1. Vinçesterlərin evi, Kaliforniya
2. Aokiqahara meşəsi, Yaponiya
Fudzi dağının ətəyindəki qaranlıq meşədə nə qədər dəhşətli film çəkmək olar. Milli parkın sıx ağaclarından demək olar ki, günəş sızmır. Bu yerdə kompaslar belə işləmir. Yaponlar özləri bu meşəni “intiharçılar meşəsi” adlandırırlar. 1950-ci ildən bəri beş yüzdən çox adam bu meşənin dərinliklərində həyatlarını itiriblər. Əksər meşələrin girişlərində yazılan kimi “zibil atmayın!” elanını bu meşədə “yaxınlarınızı düşünün” elanı əvəz edir. Hər yerdə psixoloji xidmət bürolarının telefonları yazılıb. Video müşahidələr aparılır. Amma insanlar (çox vaxt ofis həyatından bezmiş kostyumlu məmurlar) ölməyə davam edirlər. Meşədə gəzən turistlər tez-tez asılmış cəsədlərlə rastlaşırlar.
3. Overtaun körpüsü, Şotlandiya
Qədim tağlı körpü şotland kəndi Miltonun yaxınlığında yerləşir. Onunla yanaşı, möhkəm Overtaun köşkü yerləşir. Bina nə qədər qorxulu olsa da, insanlar ondan deyil, məhz körpüdən qorxurlar. XX əsrin ortalarında onun üstündə qəribə hadisələr baş verirmiş. Onlarla it qəfil qaçıb körpüdən tullanır, 15 metr yüksəklikdən düşərək daşlara dəyib parçalanırdılar. Yaşayan itlər geri dönüb yenidən tullanırmışlar. On il ərzində körpüdə yüzlərlə it intihar edir. Maraqlısı odur ki, onlar hamısı məhz bir yerdən tullanırdılar. Zooloqlar, veterinarlar və digər mütəxəssislər sirrin üstünü açmağa çalışırlar. Tezliklə aydın olur ki, körpünün altında siçovul və siçanlar yaşayır və çox güman itlər xüsusi heyvani instinktlə onlara hücum etmək istəyirmişlər. Amma digər versiya da var ki, körpü ölülərlə dirilər arasında sərhəddir. İtlər maraqlanıb bu sərhədin iyi ilə gedincə maraqlarının qurbanı olurlar.
4. San Ji, ruhlar şəhəri. Tayvan
Dəniz sahilindəki zəngin və gözəl istirahət mərkəzi məhz yerli zənginlər üçün tikilmişdi. Qeyri-adi formalı evlər, dairəvi otaqlar, əyri pillələr adilikdən bezən insanlar üçün nəzərdə tutulmuşdu. Lakin elə tikinti zamanı məlum olur ki, San Ji lənətli yerdir. Onlarla işçi qeyri-adi şəraitdə ölür. Boynunu sındıran kim, hündürlükdən düşən kim, kranlar altında qalan kim. Ətrafda yaşayan əhali əmin idi ki, ərazidə qara ruhlar dolaşır. Bu ərazidə nə vaxtsa yerləşən yapon “ölüm lageri” haqqında dəhşətli əfsanələr dolaşırdı. 1980-ci ilin sonlarında tikinti dayandırılır. İnvestorlar gözləyirlər ki, kimsə bu əraziləri alacaq, amma, bütün danışıqlar uğursuzluqla nəticələnir. Bu yerin qara qüvvələr tərəfindən zəbt edildiyinə inanan mövhumatçı taylandlılar ərazini almaqdan imtina edirdilər. Nəticədə şəhər yavaş-yavaş ruhlar şəhərinə çevrilirdi. Hökumət hələ də yetim kimi sahildə dayanan evləri sökməyə cəhd etsə də, əhalinin etirazı ilə rastlaşıb. İnsanlar elə bilirdilər ki, o evlər sökülsə, qorxulu ruhlar ətrafdakı kəndlərə, qəsəbələrə dağılışacaqlar.
5. Poveqliya adası, İtaliya
Venesiyanın yaxınlığında yerləşən Poveqliya adası dəhşətli hadisələr dumanında itib batıb. XIV əsrin bir neçə onilliyi, dünyada “Qara ölüm” gəzərkən cüzamdan və sağalmaz xəstəlikdən əziyyət çəkən ümidsiz insanları bu adaya atardılar. Elə bu kiçik adadaca minlərlə insanın dəfn edildiyi qardaş qəbirləri qazılırdı. Versiya var ki, cəsədləri dəfn etməyiblərsə, yandırıblarsa, Poveqliya adasının torpağının 50 faizi ölülərin külündən ibarətdir. Amma dayanın, bu hələ hamısı deyil. 1922-ci ildə adada psixiatrik xəstəxana tikilir. Xəstəxananın az qala bütün xəstələri baş ağrısından şikayətlənirmişlər, tez-tez binanın ruhlarla dolu olduğunu deyirmişlər. Lakin bu elə baş həkimin ürəyincə idi. Çünki o xəstə insanlar üzərində müxtəlif təcrübələr aparırmış. İndi də adada yarısı dağılmış, dəmir barmaqlıqlı pəncərələri, sındırılmış tibb alətləri olan bina qalmaqdadır. Deyilənə görə, adada indi mayak kimi fəaliyyət göstərən bina isə elə həmin baş həkimin sonu olur. Özü də ağlını itirən həkim özünü həmin binadan aşağı atır.
6. Catinqa, Hindistan
Hindistanın Assam ştatında dağlarda yerləşən Catinqa kəndi “quş qəbirstanlığı” adını alıb. Hər ilin avqust ayında burada göyün üzündə minlərlə qanadlı görünür ki, onlar qışqırıqla yerə düşürlər. Kütləvi intihar bir neçə gün davam edir. Quşların əksəriyyəti ölür, sağ qalanları isə hipnoz altında kimi olurlar. Onları rahat ələ götürmək olur. Hindlilər bunu Allahın hədiyyəsi hesab edirlər. Ornitoloqlar artıq uzun illərdir ki, Catinqi fenomenini öyrənirlər. Versiyalardan birinə görə, hər şeyin günahkarı məhz geofizik anomaliyadır. Bu da quşları getdikləri istiqamətdən yayındırır. Digər versiya isə ondan ibarətdir ki, qanadlılar güclü külək axınına düşürlər, güclərini itirirlər və kənd tərəfdə yanan işıqları görüb ona istiqamətlənirlər. Amma məsafəni düzgün hesablamadıqlarından ölürlər.
7. Gəlinciklər adası, Meksika
Asteklərin bu qorxu krallığına düşmək üçün məşhur Soçimilko kanalı ilə üzmək lazımdır. Adadakı hər ağacdan, hər tikilidən sındırılmış qol, ayaqlı, burxulmuş başlı gəlinciklər sallanır. Bütün bunları adada quran isə Culian Barrera adlı adamdır. Bir dəfə kanalda bir qız batır. Culian ölüm yerində təsadüfən qıza aid gəlincik tapır. İnanır ki, gəlincik ölü qızın ruhudur onu adada saxlayır. Sonra daha bir gəlincik tapır. Və daha dayana bilmir. Növbəti 50 ildə tapdığı hər gəlinciyi adaya aparır.
Ağlını itirmiş meksikalı hətta adada özü üçün yer düzəldib yaşayır. Çirkin gəlinclik kolleksiyası artmaqda davam edir. Bir dəfə ada su altında qalır. Su çəkildikdən sonra isə Culiandan əsər əlamət olmur.
8. Meri Kinq dalanı, Edinburq
400 il qabaq Meri Kinq kvartalı Edinburqda ən çox adam yaşayan yerlərdən biri idi. Bir gün şəhərə vəba xəstəliyi yayılır və hər şey dəyişir. Deyilənə görə, xəstəliyin qarşısını almaq üçün hökümət bütün vəbalıları bu rayonda bağlayıb beton daş hördürür. İnsanlar kənardan heç bir kömək olmadan daş divarlar arxasında ölürlər. Ölənlər arasında balaca Enni də olur. Ennini valideynlərindən ayırıb daş divarlar arxasına salırlar. Əslində bütün bu hadisələrin əfsanə olduğunu deyirlər. Lakin indi də Edinburqun bu kvartalında heç kim yaşamır və onu qorxulu atraksiona çeviriblər. Deyirlər ki, kvartal ölmüş insanların ruhu ilə dolub daşır. Hətta bəzilərinin dizindən balaca Enninin ruhu yapışır.