2

Dünyanın ən bahalı boşanma prosesləri

Baxış sayı: 591

Məşhur şəxsiyyətlərin münasibətlərində hər hansı bir ixtilaf dərhal ictimailəşir və yüz minlərlə pərəstişkarın müzakirə obyektinə çevrilir.

Belə boşanma prosesləri mətbuatda həmişə geniş işıqlandırılır.  Bu yazıda dünyanın ən bahalı boşanma prosesləri haqqında məlumat verəcəyik.

 

Dubay şeyxi 700 milyon dollar ödəməli olub

Keçən il London Ali Məhkəməsi Dubay şeyxi Məhəmməd bin Rəşid Əl Məktumun altıncı həyat yoldaşı, şahzadə Haya Bint Əl Hüseynə və uşaqlarına ümumilikdə 700 milyon dollardan çox təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Bu təzminatın şahzadə Hayaya düşən payı (birdəfəlik) 251,5 milyon funt sterlinq təşkil edir. Daha 290 milyon funt sterlinq isə cütlüyün övladları – 14 yaşlı Cəlil və 9 yaşlı Zayedə təhsil və əlavə xərclərini təmin etmək üçün ödəniləcək. Beləliklə, ödənişlərin ümumi məbləği 552 milyon funt-sterlinqdən çox olacaq.

Məhkəmə həmçinin şeyxin şahzadə və uşaqlarının təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlar, şəxsi təyyarələr, helikopterlər və cangüdənlər heyəti üçün hesabları ödəməli olduğuna qərar verib. Məhkəmə bu məqsədlər üçün ildə 11 milyon sterlinq büdcə təyin edib.

Qərarda deyilir ki, şahzadə Haya bir neçə milyon funt-sterlinq dəyərində iki mülkün – Londonun Kensinqton sarayının yanındakı evin, eləcə də Surrey ştatının Eqem şəhərindəki əsas iqamətgahının xərclərini ödəmək üçün də təzminat tələb edir. Həmçinin məzuniyyət xərcləri, tibb bacısı və dayənin əmək haqqı və yaşayış xərcləri, müxtəlif ev heyvanlarının saxlanması xərcləri də bura daxildir.

Qeyd edək ki, şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən uşaqları ilə birlikdə qaçaraq Böyük Britaniyaya sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü.

 

3.3 milyard avro?

Sərvəti “Forbes” tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 milyard avro  ödəməli olub.
Bu qərarı Cenevrə məhkəməsi verib. Onlar evlənəndə nikah müqaviləsi bağlamayıblar. Bununla əlaqədar İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış bir sərvət sayılır və boşanma zamanı yarı bölünür. Rıbolovlevin  vəkili  bu qərarla bağlı Cenevrə  məhkəməsindən şikayət etsə belə, hakim tərəfindən verilən qərarı dəyişmək mümkün olmayıb.

24 ildən çox birgə yaşayan cütlük, altı ilə yaxın  əmlakı bölmək ilə məşğul olublar. Qeyd edək ki, Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.

Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada, Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder, həmçinin çox dəyərli   Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət bir kolleksiyanın  sahibidir. Rıbolovlevlərin  boşanma prosesi çağdaş tarixin ən bahalı boşanması sayılır.

ferhad ehmedov

Keçmiş senatorun sərvət davası

Böyük Britaniyada baş tutan  ən qalmaqallı və eyni zamanda bahalı boşanmalar sırasına  Rusiya vətəndaşları  Fərhad və Tatyana Əhmədova arasında baş verib. 2016-cı ildə London Ali Məhkəməsi milyarderə keçmiş həyat yoldaşına 453 milyon funt-sterlinq məcburi ödəməsi ilə qərar çıxarıb. Bura, həmçinin  malikanələr, yaxta, helikopter, şəxsi təyyarə və sənət əsərləri də daxil idi. Lakin Fərhad Əhmədov İngiltərə məhkəməsinin qərarının “tualet kağızı” olduğunu deyərək heç bir ödəmə həyata keçirməyib.Əhmədov qərarın, ümumiyyətlə, qanunsuz olduğunu vurğulayaraq  onların 2000-ci ildə Moskvada boşandığını iddia edib. Lakin onun sözlərini təsdiqləmək üçün hakimə təqdim etdiyi sənədin həqiqiliyinə şübhə yaranıb və qərar qüvvədə saxlanılıb.Tatyana Əhmədova şikayət edib ki, keçmiş əri könüllü olaraq bir qəpik də ödəməyib və məhkəmə qərarı çərçivəsində ondan cəmi 7 milyon dollar və nasaz helikopteri geri ala bilib.

Əhmədovanın fikrincə, ondan əmlak gizlətmək sxemlərindən biri də keçmiş ərinin xaricdəki aktivlərinin oğlu Teymurun adına yenidən rəsmiləşdirilməsi olub.

Nəhayət, London məhkəməsi Teymur Əhmədovu anasına təxminən 75 milyon funt-sterlinq ödəməyə məcbur edib. Boşanma prosesi zamanı ər-arvad arasında yaranan məhkəmə çəkişməsi yalnız 2021-ci ilin iyul ayında başa çatıb. Keçmiş senator maliyyə mübahisəsinə son qoymaq üçün keçmiş həyat yoldaşına 186 milyon dollar ödəməyə razılaşıb. Tatyana cütlüyün evliliklərində sahib olduqları nağd pul və sənət əsərləri şəklində təzminatı qəbul edib.

 

Sevgi tükəndi və …

Amazon saytının başçısı kimi tanınan Jeff Bezosun boşanma prosesi də tarixin ən bahalı boşanması kimi yaddaşlara həkk olunub. Həyat yoldaşı Makkenzi ilə 25 il birlikdə yaşayan Jeff  aralarında olan sevginin tükəndiyini anlayandan sonra boşanma qərarını alıblar. Dost  və gözəl həmkarlar kimi ayrılan bu cütlüyün hələ də əla münasibətləri var. Çox maraqlıdır ki, evlilik müqavilələri olmasa da 35 milyard dollara yaxın təzminat alan Makkenzi, demək olar ki, Amazon saytının səhmlərinin  bir hissəsinə sahib olmuşdur.

 

32 il evlilikdən sonra…

Avstraliyalı media rəhbəri  Rupert Murdoç həyat yoldaşı Annadan boşanmaq üçün 1.7 milyard dollar təzminat ödəyib. Murdoç cütlüyü 32 il  evli olub. 1999-cu ildəki boşanmadan 17 gün sonra Rupert Murdoç, Uendi Tayla evlənib.

 

“Pişik qadın”nə etdi?

Boşanma prosesinin başlanğıcı üçün son damla Aleks  Vildenşteynin 21 yaşlı rus model Yelena Jarikova ilə gizli eşq macərasının faş edilməsi  olub. Saysız əməliyyatları ilə bütün dünyaya tanınan “pişik qadın” ləqəbli Coselin ərini başqası ilə çarpayıda tutduqdan sonra, onların arasında  mübahisə düşmüşdü. Ər arvadına  hətta silah tuşlamışdı. Bundan sonra Coselin onu tərk etmək qərarına gəlib.

“Mənim ərimə daha ehtiyacım yoxdur, çünki o, bizim sərvətimizi yeni sevgilisinə xərcləməyə üstünlük verir”, – incimiş Coslin məhkəmədə deyib. Nəticədə Coslin Vildenşteynə 2,5 milyard birdəfəlik təzminat verilib.  Məşhur art-diler keçmiş arvadına boşandıqdan sonra 13 il ərzində hər il 100 milyon dollar ödəməyə məcbur edilib.

abromovic

Roman Abramoviç 5 uşağın anasını boşayıb

Futbol klubu “Çelsi”nin  sabiq sahibi rusiyalı iş adamı Roman Abramoviç  16 illik həyat yoldaşı  və 5 uşağının anası İrinadan 2007-ci ildə, 300 milyon dollar ödəyərək boşanıb.

 

Məhkəmə xanımı haqlı çıxardı

Məşhur iş adamı Sinan Baranın İran əsilli həyat  yoldaşı Hamira Baran 6 trilyon lirəlik aliment üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə cütlüyün boşanması və Sinanın Hamiraya 250 milyon lirə maddi təzminat ödəməsi ilə başa çatdı.

 

Sabiq baş nazir həyat yoldaşına xəyanət edib

Bir siyasətçi üçün xoşbəxt bir ailə həyatı qurmaq ictimai həyatın olduqca vacib bir atributu sayılır. İtaliyanın sabiq və qalmaqallı baş naziri Silvio Berluskoninin həyat yoldaşı Veronika Lario 2009-cu ildə məhkəməyə müraciət edərək ərindən ayrılmaq qərarına gəlib. Evliliyin pozulmasının əsas səbəbi isə Silvionun xəyanəti olub.2009-cu ildə başlayan boşanma prosesi yalnız 2012-ci ildə bitmişdir. Məhkəmənin qərarına görə, təzminat olaraq Silvio keçmiş həyat yoldaşına hər il 76 milyon avro ödəməli idi.

Boşanmadan dərhal sonra Silvio Berluskoni gənc bir İtalyan modeli ilə nişanlanmışdı.

 

Arvadından ayrılmaq üçün 874 milyon dollardan keçdi

Türkiyəli milyarder Adnan Kaşıkçı həyat yoldaşı  Sürəyyadan boşanmaq üçün 874 milyon dollar təzminat ödəyib.

 

Samirə Tağıyeva

 

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir