Hər bir insan Tanrının onun alnına yazdığı anda dünyaya gəlir. Bəşər tarixi yarandığı gündən bu belədir, amma son dövrlər müəyyən amillərlə əlaqədar, insanın doğum zamanına kənardan müdaxilə edilməyə başlanılıb. Belə ki, hazırda hamilə qadınlar təbii yolla deyil, qeysəriyyə kəsiyi ilə doğuş etməyə daha çox üstünlük verirlər. Nəticədə ana bətnində olan körpə öz vaxt-vədəsinin çatdığı anda deyil, valideynlərinin, yaxud da həkimin təyin etdiyi zamanda dünyaya gətirilir. Bəs görəsən bu cür müdaxilənin doğulan körpənin gələcək həyatına hansı təsirləri var? bu məsələnin fiziki, psixoloji və astroloji məqamlarına aydınlıq gətirməyə çalışacağıq.
Ta qədimdən insanlar rəqəmlərə fərqli anlamlar verib, onların xüsusi bir sehrə malik olduğunu sübut etməyə çalışıblar. Rəqəmlərin tək və cüt olmasına münasibətlər ayrı-ayrı xalqlarda fərqlidir. Bariz nümunə kimi, azərbaycanlıların əsasən nəhs rəqəm kimi andıqları 13 rəqəmi bəzi ölkələrdə uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir.
Əvvəllər doğum gününü və onun sağlamlığa, karyeraya, xarakterə təsirini yalnız astroloqlar öyrənirdilər. Lakin sonradan çox ciddi alimlər də doğum tarixinin insanın həyatına təsirini tədqiq etməyə başladılar. Onların nəticələrinə əsasən, artıq çəki, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, allergiyaya meyllik şəxsin doğulduğu aydan asılıdır. Hətta gələcəkdə utancaq və ya nikbin, solaxay olacağımız da bu məqamla əlaqədardır.
Maraqlı bir faktı da əlavə edək ki, avstriyalı həkim Şturun xərçəng xəstəliyindən 3 minədək ölüm faktını təhlil etdikdən sonra gəldiyi qənaətə görə, demə may-avqust aylarında doğulanlarda bu risk xeyli azalır. O cümlədən insanın dünyaya gəldiyi ay, boy-buxun və nikbinlik kimi amillərə də təsir göstərir.
Astroloq Firudin Qurbansoy bildirir ki, insanın hansı gün dünyaya gəlməsi onun gələcək taleyinə mütləq təsir göstərir: “Fiziki baxımdan belə uşaqlar mütləq kəllədaxili təzyiqlə doğulurlar, o cümlədən əksərən onların gözləri zəif görür. Valideynlər qeysər kəsiyi ilə övladlarını dünyaya gətirmək istəyirlərsə, yaxşı olar ki, onun doğum tarixini münəccimə hesablatdırsınlar. Əgər valideynlər hesablamayla uğurlu gün seçsələr, onlar uşaqlarının gələcək karyerasının, sağlamlığının, ailə xoşbəxtliyinin daha şanslı olmasına nail ola bilərlər”.
“Azərbaycanda valideynlərin insan taleyi ilə bağlı hesablamalar üçün müraciət edəcəyi münəccimlər varmı?” sualına astroloq “yox” cavabını verdi: “Hazırda bütün dünyada belə münəccimlər fəaliyyət göstərir. Hindistanda, Yaponiyada, Tibetdə, Çində isə bununla geniş məşğul olurlar. Amma təəssüf ki, hazırda ölkəmizdə nücum elmi ilə məşğul olan alim yoxdur”.
Dini ekspert Elşad Miri söyləyir ki, insanlar Allahın qoyduğu təbii instiktivlərlə dünyaya gəlir: “Əgər bu təbiiliyə kənardan müdaxilə olunsa, bu, müəyyən fəsadlara səbəb olur. Faktdır ki, cərrahi yolla dünyaya gələn uşaqlarla, təbii yolla doğulan uşaqlar arasında fərq olur. Belə ki, birincilərdə olan bəzi fiziki problemlər, məhz hamilə qadınların qeysəriyyə kəsiyinə üstünlük verməsindən irəli gəlir. O cümlədən analar həm psixoloji, həm də fizioloji zərər görürlər”.
Statistikaya nəzər salanda aydın olur ki, ötən il ölkəmizdə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 21 faizini təşkil edib. Baxmayaraq ki, bu əməliyyatın qeyri-qanuni aparılmasına görə, təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Bildirək ki, cərrahi müdaxilə ilə körpələrin dünyaya gətirilməsinə, əsasən ciftin ayrılması, çanaq darlığı, anada beyin daxili təzyiqin artması, təkrar qeysəriyyə kəsiyi və sair hallarda icazə verilir. Tibbi ekspertlər məlumat verir ki, qeysəriyyə əməliyyatının ana və körpə üçün bir çox fəsadları var. Belə ki, əməliyyat zamanı tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər. Bundan əlavə körpələrin dölyanı mayedən azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması riski var. Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, bağırsaq mikroflorasının daha çox problemliliyi faktını üzə çıxarıb.
Ümumdünya göstəricilərinə görə, Anqar şkalası üzrə qeysəriyyə körpələrinin təbii yolla dünyaya gələn körpələrə nisbətən daha az bal alması faktı mövcuddur. Burada həmin körpələrin sərbəst həyata dözümsüzlüyü kimi onların cərrahi müdaxilə zamanı əlavə stress alması amili əsas gətirilir.
Araşdırmalar zamanı bəlli olur ki, qeysər kəsiyi ilə əməliyyatın daha tez və asan başa gələn, ağrısız olması hamilələrə cəlbedici görünür. Və ölkəmizdə bu əməliyyatların həyata keçirilməsinin böyük faizi özəl xəstəxanaların payına düşür. (Xeberle.com)