cizgi filmi

Ekran və uşaqlar: Nələrə diqqət yetirməliyik?

Baxış sayı: 481

Müasir dövrdə uşaqları rəqəmsal mediadan uzaq tutmaq çox çətindir. Əslində sürətlə rəqəmsallaşan dünyada artıq uşaqları tam təcrid etmək heç lazım da deyil. Lakin azyaşlıların ekran qarşısında vaxt keçirmələri mütləq nəzarətdə saxlanılmalıdır.  Bəzi evlərdə hətta heç kim oturub seyr etmədiyi halda televizorlar açıq qalır. Bu, düzgün deyil. Bir çox valideynlər, dayələr televizoru, planşeti, mobil telefonu uşağı sakitləşdirmək üçün vasitə hesab edirlər. Bəs əslində bu cihazlar uşaqlara necə təsir edir?

İki yaşa qədər uşaqlar üçün bu cihazlar heç bir öyrədici funksiya daşımır, əksinə uşaqları beyni inkişaf etdirən ünsiyyət və oyunlardan təcrid edir. Körpələr real insanlarla ünsiyyətdə və əşyalarla təmasda daha çox şey öyrənirlər.

Televizor, kompyuter, planşet qarşısında saatlarla oturmaq uşağın sosial bacarıqlarının, dil öyrənmək vərdişlərinin, yaradıcılığının azalmasına səbəb olur. Əsasən iki yaşına qədər olan dövr uşaqların beyninin inkişafında mühüm dövr olduğu üçün ünsiyyətə, oyunlara xüsusi vaxt ayırmaq lazımdır.

Ekran aludəçisi olmaq övladınızın analitik düşünmə qabiliyyətinin, fanataziyasının ,intellektinin zəifləməsinə gətirib çıxara bilər.

Təcrübələr göstərib ki, məktəbəqədər yaşlarında vaxtının çoxunu cizgi filmləri və əyləncə proqramları önündə keçirən uşaqların məktəb yaşlarında çox zəif oxuma vərdişləri olur.

Məktəbli uşaqların televizor qarşısında çox vaxt keçirməsi onların ev tapşırıqlarına az vaxt ayırmasına səbəb olur.

CIZGI FILMI

Televizor, planşet və digər cihazlar uşaqların davranışlarına da mənfi təsir göstərir. Belə ki, uşaqlar emosional cəhətdən hazır olmadan, hadisələrə düzgün yanaşma əldə etmədən kobud, aqressiv səhnələr görməməlidirlər. Mediada böyüklər üçün olan bəzi reklamlar da onların davranışlarına mənfi təsir edə bilər. Nəzərə almaq lazımdır ki, uşaqların beyni ağ kağız kimidir, ilk təəssüratlar illərlə yaddaşlarında qalaraq, sonradan onların dünyaya baxışlarına və davranışlarına birbaşa təsir göstərir.

Bundan başqa, televizor, planşet, kompyuterdə nəzarətsiz olaraq, saatlarla oturmaq uşaqlarda piylənməyə, onurğa əyriliklərinə və s. səbəb ola bilər.

Şimali Kaliforniya İnstitutunun alimlərinin həyata keçirdikləri araşdırmalar isə göstərir ki, gənc yaşlarında çox televizora baxan insanlar orta yaşlarda beynin funksiyasında pozğunluqlarla və göz problemləri ilə rastlaşırlar.

Valideyn olaraq, rəqəmsal medianın övladınıza mənfi təsirinin qarşısını ala bilərsiniz. Onların ekran qarşısında keçirdikləri saatlara və izlədikləri proqramlara nəzarət edərək, rəqəmsal mediadan düzgün yararlanaraq, zərər yox fayda əldə etmək olar.

Uşaq üçün proqram mütləq valideyn tərəfindən seçilməlidir. Məsələn, iki uyğun proqram seçib uşağa təklif etmək olar ki, birini seçsin və izləsin.

İki yaşdan aşağı uşaqları ekrandan uzaq tutmaq məsləhət görülür.

Televiziyada və ya internetdə öyrədici proqramlar, səyahət, tarix və s. ilə bağlı verilişlər seçmək və faydalanmaq olar.Belə proqramları bir-iki dəfə özünüz də uşaqla birgə izləsəniz, onlarda mütləq maraq yaranacaq.

cizgi filmi

Cizgi filmləri uşaqlar üçündür deyə heç də hamısının yaxşı olduğunu düşünməyin. Cizgi filmləri mütləq valideyn tərəfindən seçilməlidir. Hazırda içərisində aqressiya, uşaqlara uyğun olmayan səhnələr olan cizgi filmləri çoxdur.

Özünüz ekran qarşısında daha az vaxt keçirməklə uşağa örnək olmağa çalışın. Uşaqlar hər şeydə böyükləri təkrarlamağa çalışırlar. Valideyninin kitab oxuduğunu, digər fəaliyyət növü ilə məşğul olduğunu görən uşaq da zamanla o istiqamətə yönələcək.

Yemək yeməyən uşaqları planşet, televiziya, mobil telefon önündə yedirtmək yanlış hərəkətdir. Çalışın uşaq yemək zamanı ekrandan uzaq olsun.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir