“Gənclik qəzeti”-nin “Mənim balam” rubrikasının bu dəfəki qonağı əməkdar artist, Dağıstanın xalq artsiti Ədalət Şükürov olub. Müsahibəsində övladlarının tərbiyə üsulundan danışan müğənni həmçinin qız analarına diqqətli olmağı, övladları ailə qurarkən seçim etməkdə onlara yardımçı olmağı məsləhət görüb.
“Gencaile.az” həmin müsahibəni təqdim edir.
– Ədalət Şükürov övladlarının tərbiyəsində nəyi əsas götürür?
– Təəssüflər olsun ki, biz kişilər ailədə uşaqların tərbiyəsində çox yaxından iştirak edə bilmirik. Çünki kişilər gecə-gündüz çalışıb evə pul gətirir. Məhz bu səbəbdən vaxtımız az olduğu üçün övladlarımızla maraqlanmağa o qədər imkan tapmırıq. Buna görə də övladlarımızla onların anaları məşğul olur. Buna baxmayaraq, Azərbaycan ailəsində ana atasız heç bir işi qəbul etmir. Nə olur-olsun, hər zaman evdə son sözü ata deyir. Əbəttə, hər bir ata istəyər ki, övladının hər bir anında onun yanında olsun. Övladların tərbiyə edilməsində, düşünürəm ki, 30 faiz iş kişilərin üzərinə düşür.
– Şou-biznes nümayəndələri adətən istəmirlər ki, övladları onların sənətini davam etdirsin. Bəs sizdə necə?
– Mənim qızım artıq institutu bitirir. Onun ifaçılıq sənətinə meyli olmayıb. Oğlum isə özünə bir istiqamət seçib, universitetə yeni qəbul olub. Onu üzgüçülüyə yazdırmışam. Hesab edirəm ki, övladlarımızı mütləq şəkildə idmanla məşğul etdirməliyik, onların xarici dil öyrənməsinə kömək göstərməliyik. Onlar mütləq şəkildə rəqsi bilməlidirlər. Bunlar olmasa, olmaz. Bütün valideynlərə məsləhət görürəm ki, uşağa öz uşaqlığını yaşamaq üçün imkan və şərait yaratsınlar. Uşaqları 6-7 yaşında yükləməklə ona xarici dil öyrətmək düzgün deyil. Onlar o yaşda oyuncaqla oynamalıdırlar. Uşağa bir az imkan vermək lazımdır ki, formalaşsın, sonra onu yükləmək olar. Mənim övladlarımın ifaçılıq üçün elə səsləri yoxdur, heç onlarda bu sahəyə maraq da hiss etməmişəm.
– Çox zaman uşaqları tərbiyə etmək üçün ən yaxşı yol döyməkdir, deyirik. Siz bununla razılaşırsınızmı?
– Döymək, baxır uşağı necə döymək… Döyməyin bir çox növü var. Uşağı elə vurarsan ki, onu ömürlük bədbəxt edərsən. Əgər çox əndazəsindən çıxarsa, onun yumşaq yerindən vurmaq olar. Onda qan dövranı sürətlənir və uşaq sakitləşməyə başlayır. Bu, normal bir şeydir.
– Qızla oğlanın tərbiyəsində seçim edirsinizmi?
– Qız tamam başqa tərbiyə üsulu ilə böyüdülür, oğlan tamam başqa. Qızlar həm fiziki, həm də mənəvi cəhətdən oğlandan fərqlənirlər. Fikir vermisinizmi, uşaqların yaşı az olanda onları bir otaqda saxlamaq olur. Ancaq onlar böyüyəndə valideyn özü çalışır ki, onların otaqlarını ayırsın.
– Bəzən atalar qızlarına daha çox meyilli olurlar. Siz də qızını çox istəyən atalardansınız?
– Ümumiyyətlə, kişilər qadınları daha çox istəyir, ananı ana kimi, həyat yoldaşını xanımı kimi, balalarını da bala kimi. Bu bir kompleksdir. Hər bir kişi qızında öz anasını görür. Ona görə də atalar qızlarını oğlanlarından bir köynək çox istəyir, bu da normal bir şeydir.
– Artıq övladlarınız ictimai həyata atılacaq yaşdadırlar. Onların tərbiyəsi bir ata kimi sizi qane edirmi?
– Bunu mən deyə bilmərəm. Övladların tərbiyəli olub-olmadığını çevrənizdəki insanlar deyə bilər. Misal üçün, mənim üçün çox xoşdur, dostum deyir ki, o gün oğlun yanıma gəlmişdi, çox təmkinli, mədəni, tərbiyəli uşaqdır. Bu söz mənə bəs edir. Əgər kənardan övladım haqqında müsbət rəy alıramsa, bu, mənə xoş təsir bağışlayır. Deməli, mən övladıma düzgün tərbiyə vermişəm.
– Evlənmək məsələsində necə? Onların məsləhətli şəkildə ailə quracağına razılıq verəcəksiniz, yoxsa hər şeyi öz öhdələrinə buraxacaqsınız?
– İndiki zəmanədə evlənmək çox çətin məsələyə çevrilib. Bu, asan məsələ deyil. Ailədə sevgi birinci deyil, sevgi tamam başqa şeydir. Misal üçün, elə hesab edərsiniz ki, sevib evlənmisiniz, amma sonra görərsiniz ki, onun daxili iblis imiş. Ailədə əsas odur ki, gənclər bir-birini başa düşsünlər. Həm dost, həm sevgili, həm də sirdaş kimi. Fikrimcə, ailədə sevgi birinci deyil. Əgər mənim yoldaşım nəsə bişirirsə, bu vaxt mən hansısa bir işin qulpundan yapışmalıyamsa, amma bunu etmirəmsə, bu, düzgün deyil. Problemlər də bundan başlayır. Məsləhət görürəm ki, qızlarımız ailə quranda qarşı tərəfi tanısınlar. Heç olmasa, ən azından ailə quracaq insanlar bir neçə dəfə oturub söhbət etməlidir. Hər bir valideyn istəyir ki, övladı xoşbəxt olsun. Qız valideynləri istəyir ki, onun gəlin gedəcəyi ev qızını öz övladı kimi görsün. Onun kürəkəni savadlı, ən azı, cəmiyyət içində özünü idarə edə biləcək bir insan olsun. Maraqlanmaq lazımdır ki, qız harda qalacaq, yoldaşı işləyirmi, avtomobili, evi varmı və s. Bütün problemlər işsizlikdən başlayır. Bəzən kasıbçılıq olanda sevgi də ölür. İndi siz başa düşdünüzmü ki, ailədə əsas sevgi deyil. Bir-birimizi sevə bilərik, ancaq acından da ölə bilmərik. Hər kəsə can sağlığı, xoşbəxtlik arzulayıram. Hər bir valideynə övladlarına toy etməmişdən öncə diqqətli olmağı, ailənin harada qalacağını, oğlanın nə işlə məşğul olacağını, çevrəsini araşdırmalarını məsləhət görürəm. Amma istəmədən, yalnız valideynin israrı ilə ailə qurulmasını da doğru hesab etmirəm. Sonradan belə ailələr dağılır.