Rusiyanın Samara vilayətində nəşr olunan “Samarskaya qazeta” “Millətlər xəritəsi” layihəsi çərçivəsində Azərbaycanın zəngin turizm potensialı ilə bağlı məqalə dərc edib.
“Gencaile.az” xəbər verir ki, məqalədə Azərbaycana gələcək samaralı turistlər üçün ölkəmizin turizm potensialı, zəngin tarixi-mədəni irsi, əlverişli təbii-coğrafi şəraiti, milli koloriti ilə yaxından tanış olmaq imkanı yaradılır.
Məqalədə qeyd olunur ki, tətil mövsümü yaxınlaşır, bir çoxu ənənəvi dəniz səfərlərini planlaşdırır. Əksəriyyət isə, nədənsə Qara dənizə üz tutur, Xəzər sahillərinə səyahət arxa plana keçir.
Müəllif qeyd edir ki, əslində hələ Sovet dövründən Abşeron yarımadasının ucsuz-bucaqsız qumlu çimərliklərinin şöhrəti bütün ölkəyə yayılmışdı. Bu çimərliklər indi də qalır, heç yerə getməyiblər. Həmin çimərliklər müasir dövrün tələblərinə uyğun yenilənib, hətta bəziləri Aralıq dənizinin çimərliklərindən heç də geri qalmır. Yəni, Azərbaycana bir səfər planlamaq olar.
Həm də məqalədə xüsusi olaraq vurğulanır ki, Rusiya vətəndaşlarına ölkəmizi ziyarət etmək üçün təkcə xarici pasport yetərlidir. Üstəlik heç təyyarə biletinə də ehtiyac yoxdur, Samaradan Bakıya birbaşa reys avtobusu işləyir.
Ötən ilin yayında samaralılardan ibarət 13 nəfərlik qrupla Azərbaycanda istirahət edən Lyudmila Pak ölkəmizlə bağlı xatirələrini bölüşür: “Adətən, getdiyimiz yerləri öyrənmək və pəncərədən müxtəlif təbii zonaları görmək üçün qatarla gedirik. Amma Bakıya birbaşa qatar yoxdur, əvəzində biz Samaranın Mərkəzi Avtovağzalında üzərində “Bakı” yazılmış sütunü gördük. Məlum oldu ki, hər həftə Azərbaycanın paytaxtına birbaşa avtobus reysi var. Sürücülərlə görüşdük, suallarımıza ətraflı cavablar aldıq və bütün şübhələrimizi adladıq. Yol da yorucu olmadı, əksinə, yolüstü çox maraqlı hadisələrlə qarşılaşdıq. Üçüncü gün artıq biz öz əzəməti, möhtəşəm tikililəri, koloriti, səliqəli köhnə məhəllələri və bir də İrandan dəstə-dəstə gəlmiş çadralı turistləri olan Bakıdaydıq. Nədənsə bizdə belə bir hiss var idi ki, biz sanki Birləşmiş Ərəb Əmirliklərinə gəlmişdik”.
Məqalədə Azərbaycana səfər edən turistlər üçün azərbaycanca-rusca danışıq “lüğəti” də yer alır. Bildirilir ki, turistlərin onların dilində danışmağa cəhd etmələri yerli əhaliyə çox xoş gəlir.
Həmin “lüğət” belədir:
Salam-zdravstvuyte
Sağ olun-do svidaniya
Natersen?-kak dela?
Zehmet olmasa-pojaluysta
Teşekkur – spasibo
Xahiş edirəm, baqışlayın – izvinite
Adınız nedir?- kak vas zovut?
“Bakı ilə tanışlıq üçün bir gün kifayət deyil. Bu şəhərə çoxlu vaxt ayırmağa dəyər. Şəhərdə muzeylərin sayı kifayət qədərdir. Gəzinti üçün ən gözəl yer dəniz sahilidir. Şəhərin qədim hissəsinin dar küçələrini saatlarla dolaşmaq olar. Milli və Avropa mətbəxinin yeməklərini təklif edən kiçik restoranlar var. Mərkəzdən 10 dəqiqəlik məsafədə çox ucuz hostellər tapmaq olar. Amma nəzərə alın ki, Rusiya rubllarını yerli valyutaya dəyişmək yalnız banklarda mümkündür. Burada valyutadəyişmə məntəqələri qanuna zidd olduğuna görə fəaliyyət göstərmir. Yaxşı olar ki, valyuta dəyişmə məsələsini şəhər mərkəzindən kənarda həll edəsiniz”, – məqalədə qeyd olunur.
Yazıda həmçinin vurğulanır ki, şəhərdə heç də hamı rus dilində danışa bilmir. Daha yaxşı olar ki, hansısa məsələ barədə soruşmaq üçün orta yaşlı və yaşlı insanlara müraciət olunsun, çünki onlar sovet dövründə yaşayıblar, rus dilini bilirlər. Amma gənclər ingilis, ərəb dilini öyrənməyə üstünlük verir. Samaralı turistlər bir də məsləhət görürlər ki, yaxşı olar turistlər Azərbaycan-Ermənistan münaqişəsinə toxunmasın, çünki bu azərbaycanlıları narahat edən məsələdir.
“Bakının içərisində yaxşı çimərlik axtarmayın. Onlar Abşeron yarımadasında və paytaxtdan cənubda yerləşir. Orada su daha təmizdir, neft ləkələri yoxdur və dənəvər qumluq var. Şıxov çimərliyi Azərbaycanın ən yaxşı çimərliklərindən biridir. Sahildə möhtəşəm akvapark yerləşir. Su çox təmiz və dayazdır, daş yoxdur. Mərdəkan çimərliyi də uzun müddətdir ki, çimərliklər arasında öz liderliyini saxlayır. Bilgəh, Novxanı çimərlikləri də əksər turistlərin xoşuna gəlir. Bəzi turistlər isə ölkənin cənubuna – Lənkərana üz tuturlar. Ora subtropik iqlimi olan, mineral sularla zəngin ərazidir”, – müəllif qeyd edir.
Məqalədə həmçinin “Samara vilayətindəki azərbaycanlıların “Vətən” milli-mədəni muxtariyyəti İctimai Birliyinin sədri Rafiq Qəmbərovun da fikirləri yer alıb. O, azərbaycanlıları qonaqpərvər, əməksevər, öz adət-ənənələrinə, soy-kökünə bağlı xalq kimi xarakterizə edir.
“Nə vaxt Azərbaycana getməyə hazırlaşsanız, birinci növbədə xatırlayın ki, bura dənizdə birinci müasir neft quyusunun vətənidir və ən qədim neft platformasının vətəni kimi Ginnesin “Rekordlar” kitabına düşüb. Ona görə bu mövzuya diqqəti ayırmaq mütləq lazımdır. Bakının sahiliylə gedəndə siz uzaqda – dənizdə bir çox neft qülləsi görəcəksiniz. Məndən Azərbaycanda ən çox nəyin xoşuma gəldiyini soruşanda mən fikirləşmədən cavab verirəm ki, təbiət. Çünki o, qeyri-adidir, elə bir yerdir ki, onu nə iləsə müqayisə etmək mümkün deyil, təkrarolunmazdir. Amma mənim ən sevimli yerim ölkənin qərb hissəsində yerləşən Kəpəz dağının ətəyindəki Göy göldür. O, dəniz səviyyəsindən 1 500 metr hündürlükdə yerləşir, orta dərinliyi 30 metrdir. Bu gölün dəqiq yaranma tarixi var – 30 sentyabr 1139-cu ildə yaranıb”, R. Qəmbərov deyir.
R. Qəmbərov Azərbaycanın digər görməli yerlərindən də söhbət açır, “Yanardağ”, Qobustan, Atəşgah və digər tarixi ərazilər haqqında məlumat verir, turistləri bu gözəllikləri görməyə dəvət edir.