Rza Diqqeti

Dünyanın ən məşhur azərbaycanlı fotoqrafı: Əsirlərin diri-diri gözlərini çıxarmışdılar

Baxış sayı: 1. 401

“Gencaile.az” “Publika.az”-a istinadən Fransanın Azərbaycan əsilli fotoqrafı Rza Diqqətinin müsahibəsini təqdim edir.

Dünyanın ən məşhur fotojurnalisti sayılan həmvətənimiz 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. “National Geographic”, “GEO” və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy bugünədək bir sıra mötəbər mükafatlara layiq görülüb. O, Azərbaycana olan dərin məhəbbətini daim öz fəaliyətində tərənnüm edir.

Onun 2014-cü ildə işıq üzü görən “Məşəlin zərifliyi”, “Körpələr üzərində işgəncə” kitabları qanlı yanvar hadisələrinə və Qarabağ müharibəsinə həsr olunub.

– Rza bəy, necəsiniz?

– Yaxşıyam, sən necəsən?

– Sizi görüb, xoşbəxt olmamaq mümkün deyil. Rza bəy, səfəriniz, sərginiz haqda məlumat verə bilərsinizmi?

– Bildiyiniz kimi mən 40 il ərzində 100-dən çox ölkə gəzmişəm. Özü də ən çətin zamanlarda… Bu müddət ərzində insanların ən ağır, xoşbəxt anlarının şahidi olmuşam, və bu qənaətə gəlmişəm ki, bir torpağa ayaq basırıqsa, aramızda fərq olmamalıdır. Bu sərginin əsas məqsədi də budur. İnsanların irqindən, rəngindən asılı olmayaraq hamısı bir dünyanın sakinlərdir, əsilləri birdir. Fotolardakı simalar seyrçiyə nə qədər yad gəlirsə-gəlsin, gözünün içinə baxanda mütləq özünü görəcək. Məqsəd də budur. Baxın, görün, biz hamımız necə də doğmayıq.

– Rza bəy, əbədiləşdirdiyiniz kadrlar yuxularınıza gəlir?

– Çox yuxu görürəm. Bəzən kabuslar, çox vaxtsa gözəlliklər girir yuxuma.

– İlk müsahibəmizdə mənə söz vermişdiniz ki, üz-üzə görüşüb Qarabağ müharibəsi ilə bağlı xatirələrinizi bölüşəcəksiniz. Bu haqda danışa bilərik?

– Əlbəttə. Yaxşı xatırlayıram, fevral ayının son günləri idi. Parisdə idim. Xəbər aldım ki, Qarabağda savaş başlayıb, vəziyyət çətindir. Bakıya gəlməyə qərar verdim. Bakıya çatanda gördüm ki, paytaxt insanları müharibədən xəbərsizdilər. O zaman da Bakıda ancaq “İnturist” hoteli fəaliyyət göstərirdi. Hər otaq da bir ölkənin səfirliyinə verilmişdi. Hətta beynəlxaq təşkilatlardan da nümayəndələr vardı. Fransanın da iki təşkilatınan heyət gəlmişdi – Dünya Həkimlər Təşkilatı və Sərhədsiz Əczaçılıq Birliyi… Onlar Qarabağ müharibəsində zərər görən dinc əhaliyə tibbi yardım aparırdılar. Jurnalist olduğuma görə müharibə bölgəsinə yollanmağa icazə vermirdilər. Tək ümidim bu təşkilatların nümayəndələrinə qoşulub Xankəndinə getmək idi. Onlarla birgə Ağdamadək getdik. Yolboyu narahatlıq, qorxu içərisində dincə əhaliyə rast gəlirdik. Ağdamın mərkəzindəki məscidə çatanda böyük izdihamla qarşılaşdıq. Çoxu Xocalıdan əliyalın qaçmış insanlar idilər. Min bir zorakılıqla qətl olunmuş doğmalarını, ailə üzvlərini məsciddə yuyub, basdırmaq üçün toplanmışdılar.

Hətta bəziləri gözü çıxarılmış, dərisi soyulmuş cəsədlər arasında öz qohumlarını axtarırdılar. Faciənin şahidi olan insanlar mənə dedilər ki, onların diri-diri gözlərini çıxarıblar. Milli Qəhrəman Allahverdi Bağırovla elə Ağdamda tanış oldum. Bir neçə gün orada qalıb, həmin insanların dərdinə fotoaparatımla şərik oldum. Bir gün Allahverdi mənə dedi ki, əsirləri dəyişmək istəyirlər. Ağdamla Xocalı arasındakı yolda hər iki tərəfin əsgərləri əsirləri gətirdilər. Mən o əsirləri görəndə çox təsirləndim. Azərbaycanlıları ac, susuz saxlamaqdan elə vəziyyətə gətirmişdilər ki, hələ də o halları gözümün önündən getmir. Erməni əsirlərinsə əksinə, heç girovluqda saxlandıqlarını deməzdin. Orada çox foto çəkmişdim. Elə Ağdamda ikən eşitdik ki, Şuşada da döyüş başlayıb. Bütün Qarabağı dövrə vuraraq Şuşaya yollandım. O yolu da erməni qüvvələri mühasirəyə almışdılar. Keçən maşınları, əsgərləri atəşə tuturdular. Məcbur olub, bir neçə gün dağların arası ilə gedib, Şuşaya çatdım. Çox pis vəziyyət idi. Aclıq, səfalət, savaş insanları çox yormuşdu. Sonra Fransaya döndüm. Elə onda eşitdim ki, Şuşa da işğal olundu. Qarabağda çəkdiyim fotolar dünyanın ən mötəbər sərgi salonlarında nümayiş olunub. Dəfələrlə Azərbaycanda olmuşam. Qaçqın düşərgələrindəki insanlarla görüşmüşəm. Onların güzəranını çəkib, kitabıma əlavə etmişəm.

– “Reza visual academy” layihənizə Azərbaycandan olan məcburi köçkün uşaqları da cəlb etməyi düşünürsünüzmü?

– Əlbəttə, düşünürəm. Hətta bu layihə üzərində iş gedir.

– Sizinlə ünsiyyət zövqdür, Rza bəy. Bu müsahibə mənim üçün böyük şərəfdir. Minnətdaram!

– Mənim üçün də şərəf oldu. Hələlik!




1 şərh “Dünyanın ən məşhur azərbaycanlı fotoqrafı: Əsirlərin diri-diri gözlərini çıxarmışdılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir