ixtisas secimi

Düzgün ixtisas seçimi necə olmalıdır və seçim zamanı nələrə diqqət etməliyik? – “BƏLƏDÇİ”

Baxış sayı: 620

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları yaxınlaşdıqca abituriyentlərin ixtisas seçimini necə etməsi və daha çox hansı nüanslara diqqət ayırması məsələsi də yavaş-yavaş gündəmə gəlir.

Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

Mövzunun maraqlı olacağını nəzərə alıb, “Gencaile.az” saytının “Bələdçi” rubrikasında “düzgün ixtisas seçimi necə olmalıdır və seçim zamanı nələrə diqqət etməliyik” məsələsini Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib ilə müzakirə etdik.

Sevinc Purkestasib

Məsələyə münasibət bildirən ekspert deyir ki, tələbə adını qazanmaq hanının arzusu olsa da, universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki sizin bu günki seçiminiz gələcək həyatınıza təsir edir. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir. Bu necə baş verir? Çünki abituriyent yüksək bal toplayıb deyə “onsuzda balım yüksəkdir mən bu ixtisasa qəbul olaram” düşüncəsi ilə kodlaşdırmanı və sıralamanı düzgün etmir. Bu zaman ehtiyatlı davranmalı və yaxşı araşdırma edilməlidir. Unutmayaq ki, ixtisas seçimi ani veriləcək bir qərar deyil. Bu məsələdə analitik, statistik və s nüanslara diqqət yetirilməklə verilməli olan bir qərardır.

İxtisas seçimində ilk öncə hansı məqamlara diqqət etməli olduğumuzdan da bəhs edən Sevinc Purkeştasib aşağıdakı fikirləri səsləndirdi:”Keçən ilin balları ilə yaxından tanış olmaq mütləqdir. Bilirsiniz ki, keçid balı keçən ilin qəbul balları ilə həmin ilin qəbul balları arasında fərqin əsasında yaranır. Bunun üçün DİM abituriyentlərə kömək etmək məqsədi ilə hər il jurnal hazırlayır. Burada 300 bal və 500 bal toplayan abituriyentlər hansı ixtisasa qəbul ola biləcəyini təyin edə bilirlər. Digər bir məsələ abituriyentlərin özünü tanıması məsələsidir. Düzgün ixtisas seçimində vacib rol oynayır. Sizin hansı sahəyə, hansı sənətə marağınızın varsa, bilik və bacarıqlarınız , hobbiləriniz nəyə yönəlibsə onu təyin edin və o sahəyə uyğun olan ixtisası seçin. Belə olduğu halda siz özünüzə uyğun olan ixtisası seçmiş və nəticədə isə sevdiyiniz peşəyə yiyələnmiş olursunuz. Bundan sonrakı mərhələ vakansiyalarla tanış olmaqdır. Bəzən abituriyent seçdiyi ixtisasın hansı vakansiyaya aid olduğunu bilmir. Seçdiyiniz qrupun hansı ixtisasları olduğunu və gələcəkdə hansı sahələrdə çalışa biləcəyinizi əvvəlcədən müəyyənləşdirin və iş saytlarında vakansiya və vakansiyanın tələbləri ilə tanış olun. Gələcəyin peşələri nədir və hansı ixtisaslar perspektivlidir deyə internetdə araşdırma aparnağı tövsiyə edirəm.

İxtisas seçimi zamanı çox rastlaşdığımız valideyn təzyiqindən də danışan təhsil eksperti aşağıdakı fikirləri bildirdi:” Çox təəssüflər olsun ki, bəzi valideynlər övladının seçiminə etiraz edirlər və “sən məhz bu ixtisası seçməlisən” deyə təzyiq göstərirlər. Bunun nəticəsində isə abituriyent sevmədiyi ixtisasa qəbul olur və sevmədiyi peşəyə yiyələnir. Valideynlərin övladlarının seçiminə hörmət etməyə çağırıram, abituriyentlərə isə bu zaman iradəli və qərarlı olmağı, seçimlərindən imtina etməməyi tövsiyə edirəm.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir