Artıq yay mövsümü gəlib. Bir çox insanlar dincəlmək üçün müxtəlif xarici ölkələrə üz tuturlar. Bu gün dünyanın ən qeyri-adi otelləri haqqında topladığımız məlumatları təqdim edirik.
“Crane” otel- Niderland
Niderlandın məşhur “Yay”şirkəti qeyri-adi bir layihəyə imza atmışdır. Məşhur şirkət köhnə, istifadəyə yararlı olmayan bir qaldırıcı kranı otelə çevirmişdir. Beşulduzlu “ Crane” adlı bu oteldə siz Amsterdamın möhtəşəm mənzərəsini seyr edə bilərsiniz. Çox maraqlıdır ki, kranı idarə edən qutu isə toxunulmaz qalmışdır. Burada siz operatorun maraqlı səs yazılarını dinləyə bilərsiniz. Otelin ən yüksək mərtəbəsində isə eyniadlı klub fəaliyyət göstərir. Burada dünyanın ən məşhur dj-ləri, müğənniləri müxtəlif şou proqramlar sərgiləyirlər. Bu otelə Amsterdam Mərkəzi Stansiyasından 14 dəqiqəlik qatarla getmək olar. Burada iki nəfərlik otaqda bir gecə qalmaq təxminən 450 avroya başa gəlir.
İtə bənzər otel-ABŞ
Kottonvuddan (ABŞ) olan ər-arvad cütlük taxtadan balaca itlər düzəldərək pul qazanırdılar. On beş il ərzində bu iş ilə məşğul olaraq pul toplayan bu cütlük itə bənzər böyük bir otel inşa etmək fikrinə gəldilər. Çox maraqlıdır ki, onların it formasında inşa etdikləri otel daha çox Troya atına bənzəyir. Hündürlüyü 4 metr olan bu otelin içərisində yataq otağı, hamam, mətbəx və qonaq otağı mövcuddur. Turistlər yüz dollar müqabilində burada gəcələyə bilərlər. Qeyri-adi otelin hər bir otağı suvenir itlər ilə doludur. Adətən bura gələn turistlər burada yerləşən it parkında gəzməyə gəlirlər. Qeyd edək ki, bu rəngarəng park da məhz bu cütlüyə məxsusdur.
Vaqon otel- ABŞ
ABŞ-ın Vayominq ştatında bir qrup insan XX əsrin 20-ci illərinə aid çobanlara məxsus olan bir vaqonu tamamilə bərpa edərək qeyri-adi bir otel yaratdılar. Vaqonabənzər bu oteldə üç nəfər yerləşə bilər. Burada yaşamaq üçün lazım olan hər şey var. Otel əsasən gündə 130 dollara balıq tutmaq və ya ovlamaq üçün gələn turistlərə icarəyə verilir. Onu da qeyd edək ki, burada texnoloji cəhətdən inkişaf etmiş heç bir şey yoxdur. Otelin həm interyeri, həm içindəki bütün ləvazimatlar çox sadədir.
“Giraffe Manor” -Keniya
Afrikanın Safari kolleksiyası tərəfindən inşa edilmiş zürafə malikanəsi oteli “İnstagram”da ən çox paylaşılan otellərdən biridir. 12 otaqdan ibarət bu malikanəyə gəldikdə burada olan işçilər sizə zürafələri düzgün yemləmək qaydalarını öyrədir çünki zürafələr hər an gəlib yeməyinizə şərik çıxa bilər. Bu otelin yaranma tarixi isə 1930-cu illərə gedib çıxır. O illərdə bu ərazidə inşa olunmuş binaların pəncərələrindən zürafələr başlarını tez-tez içəri salarlarmış. Bunu görən sahibkar isə buranı otelə çevirmişdir.Çox maraqlıdır ki, burada hər bir otel nömrəsində zürafə yemi mövcuddur.
“Fantasyland” otel-Kanada
Təkcə bir məkana getməklə özünüzü müxtəlif məkanlardakı kimi hiss etmək artıq mümkündür. Demək olar ki, Kanadada yerləşən “Fantasyland” otelində butün arzularınızı yerinə yetirə bilərsiniz. Alış-veriş mərkəzində yerləşən bu otel sizə 120 müxtəlif otaqlar təklif edir. Seçimlər arasında kosmik gəmi, yanacaqdoldurma məntəqəsi, Polineziya, Roma, Ərəbistan səhrası və həbsxana kamerasına bənzəyən otaqlar var. Burada, həmçinin su parkı, miniatür golf və boulinq salonu da var.
UNO-ya bənzər otel- İsveç
İsveç meşələrində yerləşən bu otel uçan boşqaba bənzəyir( UNO). Yüksək texnologiyalı müasir materiallardan tikilən otel beş nəfərin – iki böyük və üç uşağın özünü rahat hiss etməsi üçün nəzərdə tutulub.
Üç otaqdan ibarət olan otelin ümumi sahəsi təxminən 30 kv.m-dir. Qeyri-adi yerlərə səyahət etməyi sevən insanlar üçün bu oteldə bir gecə belə qalmaq çox maraqlı olacaq. Müasir texnologiyalar ilə inşa edilən ekzotik otelin hər bir otağında Wi-Fi da mövcuddur.
“Helga’s Folly”- Şri Lanka
Əgər normal, gözəl dizayn olunmuş bir otel axtarırsınızsa bu otel sizin üçün deyil. Dünyanın ən qəribə dizayna sahib olan otellərindən biri olan bu otel Şri Lankanın Kandy şəhərində yerləşir. 40 otaq bir-birinə dar kolidorlarla bağlanmış,pilləkanlar isə sanki qorxulu filmlərdən çıxıb. Otaqlar başdan-başa qeyri-adi əl işləri, skletlər, şamlarla bəzədilmişdir. Burada özünüzü Tim Burton filmlərində imiş kimi hiss edəcəksiniz. Gecə qalmağı düşünmürsünüzsə mütləq şam yeməyi üçün oraya gedin.
“Palacio de Sal” hotel- Boliviya
Duzdan otel görmək istəyirsinizsə onda mütləq Boliviyaya gedin. Buradakı “Palacio de Sal” adlı otel tamamilə duzdan inşa olunmuşdur. Qeyri-adi otelin divarları, tavanı,içərisindəki dekorasiyalar, hətta mebellərinin əksəriyyəti yataqlar da daxil olmaqla böyük duz kərpiclərindən hazırlanmışdır. Döşəmələr isə qalın, xırtıldayan bir təbəqə ilə örtülmüşdür.Məhz bu səbəbdən otel hər 10-15 ildən bir yenilənmək məcburiyətindədir çünki yağış suları bu duz kərpicləri zamanla yuyub aparır.4000 m-ə yaxın yüksəklikdə yerləşən bu otel, həmçinin spa, planetin ən böyük duz mədəni olan “Salar de Uyuni”yə turlar da təşkil edir.
İnsan bağırsağına bənzər otel-Hollandiya
Holland rəssamı Coep van Liskut tərəfindən tikilmiş otel tam olaraq insan bağırsağına bənzəyir. Düz bağırsağa bənzəyən bu oteldə gecələmək üçün 35 avro ödəmək lazımdır. Otelin interyeri insanın anatomik quruluşuna bənzəyir. Çox maraqlıdır ki, bu oteldə cəmi iki nəfərlik çarpayı var.
Samirə Tağıyeva