“Əcnəbi olduğum üçün qızı mənə vermirlər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 638

Azərbaycan qızlarının evdə deyil, çölə çıxanda özlərinə bəzək-düzək vurmasını başa düşə bilmir. Onun fikrincə, qadın evdə həyat yoldaşı üşün bəzənməlidir. Müsahibimiz Pakistan vətəndaşı Osman Xan Azərbaycan Texniki Universitetində neft və qaz mühəndisliyi ixtisasında oxuyur. Həm də mühəndis-mexanik kimi çalışır. Bir ildir Azərbaycanda olmasına baxmayaraq, fikirlərini ana dilimizdə rahat şəkildə çatdıra bilir.

“Qonaqpərvərsiniz”

1987-ci ildə Pakistanda anadan olub. Ailədə üç qardaş, üç bacıdırlar. Pakistan adət-ənənələrinə uyğun olaraq bütün ailə bir yerdə qalır: “Böyük qardaşım 4 uşağı, məndən balaca qardaşım 1 uşağı, bacımın yoldaşı rəhmətə getdiyindən iki uşağı ilə birlikdə bizdə qalırlar. Üstəlik, xalam və nənəm də var. Bir sözlə, çox böyük ailəyik, ailəmizin 20-yə yaxın üzvü var”.

Osman Xan orta məktəbi bitirib vətənində 5 il texniki kurslarda təhsil alıb. Daha sonra xaricdə təhsil almaq fikrinə düşüb: “Avropaya getməyi düşünürdüm. Bunun üçün internetdə Avropa ölkələri haqqında yazılan şərhlərə baxdım. Onlar istiqanlı, qonaqpərvər olmadığı, insanlığa qiymət vermədiyindən fikrimdən daşındım. Qazaxıstanı seçmək istədim, ora barədə olan şərhlər də müsbət nəticə vermədi. Azərbaycanda olan əcnəbilərin əksəriyyətinin ölkəniz, xalqınız barədə fikirləri müsbət olduğundan sizin ölkəni seçdim. Sonra özüm də gördüm ki, azərbaycanlılar qonaqpərvərdir, mədəniyyətlərimiz yaxındır, eyni dindən olan qardaş millətik. Sizin ölkədə Avropa Oyunları keçiriləndə, prezidentiniz qonaqların qalma, yemək və ölkə üzrə gediş haqlarını pulsuz etdi. Onlar üçün yeni binalar tikildi, yollar salındı. Bu, sizin qonaqpərvərliyinizdən irəli gəlir. Qonağa necə lazımdırsa, hörmət edirsiniz”.

Azərbaycana gəlməmişdən əvvəl ölkəmizi neft-qaz ölkəsi kimi tanıyıb. Atasının sayəsində Qarabağ müharibəsi barədə də xeyli məlumatı olub. Deyir ki, Pakistandan bir sıra həmyerlisi ermənilərlə vuruşmaq üçün 90-cı illərdə Azərbaycana gəlib. Hətta qohumlarından Qarabağ savaşında həlak olan da var.

“Bizdə hər məhəllədə 5-6 məscid var”

Bir ilə Azərbaycan dilini yaxşı öyrənməsinə gəlincə, deyir ki, müəllimlərinin sayəsində buna nail olub: “Mənim dil öyrənmə qabiliyyətim də yaxşıdır. Əvvəlcə Azərbaycan dilində hazırlıq kursuna getdim, indi rus dilini öyrənirəm. Ümumiyyətlə, 9 dil bilirəm. Hind, əfqan, Pakistan, Azərbaycan, ingilis, rus və s. Azərbaycan balaca olduğundan hamı bir dildə danışır, amma Pakistanda dillər, millətlər çoxdur. Bizdə təxminən 25 dil var”.

Azərbaycana gələndə Osmanı təəccübləndirən bir məqam da əhalinin çoxu müsəlman olsa da, ölkədə məscidlərin azlığı olub: “Mənim yaşadığım yerdə hər məhlədə 5-6 məscid var, hər 50 metrdən bir məscidlə qarşılaşırsan”. Onun fikirncə, təkcə namaz qılmaqla müsəlman olmaq mümkün deyil: “Əxlaq, təmizlik də əsasdır. İslam dininə görə, təmizlik imandan gəlir. Azərbaycanda insanlar əxlaqlı, təmizkardırlar. Bu, mənim çox xoşuma gəlir”.

“Üç bacı”nı sevirəm”

Azərbaycan yeməklərini çox sevir. Xüsusən plovu və “üç bacı” kimi tanıdığı badımcan dolmasını xoşlayır. Deyir ki, yeməklərimiz onların yeməklərinə oxşayır.

Bakıda ən çox sevdiyi və gəzib-dolaşdığı yerlər isə İçərişəhər, Dənizkənarı Milli Parkdır. Onun fikrincə, Bakı dünyadakı ən gözəl şəhərlər sırasındadır.

“Bizdə əsgər getmək istəyən imtahandan keçməlidir”

Azərbaycanda diqqətini çəkən başqa bir nüans bəzi oğlanların əsgər getmək istəməməsidir: “Sizdə hamını hərbi xidmətə aparırlar. Bizdə isə əsgər müəyyən göstəricilərə cavab verməlidir, bir çox imtahanlardan keçməlidir. Əsgərin təhsil alması, idmanla məşğul olması, sağlamlığı, bədən ölçüləri göstəricilərə cavab verməlidir. Mən də əsgər getməyi çox istəyirdim. Bunun üçün müraciət etdim, imtahanlardan keçdim, yaxşı bal yığdım. Amma sinəmin ölçüsü 2 sm balaca olduğundan məni aparmadılar. Dedim ki, idman edib sinəmin ölçülərini normativə uyğun edə bilərəm, yenə də razılaşmadılar”.

Osman deyir ki, onlarda əsgərə yaxşı maaş verilir və yaxşı baxılır: “Çünki əsgər özünü vətənimizə görə qurban etməyə hazır olan insandır”.

Həmsöhbətimizin Azərbaycan qızları haqqında da maraqlı fikriləri var. Pakistan qızları ilə Azərbaycan qızları arasında müqayisə aparan Osmanın sözlərinə görə, onlarda qızlar hicab bağlayır, yalnız evdə öz həyat yoldaşları üçün bəzənib-düzənir, makiyaj edirlər: “Sizdə isə qadınlar bazara gedəndə də bəzənir, evdə isə geyim-kecimlərinə, saç düzümlərinə fikir vermirlər. Dinimizə görə, qadın yalnız evdə öz həyat yoldaşı üçün bəzənməlidir”.

“Əcnəbi olduğum üçün qızı mənə vermirlər”

Osmanın Azərbaycanda istədiyi qız da var. Onunla ailə qurmaq istəsə də, qızın valideynləri iki ayaqlarını bir başmağa dirəyib əcnəbiyə qız verməyəcəklərini deyirlər: “İstədiyim qız Neftçaladandır, bacısı Bakıda oxuyur. Yolda təsadüfən məndən metronun yerini soruşanda tanış olmuşuq. Özüm də metroya getdiyimdən onunla yol yoldaşı oldum və dostlaşdıq. Sonra dostluğumuz sevgiyə çevrildi. Evlənmək üçün valideynlərimə zəng edib onların rizasını aldım. Onlar dedilər ki, bu, mənim həyatımdır, qızdan xoşum gəlirsə, evlənim. Hətta atam Pakistanın Təhsil Nazirliyinin xətti ilə mənə yazılı və rəsmi qaydada təsdiq olunmuş formada icazənamə də göndərdi ki, burada evlənə bilərəm. Amma qızın valideynləri razı olmur. İki dəfə Neftçalada olub valideynləri ilə danışmışam, bir dəfə atası da Bakıya gəlib, söhbətləşmişik. Deyir ki, qızlarını xariciyə versələr, rayon yerində onlara pis baxacaqlar, camaat deyəcək ki, Azərbaycanda kişi yox idi, qızınızı xariciyə verdiniz. Qız hicablı, namaz qılan, mədəni, ağıllıdır, bir-birimizi çox gözəl başa düşürük. Hətta evlənmək üçün mənimlə Bakıya gəlmək istəyirdi, amma qoymadım ki, valideynləri razılıq versin, sonra evlənək. İndi də valideynlərinə zəng edirəm, cavab vermirlər. Amma düşünürəm ki, əvvəl-axır razılaşacaqlar və biz evlənib xoşbəxt olacağıq”.

Evlənəndən sonra harada yaşayacağına gəlincə, deyir ki, hələ təhsili ilə bağlı Azərbaycandadır: “Sonra burada qalıb işimə davam edə bilərəm. Amma əvvəl-axır vətənimə qayıdacağam”. (kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir