Son dövrlər Azərbaycanda azyaşlılara qarşı zorakılıq halları çoxalmaqdadır. Az qala, hər gün mediadan qız və ya oğlan uşaqlarına işgəncə verilməsi, zorlanması kimi xəbərlər alırıq. Az öncə Xızı rayonunda 60 yaşlı kişinin məktəbdə 5-ci sinif şagirdi olan 10 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətləri ölkə gündəmini zəbt etdi. Belə ki, 60 yaşlı kişinin əməli bilinəndən sonra istintaqa cəlb olunub və məhkəmə qarşısına çıxarılıb. Hakim qarşısına çıxarılan pedofil məhkəmənin sonunda 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda digər qandonduran hadisə isə məktəblinin psixoloqu tərəfindən aşkarlanmışdı. 15 yaşlı qız 4 il boyunca atası və qardaşı tərəfindən cinsi istismara məruz qalıb. İstintaqın qənaətinə görə, 2006-cı il təvəllüdlü G. Fuadzadənin (şərti) anası 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Anası rəhmətə gedəndən sonra uşaq atası və qardaşı ilə birlikdə yaşayıb. Cinayətin üstü yalnız məktəbli qızın hadisəni öz sinif yoldaşı olan qonşusuna danışmasından sonra açılıb. Belə ki, qonşu qız bu barədə anasına məlumat verib. Qadın isə olanları qızın təhsil aldığı məktəbin psixoloquna danışmağı tövsiyə edib. “Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərlə söhbət aparmaq üçün məktəbə gələn psixoloq olanları öyrənib və bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində qızın qardaşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.
Azyaşlılara qarşı bu cür rəftar isə insanlar arasında təlaş, qorxuya səbəb olub. Valideynlərdə övladlarını cəmiyyət arasında buraxmaqdan çəkinir. Hamını bir sual maraqlanıdırır, necə edək ki, övladlarımızı bu cür “manyak”, pedofil-cinayətkarlardan qoruyaq?
Bir çox ekspertlər isə hesab edirlər ki, pedofilləri yalnız bir neçə il azadlıqdan məhrum etmək olduqca yanlış qərardır. Bizimlə söhbətdə tanınmış psixoterapevt Elmir Əkbər bildirir ki, əqli-psixoloji anlaqsızlıqları olan insanların törətdiyi cinayətə cəza verilmir: “Onlar xüsusi qapalı müəssisələrdə müalicə alırlar. Pedofilləri nə qınamaq lazımdır, onları nə tənqid etmək, nə də tənbeh etmək. Onlara nə ağıl öyrətmək, nə də tərbiyə verməyə çalışmaq lazım deyil. Bunlar üçün artıq çox gecdir, çünki bu adam dəyişməsi mümkün olmayan biridir. Ona görə də pedofil olan insanları, sadəcə olaraq, ömürlük, birdəfəlik cəmiyyətdən təcrid etmək lazımdır. Həbsxana nə üçündür? Mən, ümumiyyətlə, dünya həbsxana sistemi ilə də razı deyiləm. Bəzən hansısa azyaşlını bir xətasına görə həbs edirlər. 20-30 illik təcrübəsi olan cinayətkarlarla bir yerə salırlar, oradan potensial cani kimi çıxır. Halbuki onu başqa cür islah etmək lazım idi. Bir çox hallarda insanlar həbsxanaya haqsız yerə salınır. Pedofilləri isə hansısa formada cəzalandırmaq absurddur. Yəni insanlar həbsxanaya islah məqsədilə salınmalıdır. Pedofil isə islah olunası biri deyil. O, artıq elə bir durumdadır ki, onun instinktini dəyişə bilməzsiniz. Bu, beyin pozuntusudur, onlar isə dəyişmirlər. Ona görə də o adam əbədi, ömürlük həbs olunmalıdır”.
Bəs pedofilləri necə tanımalı?
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov fikirlərini belə izah etdi: “Pedofiliya anormal davranış sayılır. Pedofillər ruhi cəhətdən xəstə insanlardır. Sadəcə, onlar digər ruhi xəstələrdən fərqli olaraq, öz hərəkətlərini yaxşı dərk edir, özlərini cəmiyyətdə normal idarə edə bilirlər. Bu səbəbdən də onların çirkin əməl törədəcəyi ətrafdakıların ağlına gəlmir. Pedofiliya çox təhlükəli haldır və bu, digər zorakılıqlardan qat-qat qorxuncdur. Çünki zorlanan qadın heç olmasa özünü müdafiə edə bilər. Amma uşaqlar çox köməksizdirlər. Bu səbəbdən də onlar ən təhlükəli cinayətkarlardır”.
Psixiatrın sözlərinə görə, pedofiliya hər yaşda ola bilər: “Belə hallar anti-sosial, qadınların diqqətini çəkməyi bacarmayan insanlarda daha çox olur. Bu insanlar milli mənəviyyata, etik, sosial standartlara nifrət edirlər və bunlara riayət etmirlər. Onlar real həyatda uğursuz insanlardı. Özlərini ifadə edə bilmirlər, insanlarla normal münasibətlər qura bilmirlər, ən əsası belə insanlarda özünü qiymətləndirmə aşağıdır. Məhz bu səbəbdən həmin şəxslər ən köməksiz obyekti axtarırlar. Elə adam seçirlər ki, özünü müdafiə edə bilməsin. Pedofillər əsasən tanış, ailəyə yaxın adamlar olur. Belələri çox zaman zorakılıq göstərdiyi uşağın ailəsinə yaxın, yaxud qonşuluqda yaşayan biri olur. Çox nadir hallarda pedofil zərərçəkənə uzaq adam olur. Uşaqlar sadəlövhdür. O insana etibar edir, ağlına da gətirmirlər ki, nə isə pis bir şey baş verə bilər. Pedofillər adətən tək və ya valideynləri ilə yaşayırlar. Ya işsiz olur, ya da tez-tez işlərini dəyişirlər. Çünki onlar özlərini ifadə edə bilməyən, kompleksli insanlardır. Onların içində həmişə gizli aqressiya izlənə bilər”.
Psixiatr onu da əlavə edir ki, Qazaxıstanda pedofilləri kimyəvi yolla axtalayırlar: “Bu, həqiqətən yaxşı üsuldur. Fransada da, Belçikada da, bir çox xarici ölkələrdə də pedofiliya ilə mübarizə bu qanunla tənzimlənib. Avropa ölkələrində isə bağçalarda, məktəblərdə uşaq psixoloqları maarifləndirmə işləri aparırlar”.
F.İsmayılov qeyd edir ki, Azərbaycanda da bu kimi dəhşətli hadisələrin qarşısının alınması üçün məktəb psixoloqları xüsusi treninq keçməlidirlər: “Zorakılığa həssas uşaqlarla danışmalıdırlar. Valideynlər də diqqətli olmaldırlar, zorakılığa məruz qalan uşaqlar özünə qapanan olur. Onlar əks cinsi və ya öz həmcinsi olan insanlardan çəkinməyə başlayırlar. Belə uşaqlarda qorxular, qarabasmalar olur, onlar müxtəlif yuxular görürlər. Psixoloqlar belə məqamlara diqqət eləməlidirlər. Valideynlər elə etməldirilər ki, uşaqlar öz şikayətlərini onlara desinlər. Bu zaman yaxınları onları müdafiə edə bilər. Çünki zorakılıq edən insanlar uşaqları tez tez hədələyirlər, onlara “anana desən, ananı öldürəcəm” kimi təhdidlər edirlər. Amma valideyn diqqətli olsa, uşağında baş verən dəyişikliyi hiss edə bilər”.
Afaq MİRAYİQ