Nuride Cavadova

Duyğuların rəng palitrası - YENİ RUBRİKA

Baxış sayı: 367

“Gencaile.az” saytı bu gündən etibarən “NURlu bələdçi” rubrikasına start verir. Psixoloq Nuridə Cavadovanın məqalələrinin təqdim olunacağı sözügedən rubrikada oxucularımız psixoloji sağlamlıqla bağlı onları narahat edən suallara cavab tapacaqlar.  Ümid edirik ki, bu rubrika sayəsində oxucularımız həyatlarını daha gözəlləşdirə, arzularına çata biləcəklər.

Nuride Cavadova

 

Beləliklə, rubrikamızın ilk yazısı rənglərin psixologiyası haqda olacaq.

Hisslər insanın daxili dünyasını əks etdirən güzgü kimidir. Hər bir duyğu bir rəng kimi bizi formalaşdırır, həyatımıza çalarlar qatır və psixoloji vəziyyətimizi  rənglərlə təsvir edir. Hisslərin rəngi anlayışı metaforik olsa da, əslində hər bir rəng insanın emosional vəziyyətini izah etməkdə əvəzsiz bir vasitədir. Bu yazıda hisslərin müxtəlif  “rənglərinə” psixoloji baxışdan nəzər salaraq onların davranışlarımızdakı təsirini anlatmağa çalışacam.

 

 Sarı: Sevinc duyğumuzu əks etdirir. İşıq və motivasiyanın Rəngi kimi də demək olar.

Sevinc hissi insanın həyatına işıq saçan əsas emosiyadır. Psixologiyada sevinc hissi beyində dopaminin artımı ilə əlaqələndirilir, bu da insanı daha enerjili, hərəkətli və məhsuldar edir. Sarı rəng sevincin simvoludur,  çünki onun parlaq və isti çaları həyat enerjisini və nikbinliyi təcəssüm etdirir. Sevinc hissi insanı həm motivasiya edir, həm də çətinliklərə qarşı güc verir.

Sevincin sarısı, xüsusən də arzularımıza çatdığımız, uğurlarımızı qeyd etdiyimiz və ya yaxınlarımızla xoş vaxt keçirdiyimiz anlarda daha da parlayır. Bununla belə, bu rəngi qorumaq üçün emosional balans vacibdir, çünki davamlı sevinc hissi yaşamaq mümkün olmaya bilər və bu normal haldır. Ancaq hər andan, hər hadisədən,  hər yaşanan kədərin içindən belə bir sevindirici məqam tapa bilərik.

 

Kədərin bozu: Təmkinli və sakit bir hiss

Kədər, bəzən təbii bir emosional durğunluq kimi, insanı introspeksiyaya yönləndirən gücdür. Boz rəng bu hissin sakitliyini və neytrallığını əks etdirir. Psixologiyada kədər əhvalın azalması, emosional çəkilmə və dərin düşüncələrlə əlaqələndirilir.

Kədər, baxmayaraq ki, xoş bir duyğu deyil, ancaq insanın psixoloji inkişafında çox mühüm rol oynayır. Bu hiss bizi həyatda olan itkiləri qəbul etməyə, yeni emosional sərhədlər yaratmağa (sərhədlər hər zaman vacibdir, çünki öz dəyərlərimizə və başqasınının dəyərlərinə hörmətdir) və özümüzü daha dərindən dərk etməyə təşviq edir.

 

Qırmızı: Qəzəbin, müdafiənin və gücün rəngi

Qırmızı rəng qəzəbi ifadə edir, çünki bu rəngin güclü və enerjili təbiəti qəzəbin emosional intensivliyinə uyğun gəlir. Psixoloji baxımdan, qəzəb təhlükəyə və ya ədalətsizliyə reaksiya olaraq  yaranır. O, bizi özümüzü və sərhədlərimizi qorumağa təşviq edən bir müdafiə mexanizmidir.

Lakin əsas məsələ qəzəbi idarə edə bilməkdir. Qəzəbi idarə edə bilmək böyük həyati  əhəmiyyət daşıyır. İdarə olunmayan qəzəb insana zərər verir, dağıdıcı olur, həmçinin insan münasibətlərinə və emosional sağlamlığa belə mənfi təsir göstərir. Qəzəbin qırmızı rəngində enerji var, lakin bu enerjini nəzarət altında saxlamaq və konstruktiv yollarla ifadə etmək vacibdir.

 

Çəhrayı: Sevginin, incəlik və bağlanmanın rəngi

Sevgi, insanın ən gözəl, ən özəl, ən saf və dərin emosiyalarından biridir. Çəhrayı rəng bu hissin incə və istilik dolu mahiyyətini əks etdirir. Psixoloji baxımdan, sevgi insanın ettiyaclarını qarşılama, bağlanma, mərhəmət, qayğıkeşlik və empatiya ehtiyacını ifadə edir. Bu emosiyanın mərkəzində oksitosin hormonu dayanır, hansı ki, insanlara yaxınlıq hissini artırır.

Sevginin çəhrayısı insanın emosional dünyasında təhlükəsizlik və harmoniya yaradır. Sevgi təkcə romantik münasibətləri deyil, həm də dostluq, ailə bağları və hətta özünə olan münasibəti əhatə edir.

 

 Yaşıl rəng: Ümidin və təzə başlanğıcların rəngi

Yaşıl rəng psixologiyada ümid, inkişaf və yenilənməni təmsil edir. Ümid, insanın çətin vəziyyətlərdə belə, pozitiv bir perspektiv saxlamasına kömək edən mühüm emosiyadır. Yaşıl rəng təbiəti, təzə başlanğıcları və yeni fürsətləri simvolizə edir.

Ümid, xüsusilə mənfi hallarla üzləşdiyimiz zaman, bizə güc və iradə verir, bizə dayanma gücü bəxş edir. Bir psixoloq kimi onu da vurğulamaq istərdim  ki, ümidin qorunması insanın emosional gücünü  artırır və həyatda daha çox mənalı qərarlar qəbul etməsinə şərait yaradır.

 

Mavi: Sakitliyin, harmoniya və dərin düşüncənin rəngi

Mavi rəng, sakitlik və dərin düşüncə ilə assosiasiya olunur. Psixoloji baxımdan, bu rəng beynimizin stressə qarşı reaksiyalarını azaldır, fokuslanma qabiliyyətimizi artırır və zehni dinclik yaradır.

Mavi rəngin təsiri, xüsusən də meditasiya, təbiətdə zaman keçirmək və ya musiqiyə qulaq asmaq kimi fəaliyyətdə özünü göstərir. O, insanın daxili harmoniyasını təmin edir və daha aydın, sakit və rahat rahat düşünməsinə dəstək olur. Hətta mavi rəng kainatın enerji rəngi kimi də simvolizə olunur.

 

Psixoloq Nuridə Cavadova




3 şərh “Duyğuların rəng palitrası – YENİ RUBRİKA

  1. Camal

    Yazının dilinə və təqdimatına bayıldım. Hisslərin “rənglərlə” izah edilməsi çox qeyri-adi və maraqlı bir yanaşmadır. Rənglərin emosiyalarla necə əlaqələndirildiyini oxumaq çox faydalı oldu. Özüm də belə düşünürəm ki, hər bir rəng daxili dünyamızın çox vacib aspektlərini ifadə edir. Bu yazı sadəcə psixoloji deyil, həm də əsl həyat dərsi oldu.

    Cavabla
  2. Ruhiyye Eyvazova

    Yazıya hər bir rəngin insan həyatına və davranışlarına təsiri ilə bağlı daha çox misal və praktiki tətbiqlər əlavə etmək, oxucunun real həyatda necə istifadə edə biləcəyi ilə bağlı daha çox məlumat vermək faydalı ola bilər.

    Cavabla
  3. Aqil Qasimov

    Bu yazı çox maraqlı və faydalı oldu. Hisslərin müxtəlif rənglərə uyğun təsviri mənə çox dərindən təsir etdi. Hər rəngin müxtəlif emosiyalarla əlaqəsi çox doğru şəkildə izah edilib. Ancaq yazıya daha çox real həyatdan nümunələr əlavə etmək faydalı olardı, xüsusən də psixoloji baxımdan. Bu, oxucunun yazını daha yaxşı başa düşməsinə kömək edərdi

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir