İndi təqdim edəcəyimiz məhəbbət əhvalatları görkəmli şair və yazıçıların həyatındakı epizodik sərgüzəştlərdən deyil. Əksinə, ədiblərin uzun illər davam etmiş ciddi münasibətləri yaradıcılıqda da onların ilham mənbəyi olub. Bəli, hekayətlərimizin qadın qəhrəmanları da sadəcə sevgili olmayıb, heç bir cəhətdən öz tərəf-müqabillərindən geri qalmırdılar.
İvan Turgenev – Polina Viardo
Xəyallar qədər qeyri-adi görünən bu macəra 40 il davam edib və iki görkəmli insanın ən güclü sevgi bağlılığı kimi bu günədək misal çəkilir. Turgenev bütün ömrünü “Polina ilə görüşənədək” və “Polina ilə görüşdükdən sonra” mərhələlərinə bölür. Böyük opera artisti, kifir və ərli qadın olan Viardonu “Turgenev üçün narkotik” adlandırırdıar. Onu bircə sözlə – “sirena” (qədim yunan əsatirində: dəniz pərisi – tərc.) adlandırmaq daha doğru olardı. Müğənninin amiranə, sehrli səsi və qeyri-adi səhnə temperamenti (“qaraçı”, – Turgenevin anası onu belə adlandırırdı) var idi. “Mən sizdən uzaqda yaşaya bilmirəm. Mən sizin yaxınlığınızı hiss etməli, ondan zövq almalıyam. Gözlərinizin mənə parlamadığı gün – itirlmiş gündür”, – o, əvəzində heç nə istəmədən Polinaya yazırdı. Yazıçı həmişə ya Viardogildə, ya da onun evinin yaxınlığında yaşayar, Avropanın yalnız Polinanın qastrola getdiyi ölkələrinə səyahət edərdi. Turgenevi vətənpərvər olmamaqda (həqiqətən də o, Rusiyada çox az-az olurdu) və gələcəyi olmayan bu mənasız münasibətə son qoymağa iradəsi çatmadığı üçün suçlayaraq amansızcasına tənqid edirdilər.
Viardo haqqında çox vaxt ömrünün sonunadək ailə xoşbəxtliyini dadmayan yazıçını özünə bağlamış xudpəsənd xanım kimi danışırlar. Ancaq Turgenev təhkimli kəndli Avdoti İvanovadan olan qızı Pelageyanı (sonradan Polett) məhz Viardonun evinə gətirir və Viardo onu məhz öz qızı kimi böyüdür. Viardo Turgenevin xatirinə rus dilini öyrənir, bütün konsertlərinə rus romansları daxil edirdi. Ağır xəstə olan İvan Sergeyeviç gözlərini məhz onun qollarında yumur, yazıçı son hekayə və məktublaarını məhz ona diktə edir. Turgenevin cənazəsini də dəfn olunmaq üçün Rusiyaya məhz Viardonun qızı aparıb.
Corc Sand – Frederik Şopen
Zamanının iki məşhur siması – fransız yazıçısı Corc Sand (Avrora Düpenin təxəllüsü, ərlik familiyası Düdevan) və Polşa bəstəkarı Frederik Şopen təxminən 10 il sevgili olublar.
Köhnə qaydaların mühafizəkarları Corc Sandı cəsarətli, müstəqqil və azad filirlərinə görə sevmirdilər. O, Noan malikanəsinin sahibəsi kimi sakit həyatı çətin yazıçılıq sənətinə, baronessa Düdevan adını isə kobud kişi təxəllüsü Corc Sanda dəyişmişdi. Hekayətimiz üçün xanım Sandın bir çox görkəmli ədiblərlə münasibətini seçə bilərdik. Əgər yazıçı Prosper Merime keçici bir epizod idisə, onun şair Alfred Müsse ilə macərası indiyədək fransız ədəbiyyatı tədqiqatçılarını “müsseçilər” və “sandçılar” qisminə bölür. Belə ki, həm bu, həm də digər yazıçının nəhənd ədəbi irsi bu çılğın romanın cərəyan etdiyi dövrü əhatə edir. İki əsil sənətkar çox poetik və təmtəraqlı şəkildə ayrılırlar.
C.Sand: “Mən daha səni sevmirəm – sənə əbədi heyranam. Mən daha səni istəmirəm, ancaq sənsiz keçinə bilmirəm. Deyəsən, yalnız ilahi ildırım məni məhv edərək sağalda bilər”.
А.Müsse: “Sənin ağuşunda elə anlarım olub ki, onların xatirələri indiyədək – və görünür, hələ uzun müddət – başqa qadınlara yaxınlaşmağıma mane olur”.
Lakin Corc Sand və Frederik Şopenin on illik məhəbbətərinin tarixçəsi daha məşhurdur. Onların münasibətləri çox mürrəkkəb yollardan keçmişdi. Sand Şopendən böyük idi, birinci nikahdan iki böyük övladı var idi. Artıq bərk xəstə, əsəbi və həddindən artıq özünə qapanmış bəstəkar, demək olar ki, onunçün üçüncü övlad oldu. Yazıçı özünü hamı üçün məsuliyyət daşıyan ailə başçısı kimi hiss edirdi. O, bəstəkarın səhhətinin qayğısına qalır, onu bütün məişət problemlərindən uzaq tuturdu. Xarakter və siyasi meyillərindəki müxtəlifliyə, qarşılıqlı qısqanclıqlarına baxmayaraq, uzun müddət bir-birinə çox güclü hislərlə bağlanmışdılar. Noanda yazıçının malikanəsi var idi, ailə yay aylarını orada keçirərdi, burada Şopenin də səhhəti yaxşılaşardı.
Sonralar tərəflərin yolları ayrılmağa başlayır. Sandın dostları elə hesab edirlər ki, Şopen onun bütün həyat gücünü, qüvvəsini alır. Şopenin rəfiqləri isə əksinə, belə düşünürdülər ki, Sand özünün dəlisov xarakteri ilə bəstəkarı stress və əsəbi gərginlik vəziyyətində saxlayır və bununla da xəstəliyini kəskinləşdirir. Hər necə olsa da, Frederik Şopen 1848-ci ildə yazıçıdan ayrıldıqdan sonra cəmi bircə il yaşadı. Yeri gəlmişkən, sevgililərin ilk ciddi incikliyinin səbəbi Şopenlə Corc Sandın oğlu Moris arasındakı münaqişə oldu. Şopeni anasına qarşı qoyan Solanjla intriqaları isə bu münasibətə son qoydu.
Bernard Şou – Stella Patrik Kempbell
Düz altmış il boyunca Şou əlliyə yaxın pyes yazıb. Hələ Birinci dünya savaşınadək o, təkcə İngiltərədə deyil, həm də bütün Avropada böyük dramaturq kimi tanınırdı. Uzun illər onun sevgilisi olmuş Stella Patrik Kempbell isə dövrünün ən məşhur və heyrətamiz aktrisası kimi London səhnəsində parlayırdı. Onların macərası olduqca qəribə və müəmmalarla dolu tarixçədən ibarətdir. Sevgililər 40 il ərzində bir-birilərinə, demək olar ki, dünyadakı bütün məsələlərə dair çoxlu məktublar yazıblar. Hər ikisinin dili məcaz və aforizmlərlə, istehza və tikanlı sözlərlə zəngin idi. Stella Bernard Şouya məktubunda deyir: “Əgər mən Sizin kimi məktub yaza bilsəydim, Cənab Tanrının özü ilə yazışardm”.
Cütlük təkcə səhnədə deyil, həyatda da rol oynayırdılar. Məhz buna görə də onların münasibətləri haqqında indiyədək vahid bir fikir yoxdur: aralarında real məhəbbət romanı yaşanıbmı, yoxsa hislərinin bütün çılğınlıqları yalnız kağız üzərindəmi qalıb?
Stella 17 yaşında Patrik Kempbellə kor-koranə aşiq olur və ərə gedir. Qayğısız gənc çiçəkləri və quşları sevirdi. Üç ildən sonra illüziyalar əriyir və missis Patrik Kempbell qucağında iki uşaq – oğlu Beo və qızı Stella – və həyatda heç nədən başı çıxmayan, müvəffəqiyyət ardınca İngiltərənin cənub müstəmləkələrinə üz tutmağı qərara alan əri ilə həyatla mübarizə aparmalı olur. Stella özünü, uşaqlarını dolandırmaq, hələ üstəlik Patrikin növbəti “xəyali layihələri”nə də pul göndərmək üçün həddən artıq çalışmalı, ağır işlərdə işləməli olur.
Bernard Şou evli idi və arvadı Şarlotta ilə aralarında heç bir yaxınlıq olmayacağını razılaşmışdılar. O, seksual zəminə dayanan məhəbbəti qəbul etmirdi. Arvadı onun qayğısına qalır, qulluq edirdi və Şou həyatında heç nəyi dəyişməyə hazırlaşmırdı. Stella isə onun qəlbinin və ruhunun dərinliklərinə çökmüş, dərin iz buraxmışdı. Əlbəttə, o, yazıçını ilk növbədə bir aktrisa kimi heyran qoymuşdu. Şou onun istedadı qarşısında baş əyir və etiraf edirdi ki, Stella səhnədə bir balaca “gözlərini ağardan” kimi bütün normal kişilər əsərin bədii dəyərini düzgün qiymətləndirmək bacarığından məhrum olurlar. Şou bu təsiri “faciəvi korluq” adlandırırdı.
Aktrisa şöhrətli yazıçını sevirdimi? Bu hələ də müəmma olaraq qalır? Əlbəttə, Şounun bu qədər açıq ehtiramı ona böyük zövq verirdi. Lakin qadın həm də anlayırdı ki, bütün bu flirtlər hamısı işin maraqları xatirinədir – sevgili qismində olmaq onun işinə yarayırdı. Şou özü də etiraf edirdi ki: “Qadınlar mənim yanımda çox şey itirilər… Mən onları xeyli üfürüb köpürdürəm. Ciblərim sevgi qərikləri ilə doludur, ancaq onlar adi qəpiklər deyil, qəlpdirlər… Məhəbbət isə məni əyləndirir, gücümü bərpa edir”. Stella ona eyni kartlarla cavab verir, onu şirnikləndirərək özünə çəkir, xüsusilə də ciddi gün rejimini və arvadının kefini pozmamağa çalışmasını lağa qoyurdu.
Aktrisa çox ağır həyat yaşayır. İngilis-bur müharibəsində əri, Birinci Dünya savaşında isə oğlu həlak olur. “Qılıqsız Pat” (Şou onu belə adlandırırdı) qocalır, rollarından və maliyyə vəsaitlərindən məhrum olur. İngiltərədəki mülkünü satıb xoşbəxt həyat axtarışına çıxmağa məcbur olur. Kitablardan bir qədər pul qazanmaq məqsədilə Şounun razılığı və iştirakı ilə memuarlarını və məktublaşmalarının bir qismini nəşr etdirir. “Epistolyar məhəbbət”in epiloqu Jerom Kiltinin “Əziz yalançı” pyesi olur. Onun dünya teatr səhnələrindəki uğuru gözlənilənləri də ötüb keçir. Qeyri-adi sevgililərin qeyri-adi məhəbbəti (gerçəkmi, yoxsa epistolyarmı?) kağız üzərindəki sözlərdən, 40 illik məhəbbət etiraflarından ibarət olmaqla qalmadı, münasibətlərin tamam fərqli, özəl təzahürü kimi yaddaşlara yazıldı.
Sergey Yesenin – Aysedora Dunkan
Qızılı saçlı şairin çoxlu sevgi əlaqələri olub, o, qadınları tez-tez dəyişirdi. Lakin bütün romanları ötəri, keçici idi, Zinaida Rayx və Aysedora Dunkanla olan əlaqələrindən başqa. Yesenin yalnız onlar haqqında deyirdi ki, bu qadınları həqiqi məhəbbətlə sevib. Şairin hər iki sevgilisinin taleyi faciəli sonluqla bitir: Zinaida Rayx öz evində qətlə yetirilir, Aysedora Dunkan isə şərflə boğularaq öldürülür.
Aysedora Dunkanı müasir tərzdə rəqs edən ilk rəqqasə, striptizin banisi, görkəmli balerina adlandırırlar. Aysedora hara gedirdisə, arxasınca qalmaqallar və macəralar şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) də ardınca gedirdi. O, hətta bir dəfə səhnədə “ədəbsiz” hərəkət etdiyinə və tamamilə açıq-saçıq paltarla çıxdığına görə həbs olunmuşdu. Yesenin və Dunkan rəqqasənin oynadığı məclislərdən birində tanış olurlar. Beş dəqiqədən sonra şair sözün əsl mənasında onun ayaqlarının altına sərilib gözəl baldırlarını qucaqlamışdı, üç saatdan sonra isə birlikdə getmiş və düz üç il ayrılmamışdılar. “Məhəbbət kordur” adlanan möcüzə baş vermişdi. Onlar ayrı-ayrı dillərdə danışırdılar, ayrı-ayrı ölkələrdə və mühitlərdə böyümüşdülər və ən nəhayət, Aysedora Yesenindən 15 yaş böyük idi – ancaq bir-birlərini görərkən bütün bunların hamısını və bütün dünyada olub-qalan hər şeyi tamamilə unutdular və hər şeyə üstün gələn fövqəlbəşər duyğuların dalğalarında üzərək həyatdan və məhəbbətdən zövq aldılar.
Təbii ki, belə bir sevgi uzun müddət sürə bilməzdi. Dunkan gənc Yesenini dəli kimi qısqanırdı. Xarici səfərlərdə Rusiyada tanınmış bir şairi böyük rəqqasənin əri kimi təqdim edəndə Yesenin utancından ölürdü. Sərxoşluğa aludə olmuş Yesenin huşu başında olmayanda Aysedoranı “cəhənnəmə göndərir”, arabir döyür, ağır sovet çəkmələrini ona tolazlayır, qaçıb gedir və iztirab içində, nəvaziş və peşmanlıqla geri qayıdır, başını onun dizlərinə qoyub ağlayardı. Onlar qəfil qarşılaşdıqları kimi gözlənilmədən də ayrıldılar. Ərinin sərxoş halları Aysedoranı təngə gətirdi. Yesenin birdən ayılıb qarşısında yaşlaşmış yadelli qadın gördü. Bir ildən sonra şair artıq yox idi, daha bir ildən sonra isə rəqqasə də yox idi. Ancaq onların böyük və faciəvi sevgi tarixçələri hələ çox yaşayacaq.
Aleksandr Düma-oğul – Mari Düplessi
Nə üçün iki gənc insanın ömrü gödək olan bu məhəbbəti belə dərin iz qoyub? Çünki kurtizankanın obrazı, həyatı və ölümünü Aleksandr Düma-oğul və Cüzeppe Verdi kimi sənətkarlar “Kameliyalı qadın” romanı və “Traviata” operasında əbədiləşdiriblər. Hər iki əsər öz zamanında çox böyük uğur qazanıb və əsl klassik mədəniyyət nümunəsinə çevrilib.
Alfosina Plessi fermer ailəsində doğulub və şayiələrə görə, qaraçılara satılıb. Yenidən Mari Düplessi adıyla Parisdə peyda olanda artıq 15 yaşı var idi. İş axtarmaq lazım gəlmir: əsilzadə simalı əsrarəngiz gözəl dərhal özünə himayədar tapır, sonra növbəti sevgili, daha sonra bir başqası və i.a. Mariya dəbdəbəli həyat yaşayırdı, çox tezliklə gözəlliyinə mütaliəsi, fortepianoda çalmaq bacarığı və xöşagəlim ədaları da əlavə olunur. Kişilər onu görəndə ağılları başdan çıxırdı.
Ancaq Düma ilə macəraları daha çox onunla diqqət çəkir ki, cütlər görüşənədək yazıçı nə zəngin idi, nə də məşhur. Xoşbəxt görüş anlarını vərəmdən əziyyət çəkən Marinin xəstəliyi kədərə qərq edirdi. O, 23 yaşında vəfat edir. Bu vaxt Düma İspaniyada səfərdə idi. Sevgilisinin ölüm xəbərini alan yazıçı onun hərraca qoyulan əmlakından bir qızıl sep alır və “Kameliyalı qadın” romanını, daha sonra isə eyni adlı pyes yazaraq məhəbbətini doğrudan da ölümsüz edir.