erken nikah

Ekspert: Erkən nikahlar təhsilin yolunu bağlayır

Baxış sayı: 427

Azərbaycanda qız uşaqlarının təhsilinə dəstək və qadınların maariflənməsinin önəmi bir daha diqqət mərkəzindədir. Elm və təhsil naziri Emin Əmrullayev  “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində çıxışı zamanı qadınların təhsilinə yönələn səylərin davamlılığını vurğulayıb. Nazir bildirib ki, hələ də qızların və qadınların təhsilində həllini gözləyən məsələlər mövcuddur və bu istiqamətdə atılacaq addımlar gələcək nəsillərin savadlı və bacarıqlı olmasına birbaşa təsir göstərir: “Biz hələ bu yolun başlanğıcındayıq. Əhalinin təxminən yarısı qadınlardır və bu yarısını kənarda qoymaq, təhsilin yarısını kənarda qoymaq deməkdir. Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır”.

Nazir qeyd edib ki, dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur: “Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır”.

novella ceferoglu

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə hesab edir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə və ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır. XXI əsrdə yaşadığımızı xatırladan hüquq müdafiəçisi “Şərq”ə açıqlamasında bildirib ki, qızlara yüksək təhsil almaq üçün imkan yaradılmalıdır: “Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik? Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.

N.Cəfəroğlu qeyd edir ki, cəmiyyət özü bu prosesi qınamalıdır. Cəmiyyət bilməlidir ki, erkən nikah, əslində, ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır: “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.

Hüquq müdafiəçisinin fikrincə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən, cinayət məsuliyyəti daşımalıdır: “Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir. Ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır”.

 

kamran esedov

Təhsil eksperti Kamran Əsədov yuxarı sinifdə oxuyan qızların məktəbdən yayındırılmasını erkən yaşda nikaha daxil olmaları ilə əlaqələndirir. Onun sözlərinə görə, bəzi ailələrdə qızlar səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir:

“Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi isə valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəbyaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir”.

K.Əsədov qeyd edir ki, təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir