“Təəssüflər olsun ki, spirtli içkilər seqmentində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi illərdir effektli iş görə bilmir və ya görmək istəmir. Hələ 4 il öncə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkənin əmtəə bazarında ən bahalı brend içkilərin saxta olduğunu sübut etdi, həbslər həyata keçirdi və s. Lakin problem tam həllini tapmır”.
Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saxta spirtli içkilərlə bağlı danışarkən bildirdi:
“Qanunvericiliyə görə, bu məsələlər AQTA-ya həvalə olunub, lakin dövlət qurumu, necə deyərlər, vəziyyətə nəzarət edə bilmir. Ən bahalı klublarda belə əhaliyə təhlükəli və saxta içkilər verilir. Düşünürəm ki, bu kimi məsələlərə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzarət etməlidir. Onlara səlahiyyət verilməlidir ki, bazarın bu seqmentini təmizləsinlər. Bu hallar şadlıq evlərində baş verir, onlar isə saat 6-da işə başlayır. O vaxt AQTA-nın əməkdaşları, necə deyərlər, istirahətə gedirlər. Lakin DİN sutka ərzində işləyən bir qurumdur. Ona görə onların bu işi çox effektiv qiymətləndirilir”.
Ekspert həmçinin saxta spirtli içkilərin sağlamlığa ciddi zərərindən də danışdı: “İstehlakçıların zəhərlənməsi riski yüksəkdir. AQTA bunun qarşısını ala bilmir. Yəni sıravi bir vətəndaş içkidən şübhələnərsə, AQTA-nın “1003” qaynar xətti vasitəsilə ekspertizaya vermək istəsə, ondan çoxlu pul tələb olunur. Düşünürəm ki, istehlakçı təşkilat kimi AQTA ekspertizaları təmənnasız etməlidir. Bizə bununla bağlı çoxlu məlumat daxil olur. Lakin ekspertizadan keçməyəndə biznes qurumları bizi böhtan atmaqda günahlandırır. Ümumiyyətlə, bütün sahələrdə istehlakçıların aldadılmasının kökündə qanunlar durur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub. Qanun çox köhnəlib. Keyfiyyət məsələsi masanın üstündə qalıb. AQTA-nın əsasnaməsinə baxsaq, onlar malların təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi ilə heç kəs məşğul olmur. Belə bir vəziyyətdə, əlbəttə, istehlakçıların həyatı təhlükə altında qalır. Təkcə spirtli içkilər seqmetində deyil, digər seqmentlərdə də belə ağır vəziyyət hökm sürür”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib, saxlanılanlar var.
Nigar HƏSƏNLİ