dinlərə mənsub olsa da, nəzərə alınacaq xeyli qruplar da var ki, bizə çox fərqli gələn qaydaları olan təriqətlərə mənsubdurlar. Nələrə inandıqlarını öyrənəndə insan gerçəkdən də heyrət edir.
Barmaqlarını kəsirlər – bu da bir inanc
Belə tayfalardan biri də İndoneziyada yaşayan Dani tayfasıdır. Bu tayfada dünyasını dəyişən insanın xatirəsini əziz saxlamaq üçün qadınlar barmaqlarını kəsir. Bu, qəbilənin dini inancıdır. Barmaq kəsmək həmçinin dünyasını dəyişən əzizinin ruhuna ithaf olunmuş acı və ağrının simvoludur. Kəsilən barmaqda qanı dayandırmaq üçün isə kül və gildən istifadə olunur. Belə bir anda barmaq ana, ata və bacı kimi doğmalar tərəfindən kəsilir. Bu adət-ənənə son zamanlar ləğv olunub. Lakin qəbilənin yaşlı üzvlərində bu adətin izlərinə hələ də rast gəlmək olur.
Hindistanın Maharacta bölgəsindəki Solapurda valideynlər hər il toplanaraq körpələrini 15 metrlik mənzilin damından aşağı atır. Körpələr digər kəndlilərin əllərində tutduğu yerə dəyməyən şalın üzərinə düşür. Valideynlər bunu övladlarının sağlam, uzun ömür keçirəcəklərinə inandıqlarını göstərmək üçün edirlər. Maraqlıdır ki, ayin müsəlmanlar tərəfindən icra edilir, lakin bəzi hindli ailələr də mərasimə qatılırlar.
Braziliyanın Amazon bölgəsində yaşayan Satere-Mave sakinləri oğlan uşaqları üçün ağrı verən ənənəyə malikdirlər. Oğlan uşağı, “kişi” olmaq üçün əlini içində qara qarışqaların olduğu əlcəyə salıb on dəqiqə boyunca əlini orada tutmaq məcburiyyətindədir. Qarışqanın sancma anında verdiyi ağrı təbiətdəki ən acı verici hisslərdəndir. Kişiliyə keçmə yaşına gələn şəxs bunu iyirmi dəfə, özü də müəyyən bir müddət boyunca təkrarlamalıdır.
Filippinin Saqada nahiyəsində əhəng daşlarından ibarət olan mağaralar bölgədəki ölülərin evləri olaraq qəbul edilir. Bir çox insan mağaralara basdırılarkən – uzun zamandır icra olunan adətə görə – tabutlar ölünün basdırıldığı mağaranın xaricinə asılır.
Yanamamö – Venesuela və Braziliyada rast gəlinən böyük bir qəbilədir. Müasir həyat onlara heç bir şəkildə sirayət etməyib və hələ də qədim ənənələrini qoruyub saxlayırlar. Yanamamö dini ənənələrinə görə, ölülərin külləri və sümükləri də məhv edilməlidir. Bu səbəbdən qəbilənin nümayəndəsi dünyasını tərk etdikdə cansız bədəni yandırılır, bədənin heç bir parçasının qalmaması şərtilə cəsədin külləri olan küp yox edilir.
Keniya və Tanzaniyada yaşayan etnik afrikalı qrupa aid olan qəribə ənənəyə görə isə, salamlaşma zamanı tüpürcəkdən istifadə olunur. Burada həmçinin körpə doğulduğu zaman Masai qəbiləsinin kişiləri körpənin üzərinə tüpürərək pis ruhların ona yaxınlaşmasının qarşısını alırlar. Qəbilə döyüşçüsü yaşlı üzvləri salamlayarkən yaşlı adamın əlini sıxmazdan öncə onun ovucuna tüpürməlidir. Bu, hörmət əlaməti kimi qəbul edilir.
Yaxın dövrdə Vatikan və antik Roma qəbiristanlıqlarında aparılan qazıntılar zamanı uzun zamandan bəri unudulan ənənə ortaya çıxıb: Romanlar ölülərlə birlikdə yemək yeyir və hətta onları bəsləyirlər. Məzarların bir çoxunda xaricdən ölünün bədəninə uzanan boru var. Bu boru ilə ölüyə şərab, bal və digər yeməklər verilirmiş.
Antik romalılar tez-tez ölülərinin məzarının yanında gəzinti edərlərmiş. Bunun səbəbi isə ölən adamın da onlarla birlikdə qidalandığını ifadə etmək imiş. Deyilənlərə görə, Roma qəbirlərində olan borulara bənzər cisimlər İngiltərədə də mövcud olub.
Yaponiya və Rusiyanın müxtəlif ərazilərində mövcud olan yerli qəbilələr- ainular (bir zamanlar etnik azlığı animist – canlıçılıq) dini inancları ilə diqqət cəlb edirlər. Onlar dini ayinlərinin icrasını ayıları öldürərək həyata keçirirlər. Ayin üçün mağarasında qış yuxusuna gedən bir ana ayı seçilir. Balalar iki il boyunca qəfəsdə tutulur və 2 il tamam olanda ainular tərəfindən dindarlıqlarını göstərmək məqsədilə “dini ənənələrə uyğun bir şəkildə” vəhşicəsinə öldürülürlər. Kəndlilər ayını kəsdikdən sonra qanını içib ətini yeyirlər. Maraqlıdır ki, ainular ayıların tanrı olduğuna və bu ayini onları müqəddəsləşdirmək üçün etdiklərinə inanırlar. Yaponiyada bu ayin qadağan olsa belə, bəzi yerlərdə hələ də icra olunur.
Sevinc TELMANQIZI