bosanma

Dünyanın ən bahalı boşanmaları

Baxış sayı: 1. 740

Son bir həftə azərbaycanlıların adı dünya mediasında bir çox idman yarışları ilə paralel həm də başqa bir məsələdə hallanır. Söhbət azərbaycanlı milyarder Fərhad Əhmədovun bahalı boşanmasından gedir. O, Britaniya məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşına 453 milyon funt (584 milyon dollar) məbləğində pul ödəyəcək.
Bu, Böyük Britaniyanın tarixində ən böyük boşanma təzminatıdır. 61 yaşlı neft-qaz sahəsi üzrə maqnat və onun 41 yaşlı həyat yoldaşı sonuncunun xəyanəti ucbatından boşanırlar. İş adamının keçmiş həyat yoldaşına onunla birgə yaşayış müddəti boyunca əldə edilən gəlirin 41.5 faizi çatacaq. Kişi isə öz növbəsində qeyd edib ki, ailənin rifahı üçün xeyli vəsait xərcləyib. Belə ki, o, adı açıqlanmayan Rusiya kampaniyasını 1.3 milyard dollara satandan sonra Londonun elit rayonlarından birində oğullarına iki ev alıb. Amma hakim onun bu əsaslandırmasını qəbul etməyib və bildirib ki, ərlə arvadın bu məsələdəki rolu tamamən eyni olub.
Bu xəbər isə bizi dünyadakı ən bahalı boşanmalarla bağlı araşdırma aparmağa vadar etdi. Təsəvvür edin ki, dünyanın ən varlı adamlarının toyu necə lüks, dəbdəbə içində keçirsə, boşanmaları da o cür məsrəfli, biabırçı və qalmaqallı olur. Hətta bir çox hallarda boşanmaya görə ödənilən təzminat məbləğləri astronomik olur və insan da bəzən bu evliliklərin baştutma səbəbinə şübhə ilə yanaşır: bir evlilikdən sonra milyonlarla dollar təzminat tələb edirsənsə, məqsəd asan yolla varlanmaq deyil, bəs nədir?
Yaşlı ər cavan sevgiliyə üz tutursa…. kompensasiyanın məbləği böyük olur
Bu arada arayış üçün deyək ki, Britaniyada əgər cütlüyün boşanma səbəbi xəyanətdirsə, bu halda xəyanəti edən şəxs əlavə və olduqca böyük məbləğdə təzminat ödəyir. Yox, əgər söhbət ancaq uyğunsuzluq, xarakterlərin ziddiyyətindən gedirsə, bu halda məbləğ nisbətən kiçik olur. 2016-cı ilin yayında məlum olmuşdu ki, britaniyalı milyarder Riçard Karinqin arvadından ayrılması dünyanın ən bahalı boşanması adlandırılıb.
Milyarderin gizli hissləri ona varidatının yarısı hesabına başa gəlib. Onun 67 yaşlı arvadı Ceka Sted ərinin braziliyalı 35 yaşlı gözəl Patrisiya Mondinni ilə sevgi romanı yaşaması səbəbindən ondan 350 milyon funt alıb. Ərlə-arvad 45 il birgə yaşayıblar. Ceka iki oğul dünyaya gətirib. Ərinin cavan sevgilisindən xəbər tutanda Sted boşanmaq üçün müraciət edib.
Mənəvi kompensasiya kimi iri məbləğ tələb edərək İngiltərədə ən bahalı boşanmanın qalibi olub. Riçard Karinq isə bunca xərcə düşməsinə qətiyyən heyfsilənməyib. Birincisi, onun varidatı milyard funt dəyərləndirilir. İkincisi, karlı milyarder özü mediaya açıqlamasında deyib ki, o, yeni sevgilisinin yanında olması müqabilində istənilən məbləği ödəməyə hazır olub.
Karinq onu da bəyan edib ki, nəhayət, öz həyatının sevgisini tapıb və ömrünün qalan hissəsini məhz onunla keçirmək istəyir. Bir sözlə, onun qalan ömrü kifayət qədər dəbdəbəli keçəcək.
Ona görə də milyarder sevincindən Londonun prestijli Sent-Cos-Vud rayonunda villa alıb. Dəyəri 32 milyon funtdur…
Amerikanın CelebrityCafe portalı məşhurlar arasında ən bahalı boşanmaların reytinqini müəyyənləşdirib. Reytinqə Maykl Cordan ilə xanımı Xuanitanın boşanması başçılıq edir.
17 il birgə yaşadıqdan sonra 2006-cı ildə ayrılmış cütlüyün boşanması Cordana 168 milyon dollara başa gəlib. O, eks-xanımına məhz bu qədər pul ödəyib.
İkinci yerdə müğənni Nil Daymond və prodüseri Mörfinin boşanmasıdır. Mörfi bundan 150 milyon dollar qazanıb.
İlk üçlüyü məşhur rejissor Stiven Spilberqlə aktrisa Emi İrvinqin boşanması qapayır. Boşanma Spilberqə 100 milyon dollara başa gəlib.
Sərvəti “Forbes” tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 mlrd. avro (4,5 mlrd. dollar) ödəməli olacaq.
Bu qərarı Cenevrə məhkəməsi verib. Ərlə arvad evlənəndə nikah müqaviləsi bağlamayıblar. Buna görə də İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış sərvət sayılır, uyğun olaraq boşanma zamanı yarı bölünür. Amma vəkil bildirir ki, Cenevrə məhkəməsinin qərarından şikayət etmək mümkündür.
Ərlə arvad birlikdə 24 il yaşayıblar, altı ildir ki, əmlakı bölməklə məşğuldurlar. Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.
Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada, Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder həm də Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət başqa bir sərvətə də malikdir. Onların boşanması çağdaş tarixin ən bahalı boşanması sayılır.
Məşhur rusiyalı oliqarx Boris Berezovski də həyat yoldaşı Qalina Beşarovadan ayrılmaq üçün 2010-cu ildə 160 milyon dollar təzminat ödəyib. Maraqlıdır ki, boşandıqdan 3 il sonra müxalif iş adamı-siyasətçi evində ölü tapılıb.
Ən məsrəfli boşanmaların tərəfləri həm də Hollivud ulduzları olur. Bunlardan biri də Mel Qibsonla Robin Moore Qibson cütlüyüdür. Onlar cəmi 3 il evli qalıblar və 2012-ci ildə boşanıblar. Aktyor arvadını boşamaq üçün 425 milyon dollar ödəməyə razılaşıb.
Milyonlarla bu qədər. İndi keçək milyardlıq boşanmalara. “Formula 1″ sahibi Bernie Ecclestone Slavıdan boşanmaq üçün 1.2 milyard dollar təzminat ödəyib. Fransız iş adamı Alec Uildenstein arvadı Cocelyndən 1997-ci ildə boşananda düz 2.5 milyard dollar ödəyib. Rus milyarderi Dmitri Rıbolovlyov isə həyat yoldaşı ilə yollarını ayırmaq üçün 4.5 milyard dollar ödəyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir