Janna Kalman yaşadığı illər ərzində heç bir ciddi xəstəlikdən əziyyət çəkməyib. Onu tanıyanların fikrinə görə bu uzunömürlü fransalının stressə qarşı immuniteti çox güclü olub. Ömrünün sonuncu günlərinə qədər siqaret çəkən, şirin çaxır içən Kalman öz rasionuna daha çox təbii qidalar, meyvə və tərəvəz daxil edib. O zeytun yağına isə xüsusi üstünlük verib.
Xanım Kalman heç vaxt yaddaşından da şikayətlənməyib. Mütaliəni çox sevib, dünyada baş verən ictimai-siyasi hadisələri izləyib və rəfiqələri ilə fikir mübadiləsi aparmağı, bəzən isə yeri gəldi-gəlmədi mübahisə etməyi çox sevib.
Uşaqlığı haqqında danışanda ən çox 13 yaşında olarkən Van Qoqla görüşündən söhbət açıb, görkəmli rəssamın pis geyimindən, səliqəsizliyindən və pinti olmağından az qala uzun-uzadı nitqlər söyləyib.
Janna Kalman hər növbəti ad günündə isə uzunömürlülüyün sirrləri haqqında xəsisliklə, ancaq böyük maraqla qonaqlarının diqqətini çəkib.
Daim hərəkətdə olan Kalman, piyada gəzməyi, tez-tez təbiətin qoynunda olmağı çox sevib. Nəqliyyat vasitələrindən isə velosipedə üstünlük verib. O, düz 100 yaşına qədər sevimli velosipedində gəzməkdən zövq alıb.
Janna Kalman dünyada baş verən bir çox mühüm hadisələrin, dünya müharibələrinin, dövlət çevirilişlərinin, yeni kəşflərin, neçə-neçə dövlət xadimlərinin siyasi fəaliyyətinin, yeni texnologiyaların inkişafının, televizorların, mobil telefonların, kompüterlərin peyda olmasının şahidi olub.
120 illik yubileyində Yanna Kalmana sual veriblər:
– Gələcəyi necə görürsünüz?
Kalmanın cavabı bədbin olub:
– Təəssüf ki, gələcəyi çox qısa görürəm. Ömrün qısa olduğunu düşünəndə çox kədərlənirəm.
Janna Kalman 90 yaşında olarkən öz mənzili ilə bağlı Rafre adlı fransızla müqavilə imzalayıb. Müqaviləyə əsasən Rafre evin qiymətini Janna Kalmana 10 il müddətinə hər ay hissə-hissə ödəməliymiş və sonda da evə sahib olmalıymış. Təbii ki, müqavilə bağlananda Rafre düşünürmüş ki, 90 yaşlı Janna Kalman çətin ki, bundan sonra 10 il yaşayar. Ancaq onun ağlına gəlməyib ki, Kalman ondan sonra hələ 30 il də ömür sürəcək. Rafre müqavilə imzalandıqdan iki il sonra ölüb. Bu illər ərzində ödənilən pullar isə mənzillə bərabər Janna Kalmana qalıb.
“Əgər sizin probleminiz varsa və bu problem həll olunmursa artıq onun haqqında nə fikirləşməyə, nə də narahat olmağa dəyər”.
Bu ifadə Janna Kalmanın həyat devizi olmaqla ən çox işlətdiyi və yaxınlarına ən çox dediyi fikir olub.