Makiyaj

Düzgün makiyajın qadın gözəlliyindəki rolu – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 369

Bir çoxları üçün makiyaj həddən ziyadə maraqlıdır, hətta əksər xanımlar üçün makiyaj həyatın mənasıdır. Makiyaj kimisi üçün sadəcə maraqdırsa, kimisi üçünsə zərurətdir. Bəzi xanımlar makiyajı həyatlarının bir çox sferaları üzərində zövqün Allahı zənn edir, bəziləri isə mədəniyyətin daha bir qolu, forması sayır.

 

“Hər xanım öz eyibini hamıdan yaxşı bilir”

“ElAy” gözəllik salonunun rəhbəri Elyanə Məmmədova deyir ki, makiyaj qadınların həyatının ən vazkeçilməz elementidir. Bir qadın makiyaj vasitəsi ilə istədiyi hər şeyə nail ola bilər: “İndi müasir zamandır, texnologiya o qədər inkişaf edib ki, insanlar qrim və estetik əməliyyatla istədiyi effekti və görüntünü ala bilir. Bura nəinki qadınlar, hətta kişilər də daxildir. İnsanın geyimi, duruşu, qaməti qədər onun siması da önəmlidir. Hətta mən deyərdim ki, bu gün sima olaraq gözəl görünmək modadan, dəbdən və sadaladığımız digər məsələlərdən daha çox önəmlidir və müzakirə obyektidir.

Əslində bu sənətlə ölkəmizi beynəlxalq arenada tanıtmağın da mümkün olduğunu deyən Elyanə Məmmədova bir neçə il bundan öncə Türkiyədə keçirilən beynəlxalq yarışmada ölkəmizi təmsil edərək vizaj üzrə qalibiyyət əldə edib. Deyir ki, bu gün bu sahəni inkişaf etdirmək və tanınmaq heç də çətin deyil. Yetər ki, iş təcrübən və peşəkarlığın kifayət qədər olsun: “Mən gündəlik olaraq abartılı makiyaj etməyin əleyhinəyəm. Əgər xanımın üzündə problemi varsa, onu tonlaşdırmalıdır, ancaq əndazəni aşmamaq şərti ilə. Qara qaş, qara gözlü xanımlar çox makiyajdan istifadə etməməlidirlər. O zaman makiyajdan aşırı dərəcədə istifadə edilir ki, o xanımların xarici görünüşündə problemlər olsun. Misal üçün, xanımın üzündə çil, yanıq ləkəsi, qızartılı hissə, ya da bir çapıq varsa, tonlaşdırmadan istifadə edə bilər. Xanımlarımızın bəzilərində istifadə etdikləri makiyaj çox pis və abartılı görünür. Bu da onların dərilərinə bələd olmamalarından irəli gəlir. Məsələn, hamar dərili xanımlar pudradan çox istifadə etməməlidirlər. Kiçik həcmli tonlardan istifadə etsələr, kifayət edir. İnsan birinci növbədə öz dərisini tanımalıdır və ondan sonra ona nəyin yaraşıb-yaraşmadığını bilməlidir. Hər xanım öz eyibini stilistlərdən yaxşı bilir. Əgər onlar makiyaj məsələsində düzgün seçim edərlərsə, əlbəttə ki, gözəl görünərlər. Makiyaj həyatın bir parçasıdır. Əynimizdəki geyim gözəl olanda ürəyimiz açılır, depressiyadan çıxırıq. Makiyaj da onun kimidir, qadınları depressiyadan çıxarır. Yox əgər üzümüzə çox tonlaşdırıcı krem vurub, özümüzü qocaldırıqsa, istər-istəməz dəri də nəfəs almır və biz yorğun, əsəbi görünürük. Və ya qaşımızı süni yolla çox yuxarı aldırmışıqsa, sözsüz ki, əsəbi görünəcəyik”.

Stilistlərin daha çox psixoloq olmalarını, insanlarla işləmək qabiliyyətləri formalaşdıqdan sonra fantaziyalarını işə salmalarını məsləhət görən Elyanə Məmmədova Anar Ağakişiyevin bu layihəsini dəstəklədiyini və xarici görünüşündə problem olan xanımlara stimul verməyin mütləq olduğunu vurğuladı: “Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara xarici görünüşləri səbəbindən çəkdikləri sıxıntılara görə ödənişsiz olaraq permament və mikrobleyndinq (qaş tatuajı) proseduru tətbiq edirik. Nəinki qaşlar, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən xanımların saçları tökülürsə, onları da bərpa edirik. Belə xanımların qaşları və saçlarını bərpa etdikdən sonra onların həyata necə ikiəlli sarılmalarının şahidi olmuşam. Bunun üçün bu tip layihələrin keçirilməsini zəruri hesab edirəm”.

 

“Elə xanımlarımız var ki, gündəlik makiyajsız  gəzmək istəmirlər”

Vizajist Samira Abbasova isə deyir ki, makiyajın qadın həyatındakı rolu danılmazdır. Gözəllik ondursa, doqquzu elə makiyajın özüdür: “Biz insan simasını tam dəyişə biliriksə, deməli, bu özü də bir uğurdur, böyük bir işdir. Sadəcə, bunu bacarmaq lazımdır. İşinin peşəkarı olmaq, qalmaqaldan uzaq durmaq lazımdır. Hətta elə xanımlar var ki, müştərilərimdi, artıq makiyajsız gəzmək istəmirlər. Düşünürlər ki, makiyajla belə gözəl olmaq olursa, elə hər zaman belə olaq. Amma belə də olmaz. Hər xanım özünə makiyaj etməyi bacarmalıdır, bunu öyrənməlidir. Makiyajdan asılı olmaq olmaz, amma makiyajsız da olmaz. Hər məkanın öz makiyaj növü var, məsələn, elə ifaçılar var, səhər efirinə axşamkı toy makiyajı ilə çıxır. Bu, tamaşaçıya hörmətsizlikdir, olmaz belə. Hər məkanın, hər geyimin xüsusi makiyajı olmalıdır”.

Samira Abbasova deyir ki, çox tez-tez ona müraciət edən müştəriləri güzgüdə özlərini görəndə tanımayıblar: “Elə xanım müştərilərim olub ki, müraciət ediblər, onları makiyaj etmişəm, güzgüdə üzünün dəyişdiyini görüb çox təəccübləniblər. Xanımlar bəzən bunu bəyənirlər, bəzən də bu hal onlara çox qəribə gəlir. Amma hələ yadıma gəlmir, etdiyim makiyajdn kimsə narazı qalsın. Maksimum müştərinin dediklərini edirəm ki, narazılıq olmasın”.

Biz xanımlar hər zaman formada qalmaq, gözəl görünmək və diqqət cəlb etmək üçün çalışırıq. Ancaq bunun da öz əndazəsi, çərçivəsi var. Stilistlərin də dediyi kimi, aşırı makiyajdan yalnız ehtiyacı, xarici görünüşündə qüsuru olan insanların istifadə etməsi məqsədəuyğundur. Əks təqdirdə, yeniyetmə və gənclərin, dərisi təravətli xanımların bu dərəcədə lazımsız həvəsi qaş düzəltmək əvəzinə, gözü də vurub çıxartmaq olur.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir