Məlum olduğu kimi, Azərbaycanın Odlar Yurdu Universiteti (OYU) tələbə və müəllimlərin dikdaban ayaqqabı geyinməsinə qadağa tətbiq edib. Universitet qadağa ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər avtomatik olaraq dərs prosesini pozduğu üçün belə bir qadağa qüvvəyə minib.
“Bu mənada tələbələrə ciddi məlumat verilib. Hesab edirik ki, tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir. Bu qayda illərdir ki, universitetimizdə tətbiq olunur və həm tələbələrimiz, həm də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır” – məlumatda deyilir.
“Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də, çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Toyun, ziyafətin öz geyimi var, ali təhsil müəssisəsinin də öz geyimi. Hər bir tələbə zövqünə uyğun geyim geyinməkdə sərbəstdir, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir. Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən xarici universitetlərdə artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar da tətbiq olunanda həmin təcrübələr öyrənilmişdir”, – deyə, OYU-nun mətbuat xidmətindən verilən açıqlamada deyilir.
Qeyd edək ki, Azərbaycanın Odlar Yurdu Universitetində xanım tələbələrə və müəllimələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb. Bununla əlaqədar olaraq, “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır”, – deyə universitet binasının foyesində məlumat da yerləşdirilib.
Beləliklə, mövzu ilə bağlı dünyadakı təcrübəni oxucularla bölüşürük. Azərbaycanda ciddi reaksiyaya səbəb olan bu qadağanın başqa ölkələrdəki alternativi varmı? Varsa hansı formadadır? Ali və orta məktəblərdə nələr, hansı formada qadağandır?
Məktəbə çanta ilə girmək olmaz…
Almaniyadakı 170 orta təhsil müəssisəsində şagirdləri izləmək üçün xüsusi cihazlardan istifadə olunur. Onların məktəbdə hansı yeməyi yediyini, yeməkxanadan nə aldığını və harada olduğunu izləmə imkanı verən tətbiqdən əsasən məktəb rəhbərliyi və valideynlər istifadə edir. Bu isə məktəbli formalarının ətəklərinə taxılan xüsusi cihazlar vasitəsilə baş tutur.
İngiltərə məktəblərində şagirdlərdən ikisinin yaxın dost olması qadağandır. Ekspertlər digər şagirdlərin belə dostluqlardan əziyyət çəkdiklərini, özlərinə qapandıqlarını bildirirlər. Onların dediyinə görə, bu qadağa uşaqların bir-biri ilə daha çox ünsiyyət qurmalarına və tez sosiallaşmalarına səbəb olur.
İngiltərədə həmçinin müəllimlərə tətbiq olunan qadağalar da mövcuddur. Məsələn, onların imtahan vərəqlərini yoxlayarkən qırmızı qələmdən istifadə etməsinə icazə verilmir. Yazıdakı bu rəngin şagirdlərə həddindən artıq mənfi təsir göstərdiyini və onlarda inamsızlıq formalaşdırdığını iddia edirlər. Buna görə də İngiltərə məktəblərində müəllimlər yaşıl mürəkkəbli qələmlərdən istifadə edirlər.
Amerikanın Miçiqan əyalətində şagirdlərin məktəbə çanta ilə daxil olması qadağandır. Ekspertlər məktəb ləvazimatları ilə doldurulmuş çantaların uşaqların sağlamlığı üçün zərərli olduğunu bildirirlər. Şagirdlərin kitab və dəftərləri sinifdəki rəflərdə saxlanılır. Onlar məktəbə gələndə kitabları götürüb istifadə edir, evə getdikdə isə yerinə qoyurlar.
Amerikanın bəzi yerlərində qışda məktəbə çəkmə ilə gəlmək olmaz. Onların qadağan olunmuş əşyaları bu çəkmələrin içində gizləyərək məktəbə gətirdikləri bildirilir.
Tələbələr bu reklama baxa bilməz
Fransanın paytaxtı Parisdə məşhur Sorbanna Universitetinin ətrafında səyyar bilboardlarla edilən reklam fahişəliyi təşviq etdiyi əsaslandırıldığı üçün aradan qaldırılıb. Sözügedən reklam bir tanışlıq saytına məxsusdur və universitet rəhbərliyi hesab edir ki, reklamın məzmunu özlüyündə çirkindir. Belə ki, reklamda “Romantizm, tutqu və 0 tələbə kredisi, bir şirin dayı və bir şirin xala ilə sevgili olun” yazılıb. “Sugar daddy” və ya “Sugar mama”, yaşlı və varlı sevgililəri ifadə edən, ingiliscə bir ifadədir. Eyni tanışlıq saytının bu reklamı Belçika universiteti rəhbərliyində də etiraza səbəb olmuşdu. Ümumiyyətlə, hər iki universitet tələbələrinin bu sayaq saytlara girməsini qadağan edib.
Türkiyənin Trakya Universitetinin ədəbiyyat fakültəsində tələbələrin imtahanlara cib telefonu ilə girməsi yasaqanıb. Buna səbəb tələbələrin imtahanlarda telefonun yardımı ilə köçürmələridir. Bu, ilk vaxtlar universitetdə ciddi etirazlara səbəb oldu. Tələbələr bu yasağın daim köçürən tələbələrə tətbiq olunmasının vacibliyini bildiriblər.
Tələbələr dar palto geyinə bilməz
Bir neçə il öncə İranda yeni bir qərarnamə ilə qız tələbələrin dar cins şalvar və dar palto geyinmələri yasaqlanıb. Oğlan tələbələrin isə “qısa qollu” geyinməsi qadağan edilib. Bundan başqa, qız tələbələrin dırnaqlarını uzatması və tatuaj etdirməsi də qadağandır. Yaylıq taxmadan sadəcə, papaqla gəzmək də qaydalara uyğun deyil. Oğlan tələbələrin isə saçlarını boyaması, qaşlarını alması, dar qiyafələr və “həddən artıq qısa qollu köynəklər” deyinmələri yasaqlanıb.
FARS xəbər agentliyi bu qadağanın bütün universitetlərdə keçərli olduğunu bildirib. Amma bunların niyə seçildiyini açıqlamayıb. İranda 1979-cu ildə İslam İnqilabından bəri qadınların geyimi ilə bağlı bir çox düzənləmə həyata keçirilir. Xüsusən yay aylarından öncə geyimlə bağlı xəbərdarlıqlar yayımlanır və din polisinin basqınları artır. Rəhbərliyin qış aylarında belə bir qərar almış olması bu səbəbdən də birmənalı qarşılanmadı. Qadağanı dəstəkləyən din adamları da dar cins şalvarın kişiləri təhrik etdiyini deyir. Bundan başqa, tələbələrə braziliyalı yazar Paulo Koelyonun kitablarını oxumaq da qadağan edilib. “Kimyagər” romanının yazarı bildirib ki, kitablarına bu ölkədə niyə yasaq qoyulması ilə bağlı hər hansı məlumatı və versiyası yoxdur.
İstanbul Universiteti (İÜ) Baltalimanı Sosial Tesislərində spirtli içki satışı yasaqlanıb. Buna səbəb tələbələrin bu məkanda içki içib dava salmaları, eləcə də təhsildən yayınma cəhdləridir.
Bilkent Universitetində isə 2012-ci ilin sentyabr ayından etibarən tələbələrin universitet binası daxilində siqaret çəkməsi qadağan olunub. Universitetin professoru Abdullah Atalar bildirib ki, siqaret ciddi asılılıq yaradır və sağlamlığa da çox böyük ziyan vuran kimyəvi bir maddə, zəhərdir: “Necə ki, kokain, heroin kimi narkotik maddələr asılılıq yaradır, eləcə də siqaret. Bunu ali məktəb tələbələri arasında qadağan etməsək, qarşısını ala bilmərik”.
Hacettepe Universitetində tələbələrin seçki ilə bağlı təbliğatlara qoşulması qadağandır. Heç bir tələbə bələdiyyə, prezident və parlament seçkilərində təbliğata qoşula bilməz.
Cib telefonu qadağası – telefon dərsi pozur
2018-ci ilin 30 mayinda Fransa parlamenti tələbələrin universitetə qədər məktəbə cib telefonu daxil etməsini yasaqlayan düzənləməni qəbul edib. Gələn il başlayacaq yasaqdakı məqsəd telefondan asılılığı azaltmaq, dərsə fokuslanmaq, tələbələrin bir-birilə təmasını təmin etməkdir.
Sözügedən qadağa ölkə miqyasındakı bütün məktəblərdə gələn il başlanacaq. Bəzi ailələr bu tətbiqetməyə dəstək verdikləri halda, bəziləri isə etiraz edib. Uşaqları ilə fövqəladə vəziyyətlərdə necə əlaqə saxlayacaqlarını bilməyən ailələr bu qadağanın yanlış olduğunu düşünür. Onlar eyni zamanda hesab edir ki, bu qadağaya görə şagirdlərin məktəbə qarşı maraqları da azalacaq.
Bu qadağaya prezident Emmanuel Makron da dəstək vermişdi. Fransada 12 ilə 17 yaşındakı uşaqların 93 faizi cib telefonuna sahibdir. Məktəblərin böyük hissəsi 2016-cı ildən etibarən şagirdlərin məktəb binalarına cib telefonu ilə girişinə icazə vermir.
Türkiyədə isə Milli Təhsil Nazirliyi rəhbərliyinə görə, məktəblərə cib telefonu gətirmək cinayət deyil, amma dərsdə ondan istifadə etmək qadağandır. Qaydalara uymayan şagirdlər intizam pozuntusuna yol vermiş sayılır. Telefonunu açıq saxlayaraq dərsi pozan şagird və tələbələr qınama cəzası alırlar. Valideynlər də bir çox hallarda bu qadağanı nəzərə almırlar.
Qız şagirdlər yubka ilə dərsə gələ bilməz
“İndependent”da yer alan xəbərə görə, İngiltərədəki 40 məktəbin qız şagirdlərinin dərslərə yubka ilə girməsi yasaqlanıb. Artıq hər kəs şalvar geyinmək məcburiyyətindədir.
Qıraqdan baxanda çox qəribə bir yasaqmış kimi görünür. Amma əsaslandırması ondan da qəribədir. Bu 40 məktəbdəki rəhbərlik yeni qadağa sayəsində ayrı-seçkiliyin qarşısını almağı hədəfləyib. Qadağa ilə bərabər transseksual tələbələri dəstəkləmək, transseksual tələbələrə həqarət edilməsinin qarşısını almağı hədəfləyir.
Hətta bu məktəblərdən birinin direktoru “Uniforma dəyişikliyi qərarının altında bərabərlik yatır. Cinsiyyət baxımından tərəfsiz bir qiyafət, trans tələbələrimizi də həqarətlərə qarşı qoruyacaq” deyib. Bundan öncə də İngiltərə mediasında oğlan tələbələrin dərslərə yubka ilə gələ bilmələrinə icazə verilməsi barədə yazılmışdı.
Sevinc TELMANQIZI