[ File # csp1568029, License # 2222608 ]
Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php)
(c) Can Stock Photo Inc. / gina_sanders

Düzgün şəraitdə saxlanmayan ərzaq məhsullarının insan orqanizminə hansı zərərləri var?

Baxış sayı: 1. 638

Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, ərzaq məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edin. Qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin.

Bəs görəsən vaxtı keçmiş və düzgün şəraitdə saxlanmayan  ərzaq məhsullarının  insan orqanizminə hansı zərəri var? Ümumiyyətlə, yay aylarında ərzaq məhsullarını necə saxlamalıyıq ki, belə hallarla rastlaşmayaq?

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, adətən, qida məhsullarının saxlanma müddətinin bitməsinə yaxın bu haqda protokol hazırlanır: “Ümumiyyətlə, qida məhsullarının istifadəsi və saxlanması zamanı məhsulun  istehsal tarixindən tutmuş saxlanma şəraitinə qədər bütün vacib nüanslara mütləq diqqət yetirilməlidir. Çünki elə qidalar var ki, onlar üçün xüsusi saxlanma şəraiti vacibdir. Yararlılıq vaxtı keçmiş qidalar öz qidalılıq dərəcəsini itirir və onun tərkibində parçalanma və digər kimyəvi reaksiyalar gedir. Belə  qida və ərzaq məhsullarından istifadə isə insan orqanizminə müxtəlif fəsadlar vura bilər. Zəhərlənmənin dərəcəsi həmin  qidanın tərkibindən, parçalanma  məhsulunun nədən ibarət olmasından asılıdır. Əgər bu qidanın saxlanma müddəti bitibsə, həmin məhsulun tərkibində qida toksiki ola bilər ki, bu da müxtəlif dərəcəli qida zəhərlənmələrindən tutmuş botulizmə qədər gətirib çıxara bilər. Ona görə də qidaların keyfiyyət parametrləri və vaxtında istifadəsi çox mühüm şərtdir. O qidalara daha çox diqqət yetirilməlidir ki,  onların vaxtı keçmə müddəti az olsun. Belə qidalara daha çox ət və ət məhsulları, süd məhsulları daxildir. Bununla yanaşı, ev şəraitində hazırlanan mürəbbə, kompot, müxtəlif tutmalar və s. kimi məhsullardan istifadə zamanı da ehtiyatlı olmaq lazımdır. Əgər ev şəraitində hazırlanan məhsulun rəngində və tərkibində bulanıqlıq varsa, çöküntü əmələ gəlibsə, bu məhsuldan istifadə etmək olmaz. Ona görə də belə məqamlarda mütləq diqqətli olmaq lazımdır. Onların saxlanma şəraitinə də diqqət yetirmək mütləqdir. Müxtəlif növ qida məhsullarından zəhərlənmə ilə bağlı bizə müraciətlər olur”.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu məsələ ilə bağlı xeyli şikayətlər daxil olur: ” Xüsusilə vaxtı keçmiş şokoladlarla bağlı müraciətlərin sayı daha çoxdur. Hətta həmin məhsulların satıldığı ünvanlar  məlum olsa da,  bu işlə heç bir dövlət qurumu maraqlanmır. Təəssüflər olsun ki, istehlakçılar da məhsulun saxlanma şəraitinə və istehsal tarixinə diqqət yetirmədən, belə məhsulları alıb istifadə edirlər. Üstəlik, şəhərin müxtəlif yerlərində, gizli şəkildə, istifadə vaxtı keçmiş həmin məhsulların üzərinə yeni etiket vurub yenidən satışa verirlər. Bir sözlə, qidalar ölməz məhsula çevrilir. Ölkədə qida təhlükəsizliyinə dair qanunun olmamağı belə neqativ halların sayının artmasına gətirib çıxarır. Vaxtı keçmiş məhsulların məhv edilməsi lazımdır. Təəssüf ki, satışda belə məhsulların sayı həddən artıqdır. Ən çox çirklənmiş sektor isə spirtli içkilər sektorudur. Əhali bilməlidir ki, araqların saxlanma müddəti bir ildən artıq deyil. Konyaklar 3 il, şərablar isə 6 ay saxlana bilər. Lakin spirtli içkilərin təxminən 95 faizinin üzərində ümumiyyətlə, yararlılıq və buraxılma tarixi qeyd olunmur. Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, spirtli içki nə qədər çox qalarsa, o qədər yaxşıdır. Amma bu, tamamilə səhv  fikirdir. Burda söhbət xüsusi saxlanma şəraitində,  qablaşdırmada və müəyyən temperaturda saxlanan içkilərdən gedir. Satışa çıxarılan məhsulun yararlılıq və buraxılma tarixi mütləq nəzərə alınmalıdır. Yenə də qeyd edim ki, belə məhsullarla mübarizə aparmaq üçün ilk növbədə qidanın təhlükəsizliyinə dair qanun qəbul edilməlidir. Prezident İlham Əliyev bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair fərman imzalayıb. Düşünürəm ki, belə bir qurumun yaradılmasından sonra bu sahədəki problemlər aradan qaldırılacaq. Lakin bütün bunlarla yanaşı, istehlakçılar özləri də ayıq olmalı, şübhəli məhsulları boykot etməlidirlər”.

Sonda onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata  açıqlamasında deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib. O, bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib. A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb. O, qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.

 

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir