mehkeme

Dünyanın ən absurd məhkəmələri

Baxış sayı: 1. 206

Demək olar, hər gün saytlarda bir-birindən qəribə məhkəmə prosesləri barədə məlumatlar yer alır. Azərbaycan insanı olduqca qəribə səbəblərdən qətl törədir, dələduzluq edir, bir-birinə xəsarət yetirir. Anlaya bilmirsən ki, bu aqressiyanın kökü haradan qaynaqlanır? İnsanlar bunca qəribə cinayətlər etmək üçün nə yeyib, nə içiblər?

Amma dönüb dünya ölkələrinə baxanda, görürsən ki, biz bu siyahıdakı “şükürlü”lərik. Çünki dünyada insanların həyata keçirdiyi cinayət səbəbləri ilə bağlı o qədər qəribə səbəblər var ki. Bundan başqa, absurd məhkəmə iddiaları da heç yaddan çıxarılmamalıdır. Mövzunun diqqətçəkən olduğunu nəzərə alıb, dünyadakı ən absurd məhkəmə işləri, iddiaları ilə bağlı maraqlı bir dosye hazırladıq. Məlum oldu ki, dünyanın müxtəlif ölkələrində insanlar bəzən həyatlarını maraqlı etmək üçün məhkəmə qapılarını döyürlər. Sırf ekstrim, cansıxıcı günlərinə rəng qatmaqçün.

 

Oğru elə bağırdı ki… məhkəməsi…

Ər-arvadlar arasındakı ilginc məhkəmə işlərindən biri isə 36 yaşlı Peter Vellislə həyat yoldaşı Ceyn Vellis arasında yaşanıb. Amerikada yaşayan Peter boşandığı həyat yoldaşına aliment ödəməmək üçün məhkəmə iddiasında bildirib ki, Ceyn ona xəbərdarlıq etmədən, hiylə ilə hamilə qalıb. Məhkəmə onun iddiasını təmin etməyib.

Bu ölkədə oğruların da hüquqları var imiş. Terrence Dickson adlı oğru bir evi soyandan sonra qarajdan çıxmaq istəyəndə qapı avtomatik olaraq bağlanıb, evin giriş qapısı da şifrəli olduğu üçün qapını aça bilməyib. Ev sahibləri tətildə olduğu üçün oğru düz 8 gün evdə yaşamalı olub. 8 gündə ancaq it yeməyi və kola ilə qidalanmaq zorunda qaldığı üçün oğru daha sonra mədə fəsadı keçirib. Buna görə də ev sahibindən 500 min dollar dəyərində təzminat istəyib və məhkəmə onun iddiasını təmin edib.

florida mahkemesi ile ilgili görsel sonucu

Fırtınanı məhkəməyə vermək…

Floridada bir balıqçı şiddətli fırtınada öləndən sonra ailəsi hava proqnozu doğru çıxmadığı üçün bir telekanaldan 10 milyon dollar tələb edib. Məhkəmə 10 milyon dollar təzminat əvəzinə qərar verib ki, telekanal mərhumun dəfni üçün xərclənən vəsaiti ödəsin. Həmin ştatda 40 yaşlı Doroti adlı qadın həyat yoldaşını yoldan çıxaran qadınla bağlı məhkəməyə müraciət edib və ondan 1 milyon dollar istəyib. Hakim 18-ci əsrdən qalmış bir səbəblə həmin işə baxılmasını qəbul edib. Proses xəyanətə uğrayan qadına 700 min dollarlıq təzminat verilməsi qərarı ilə yekunlaşıb.

“McDonalds” şirkəti ilə bağlı dünyaya səs salan bu ilginc davadan xəbəriniz var idi? 81 yaşlı Stella Liebekin bu restorandan aldığı kofe üstünə töküldüyü üçün dərisində yanıq izləri əmələ gəlib. Buna görə də yaşlı qadın restorandan düz 2.7 milyon dollar təzminat qazanıb. Amma sözügedən məhkəmədən sonra “McDonalds” bu cür iddianı təkrarlamaq istəyən başqa “ağıllılar”a qarşı müəyyən tədbirlər görüb.

texas mahkemesi ile ilgili görsel sonucu

Ev dustağı cəzası – amma adamın evi yoxdu

Texasda yaşayan Katlin Robertsonun bir mebel mağazasına qarşı 780 min dollarlıq iddiasının qələbə ilə sonuclanması da tarixdə yer alan faktlardandır. 37 yaşlı Katlin bir mebel mağazasında hələ yeni yeriməyə başlayan balaca bir uşağa ilişərək yıxılıb və ayağını qırıb. Qadın mağaza rəhbərliyindən “mebelləri düzgün yerləşdirmədiyinə” görə şikayətçi olub. Amma qərar dükan rəhbərliyi üçün şok olub. Çünki Katlinin ayağına ilişən və yıxılmasına səbəb olan uşaq elə onun öz uşağı imiş.

Bir gecə klubuna girmək istəyən, amma giriş üçün 3.5 dollarlıq ödənişi vermək istəməyən Kara Valtonun məhkəmə hekayəsi isə daha ilgincdir. Bu gənc gecə klubuna ayaqyolunun pəncərəsindən girmək istəyərkən yıxılıb və dişlərini qırıb. Qabaq iki dişini qıran Kara buna görə gecə klubu rəhbərliyindən 12 min dollar təzminat alıb, üstəlik, xəstəxana xərclərini də ödətdirib.

Filadelfiyadakı bir restoranın müştərisi Amber Carson isə yeridiyi zaman ayağı sürüşüb yıxıldığı üçün restorandan məhkəməyə şikayət edib və 113 min 500 dollar təzminat qazanıb. Maraqlıdır ki, Çarsonun yıxılmasına yemək zamanı sevgilisi ilə dalaşanda onun başına atdığı “Kola” butulkasının 30 saniyə sonra ayağına ilişməsi səbəb olub.

İtaliyanın Milan şəhərinin məhkəməsinin qərarı absurd təsir bağışlayır. Belə ki, soyğuna təşəbbüs, kiçik oğurluqlar və narkotik maddə satıcılığında suçlanan evsiz-eşiksiz, küçədə yaşayan adama ev həbsi verilib. Evsiz adam bu minvalla ev dustağı olmalıdır. Məhkəmənin qərarına uyğun olaraq 48 yaşlı Domeniko Kodispoti 2006-cı ildən bəri eyni yerdə, küçədə yatmağa məhkumdur. Onun cəzası gələn ilin aprel ayında başa çatır.

Hər axşam gün batan kimi polis “Stazione Centrale”nin qarşısındakı “22 Via Vittor Pisani”’ küçəsinə baş çəkir, Kodispotinin səkidə olub-olmadığını yoxlayırlar.

Məhkəmənin qərarına görə, Kodispoti səhər saat 7-dək həmin səkiyə atdığı döşəkçədə olmalıdır.

“Səhərədək buradan tərpənə bilmərəm. Bir dəfə iki tin o yandakı ayaqyoluna getmək istəyirdim. Polis məni yarıyolda saxladı və hökmün şərtlərini pozmaqda suçladılar. Məhkəmə də cəzamı artırdı. İndi yenə qaydanı pozmaq, cəzamın daha da artmasını istəmirəm”, – Kodispoti deyib.

Almaniyanın Köln Şəhər Məhkəməsi qəribə hökm çıxarıb. Bu hökmə əsasən sahibkara işçiləri ilə bağlı əlavə səlahiyyətlər verilir. Lenta.ru saytının məlumatına görə, bundan sonra rəhbərlik xanımlardan işə gələrkən mütləq büstqalter geymələrini tələb edə biləcək. Məhkəmə hesab edir ki, bu, heç də hüquq və azadlıqların pozulması deyil. Qərara səbəb aeroportda sərnişinlərin yoxlanılması ilə məşğul olan şirkətlərdən birində bu sahədə yaranmış qalmaqaldır. Məhkəmə qərarına əsasən, indi bu şirkətin rəhbərliyi xanım işçilərin dırnağının uzunluğunu və ona çəkilən rəngi də müəyyənləşdirmək hüququna malikdir. Dırnaqların 0,5 santimetrdən uzun olması qadağandır.

İlgili resim

Ölmədiyi üçün həkimi məhkəməyə verib

Təkadamlıq kamerada qalan məhkum pulsuz dezodarant vermədiyi üçün həbsxana rəhbərliyinə qəzəblənib və onları məhkəməyə verib.

Qəribə məhkəmə iddialarından biri ABŞ-ın Texas ştatında qeydə alınıb. Tomas Vilyam adlı 51 yaşlı xərçəng xəstəsi həkimlərin ona qoyduğu müddət ərzində dünyasını dəyişmədiyi üçün xəstəxananı məhkəməyə verib. Həkimlər xəstəyə  3 ay ömrünün qaldığını desələr də, əcəlin gəlmədiyini görən Tomas xəstəxana rəhbərliyindən yaşadığı psixoloji travmaya görə 3 milyon dollar təzminat tələb edib.

Türkiyədə isə ər qəribə boşanma iddiası ilə məhkəməyə müraciət edib. Səbəb isə nə xəyanət, nə də deyingənlik deyil. Kişi həyat yoldaşından həddindən artıq təmiz olduğu üçün boşanmağa qərar verib. “Evdə corabsız gəzmək qadağandır. Evə tük və saçın düşməsi, hətta yataqda balış üzərində tükün olması da problemə çevrilir. Ev təmziləndikdən sonra isə tualetə girmək qadağandır. Evdə mətbəxin çirklənməməsi üçün yemək də bişirmir. Bütün yeməkləri restoranlardan sifariş edilir” deyən ər təmizlik xəstəsi olan yoldaşı ilə boşanmağın son çarə olduğunu bildirib.

Çində isə kişi çirkin uşaq dünyaya gətirən xanımını məhkəməyə verib. Sən demə, ailə qurmamışdan əvvəl qadın artıq bir neçə dəfə plastik əməliyyat etdirib. Xanımının əvvəllər heç də indiki kimi gözəl olmadığını öyrəndikdən sonra hiddətlənən kişi  plastik əməliyyatlar gözəlindən onu aldatdığı üçün 120 min dollar təzminat tələb edib.

ABŞ-da qaldırılan başqa bir məhkəmə iddiası isə digər iddiaları belə kölgədə qoya bilər. Təsəvvür edin, qadın sürücünün idarə etdiyi avtomobil buzlu yolda motorlu xizəklə toqquşur. Hadisə nəticəsində xizəyin sürücüsü ölür. Amma qadın sürücü ölüm anında yaşadığı şoka görə ölən şəxsin həyat yoldaşından 1 milyon dollar mənəvi təzminat tələb edir.

Amma absurd məhkəmələr seriyası bununla yekunlaşmır. Dünyanın bir çox ölkələrində insanlar hətta Allahı da məhkəməyə veriblər. İsraildə adı çəkilməyən şəxs Tanrını əsasən də son zamanlarda ona qarşı ədalətsiz davranmaqda ittiham edərək, məhkəməyə verib.

İttihamçı tərəfin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun şikayətinə laqeyd yanaşıblar.

Rumıniyada həbs cəzası çəkən məhkum Tanrını onu şeytandan qorumadığına görə məhkəməyə şikayət ünvanlayıb. 20 illik həbs cəzasına məhkum edilmiş şəxs “xaç suyu”na çəkildiyi zaman Yaradandan onu İblisdən qoruyacağı ilə bağlı təminat aldığına inanır. Rumıniyanın Timisoara şəhərində məhkəməyə ünvanlanmış şikayət ərizəsində Tanrıya qarşı fırıldaqçılıq və səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işinin açılması tələb olunub. Şikayət məktubunda qarşı tərəf “ünvanı göylər olan və Rumıniya Provoslav kilsəsi tərəfindən təqdim olunan Tanrı” kimi göstərilib.

Bu sayaq şikayətlərdən biri də Rusiyanın Omsk şəhərində rəssam Vasili Melniçenko tərəfindən Rusiya  Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə ünvanlanıb. Melniçenkonun sosial şəbəkələrdə yayımladığı şikayət ərizəsi öz əsaslılığı ilə daha çox diqqət çəkib. Ərizədə 1988-ci ildə Rusiya Pravoslav Kilsəsinin Moskva patriarxında “xaç suyu”na çəkilməyi qərara alan rəssam bunun üçün 10 sovet rublu ödədiyini bildirib. Onun sözlərinə görə, bundan sonra kilsə tərəfindən ona və yaxınlarına “Allahın mərhəməti, gözətçi mələklərin köməyi və müqəddəslərin duaları” söz verilib.

“Mən onların sözlərinə inandım və 15 il davamlı olaraq kilsə tədbirlərini ziyarət etdim. Mən dini ayinlər sifariş edir, qablar, kitablar və bəxşişlər verirdim. İl ərzində mən kilsəyə təxminən 400 dollar verirdim, amma mərhəmət baş vermədi. Bu dövrdə başıma gələn xəstəlik və talesizlikləri qələmə almaq üçün isə bir əsər yazmaq lazım gələr” – Melniçenko bildirib. O qeyd edib ki, bu müddətdə əsas şikayəti zamanın tələbinə cavab verməyən bədəni ilə bağlıdır. Bir müddət sonra isə ağıllandığını bildirən Melniçenko kilsə mühitindən ayrıldığını qeyd edir. Daha sonra isə İstintaq Komitəsinə müraciət edərək, bu orqanın “ölkədə ilahiyyat və cinayət mövzusunda əsas qurum” olduğunu diqqətə çatdıraraq, aşağıdakıları tələb edib.

“Sizdən Tanrının varlığını araşdırmağı xahiş edirəm. Bu varlığın olmadığı təsdiq olunarsa, Provaslav Kilsəsinin rəhbərliyini fırıldaqçılıq hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb etməyinizi xahiş edirəm. Əgər Tanrının varlığı qurumunuz tərəfindən təsdiq olunarsa, o zaman Rus Provaslav Kilsəsinin Yaradanın Rusiyada təmsilçisi kimi qanuniliyi araşdırılsın. Sizin bu cür vacib, bəlkə də ölkə tarixinin ən böyük fırıldaqçılığı mövzusundakı vətəndaş öhdəliyiniz və təcrübənizə güvənirəm” – Melninçenko yazıb.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir