AILE

“Elektra taleyi” cəmiyyətdə hansı fəsadlar verə bilər?

Baxış sayı: 1. 165

Elektra – xanımlar ərə gedirlərsə də, əksər vaxtlar özündən yaşca çox-çox böyük əkscinslərinə

Qız üçün atasının obrazı həyat yoldaşını seçməsi üçün bir trafaretdir

Görəsən qızının atasına olan bağlılığı yaxşıdır, ya pis? Qızın anasına oxşamaq istəməməsi, mənəvi-psixoloji cəhətdən ondan uzaqlaşması – bu, sonradan hansı fəsadlara gətirib çıxara bilər?

 

Qızların kompleksi

Məşhur psixiatr Ziqmund Freydin tələbəsi olmuş Karl Yunq elmə qızların edip kompleksi üçün xüsusi bir anlayış – Elektra kompleksi – daxil etmişdir.

İlk öncə qızlar atalarına və analarına eyni dərəcədə bağlı olurlar, lakin sonradan bu balans pozulur və qızların atalarına qarşı xüsusi, özünə məxsus bir bağlılığı yaranır. Psixoloqların fikrincə, nə qədər qəribə görünsə də, bəzən 6-7 yaşında olan qız uşaqları arzu edirlər ki, böyüyəndə atalarına ərə getsinlər. Və eyni zamanda analarına qarşı düşmənçilik, opponenet mövqeyində dayanırlar.

Bəzi mütəxəssilər belə hesab edirlər ki, uşaqlıqdan atalarını ideallaşdıran, onun xüsusiyyətlərini şişirdib artıran qadınlarda Elektra adlı bir kompleks formalaşır. Gənc oğlanlarla alınmayan, baş tutmayan ünsiyyət “təcrübə”si belələrini məyus edir. Yeniyetməlik dövründə onu valideynləri ilə əksqütblü münasibətlər narahat edir, bəzən isə əzab verir; o, atasını doğma anasına qısqanmağa başlayır, eyni zamanda atası tərəfdən də özünə qarşı yüksək diqqət tələb edir. Digər problemlər isə qız böyüyəndə başlayır ki, bu barədə bir qədər sonra.

Əvəzində çox zaman belə xanımlar yüksək ali təhsilə, “kişi ağılı” sayılan güclü məntiqi idraka malik olur, ünsiyyət zamanı çox mehriban, səmimi və salamlı-kalamlı olurlar. Onları güclü cins nümayəndələrinin əsl köməkçisi və tələbələri saymaq olar. Həmçinin belə xanımlar xaraktercə elə də qeybətcil və paxıl olmur, başqaların şəxsi işi və həyatı ilə maraqlanmırlar. Onlar üçün yalnız öz həyatları, iş və karyeraları mövcud olur və ən əsası da atalarının timsalında canlandırdıqları əsl kişi obrazı, siması… Belələri uşaqlıqdan analarına bənzəmək istəmirlər və bu da, onlarda alınır. Şəxsi həyatlarında xoşbəxtlik, yenilik və təzə rəng çalarları sezilmir.

Belə xanımlar yaşca özündən qat-qat böyük kişilərlə ailə həyatı qura bilərlər. Bu, çox yayılmış və hamıya məlum haldır. Lakin bunu əsl səbəbləri, təbii ki, hər kəsə məlum deyil.

 

Atam, anam, mən, Xoşbəxtdir ailəm

Gözlərimin qarşısında Elektranın klassik kompleksinin canlı nümunəsi var. Təsəvvür edin, sıravi bir Azərbaycan ailəsidir: ata, ana və qızları. Bizimlə qonşuluqda yaşayırlar. Ata paytaxtdakı iri zavodlardan birinin baş mühəndisidir. Çox məsuliyyətli və məşğul insandır. Boş vaxtı demək olar ki, qalmır. Lakin bununla belə o, uşaqlıqdan bu yana heç vaxt öz sevimli qızcığazını unutmamış, onunla imkan düşdükcə məşğul olmuş, ona böyük sevgi və qayğı göstərmişdir.

Niyə görəsə atası istəmişdi ki, qızı həkim olsun. Sevimli qızının uğurları barədə söz açanda atası həmişə belə danışırdı: “biz…”, “biz instituta daxil olduq…”, “biz özəl klinikaya həkim kimi işə düzəldik…” və sair.

Atasının 55-57, evdar xanım olan anasının isə 51-52 yaşı olar. Sağlam və xoşbəxt ailə, maddi cəhətdən tam təminatlılıq. Lakin bir şeydən savayı…, artıq qızın 29 yaşının olmasına baxmayaraq nə olursa olsun ərə getmək istəmirdi. Elçini elçi arxasınca qaytarırdı. Niyə, nə üçün, ilk baxışdan böyük sual doğurur. Bununla əlaqədar müxtəlif versiyalar söylənilə bilər və söylənilirdidə. Lakin məsələyə söz açdığım problem baxımından və buna daha yaxın şəxs kimi yanaşdıqda, aydın olur ki, qız hələ ki, heç kimi atası kimi mənəvi, fiziki cəhətdən sağlam, ağıllı və qayğıkeş bir insan qismində görə, qəbul edə bilmirmiş. Qıza görə həmin insan maraqlı, lazım gəldikdə hökmlü, lazım gəldikdə isə yumşaq, həlimxasiyyət olmalıdır. Bəs belə birisini haradan tapmalıymış?…

Bir dəfə onlara əvvəlkilərdən fərqli statuslu bir elçi gəldi. Yaşı 40-ı ötmüş və artıq indiyədək evlənib boşanmış bir kişi onu özünün xanımı etmək istəyirdi. Kişi imkanlı olmağı ilə bərabər ziyalı idi. Təəccüblü və qəribə görünsə də, axır ki, qız həmin o şəxsə ərə getməyə razılıq verdi. Valideynlərinin sevincinin həddi-hüdudu yox idi, lakin… Lakin təəssüf ki, sadəcə onların izdivacı elə çox sürmədi…

 

Ellada torpağının qəhrəmanları

Adıçəkilən kompleksin adı qədim yunan əfsanələrinin birindən götürülüb. Sofoklun faciəsi olan “Elektra”nın süjeti bizi Troya müharibəsinin baş verdiyi dövrlərə aparıb çıxarır. Çar Aqamemnon (o, Parisə görə onu atıb-gedən Yelenanın birinci əriydi) vətəninə dönəndə öldürülür. Yürüşünün böyük ağırlığını və təhlükəsini dəf edərək sağ-salamat evinə dönsə də, çar arvadı Klitemnestra tərəfindən öz hovuzunda qətlə yetirilib.

Ardınca Aqamemnonun oğlu, Elektranın qardaşı Orest də qəriblikdən vətəninə dönür. Elektra isə atası öldürüləndən qisas hissiylə yaşayır. Və bu istəyi gec-tez baş tutur. Elektra Oresti razı salıb birbaşa havadarlıq edərək onun analarının qətlini törətməsinə nail olur…

 

Yunan “ehtiras”ı Ukrayna ailəsində…

Sofoklun faciəsi yaddaşıma haçansa internetdə qəribə bir ölüm hadisəsini oxuyanda həkk olunmuşdur. Hadisə Ukraynanın ucqar şəhərciklərinin birində baş vermişdi. Öz mənzilinin qapısı ağzında məktəbli-məzun qız A.-nın anası Q. xüsusi amansızlıqla bıçaqlanıb öldürülmüşdü. Qətl zamanı evdə mərhumun məktəbdən yenicə gəlmiş qızı olubmuş. Həmin vaxt qız təhqiqatçılara danışmış ki, qatili görməyib və tanımır, o, qışqırıq səsləri eşitsə də, qapıdan bayıra çıxmağa qorxubmuş.

A da Y. kimi şagirdi olduğu məktəbə ayrı bir məktəbdən yenicə gəlmişdi. Y. hündürboy, yaraşıqlı bir gənc idi. Güman ki, onların münasibətləri tez bir zamanda yaxınlaşmış, isinişmişdi. Yaxınlıq bir ildən az artıq davam etdi. A.-nın atası olmadığından o, anasıyla qalırdı. Anası şəhərdəki özəl firmalardan birində mühasibatçı işlədiyindən evdə çox ola bilmirdi.

A atasını çox istəyirmiş. Atası 1,5 il öncə avtomobil qəzasında həlak olmuşdu. Maraqlı orasındadır ki, həmin vaxt anası qəzaya uğrayan maşında olsa da, elə bir ciddi xəsarət almamış və sağ qalmışdı. Atasını itirdikdən sonra məktəbli qız ciddi depressiyaya düşmüş, heç cür onun ölümüylə barışa bilməmişdi. A. hətta bir müddət məktəbə də getməmiş, öz otağına çəkilib tənhalıqda qalmış, heç kəslə danışmamış. Anası hər nə etsə də, onun bu “mənəvi zədə”sini sağalda bilməmişdi. Uzun müddət dərs buraxdığından onu məktəbdən azad etmişdilər. Məhz bu səbəbdən zavallı A. məktəbini dəyişməli olmuşdu.

Yeni məktəbdə Y. ilə tanışlıqdan sonra A. da tədricən müsbət dəyişikliklərin baş verdiyi anasının gözündən yayınmamışdı. Anası dərhal qızından bunun səbəblərini sormuşdu. Qız ilk öncə bunu gizlətmək istəsə də, alınmamış, sonradan hər şeyi olduğu kimi valideyninə danışmışdı. Ana naməlum “qəhrəman”la tanış olmaq istədiyini bildirdikdən sonra A. onları görüşdürmüşdü. İnsafən Y. A.-nın anasının xoşuna gəlmişdi. Və anası qızının məktəbdən sonra da Y. ilə görüşməsinə elə ciddi maneə yaratmamışdı…

Təəccüblü və qəribə olsa da, dəfndən dərhal sonra, qadının qırxını belə gözləməmiş, uşaqlar nikah evinə ərizə təqdim edib evlənmək niyyətlərində olduqlarını bildirdilər. Fikirlərini dağıtmaq, dərddən-qəmdən uzaqlaşmaq üçün səyahətə getmək istəyirdilər, lakin qohumları onları bu fikirdən döndərir ki, sözügedən addım çox eyib bir hərəkətdir, bir az gözləmək lazımdır.

Qətlin araşdırma və təhqiqatları çox asta templə davam edirdi. Əgər hüquq-mühafizə orqanlarının nümayəndələri qətl günü vanna otağında ciddi-cəhdlə axtarış aparsaydılar, cinayəti daha tez aça bilərdilər. Amma bu barədə bir qədər sonra…

Y ilə tanışlıqdan sonra A. müəyyən qədər keçmişi – atasının ölümünü unutmuş, onunla bircə əməllicə eşq aləminə baş vurmuşdu. Nəticədə A. yarım il məktəbə getməmişdi. Sonradan A.-nın dediklərindən məlum olmuşdu ki, o, niyə görəsə Y.-nı rəhmətlik atasına bənzədirmiş.

Anası Q. qızının məktəbi atmasını ən son günlərədək bilmirmiş. O, lap uşaqlıqdan qızıyla elə də zərif və həssas davranmamış, onu çox ciddi, sərt qaydada tərbiyə etmişdi. A. anasından çox qorxurdu. Artıq məktəbdən qovulma xəbərini anasına çatmasından və bunun da əsas səbəbkarı Y. olduğundan anasının onları ayıracağından qorxan A. heç bir məntiqə sığmayan bir ağılsızlıq düşünməli olmuşdu. Anasının ölümü ilə isə bir tərəfdən onu bu “fobiya”dan azad etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, əgər istintaqçılar qətl günü vanna otağında ciddi-cəhdlə axtarış aparsaydılar, hardasa çirkli paltarlar arasında Y.-nın qana bulaşmış paltarını tapa bilərdilər…

Bəli, A. anasının güclü və sərt qınağıyla üzləşməmək və Y.-dan ayrılmamaqçün elə Y.-nın əliylə onu öldürmüşdü…

Həyatda elə şeylər var ki, hər bir zaman və dövrlərdə dəyişməz qalır. Sofoklun dövründən qətl heç bir problemi həll etmir, əksinə, yenilərini yaradır. Bu qətli törədən uşaqlar həbsxanaya düşür. Əgər onlar bu qətli törətməsəydilər, ola bilsin ki, sadəcə yalnız psixoanalitikin qəbuluna düşərdilər…

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir