Əlil olmaq heç kimin seçimi deyil. Əlillik nə irsən, nə də yoluxucu xəstəlik də sayılır. Əlillikdən qorunmaq isə mümkünsüz bir şeydir.
İnsanın iradəsi xaricində olan əlillik anidən və bir göz qırpımında baş verir. Hər hansı bir qəza, xəstəlik, ya da hadisə. Sığortalanması heç cür mümkün olmayan bu hal yaş, din, dil, irq fərqi də tanımır. İstənilən anda, zamanda və məkanda hamımızın əlil olma ehtimalı var. Amma təəssüflər olsun ki, insanların əksəriyyəti bunun fərqində deyillər. Hələ də fiziki qüsurlu gənc gördükdə dəhşətə düşərək qulaqlarımızı çəkərək, “iraq olsun” deyimini işlətmək və yazığı gəlircəsinə baxmaq vərdişindəyik. Bir sözlə, gün ərzində dəfələrlə bu mövzuda verilişlər hazırlansa da, yazılar yazılsa da, əlilliyin xəstəlik yox, fiziki qüsur olduğu deyilsə də insanlarımız hələ də bunu qəbul etməkdə çətinlik çəkir. Məzh fiziki qüsurlu insanları da kompleksə salıb həyatdan küsdürənlər beyni qüsurlu olan “sağlam” insanlardır.
Valideyn üçün övladının xoşbəxtliyini, xoş gününü görmək ən ən böyük arzudur. Bir anlıq valideynə gələcək yeznə və gəlinin fiziki qüsurlu olduğunu dediyimiz an baş verə biləcəkləri düşünmək belə insanı qorxudur. Çox valideyn üçün onun övladının fiziki qüsurlu bir gənc ilə ailə qurması dəhşətli bir faciədir. Qohum-qonşu arasında utanc, xəcalətdir. Fiziki qüsurlu gənclərin ailə qurma istəklərinin qarşısını “mümkün deyil, olmaz, o, əlildir” və s. kimi cümlələrlə almaq əslində onu yenidən öldürmək kimi bir şeydir. Səbəb kimi isə “əlil insandan sənə həyat yoldaşı olmaz”, “onunla birlikdə harasa gedə, əyləncəli vaxt keçirə bilməyəcəksiniz”, “övladınız olmaya bilər” və bu kimi arqumentlər göstərilir. Halbuki, əlillik xəstəlik deyil. Əlil bir gənc valideyn də ola bilər, sağlamlığı yerində olan birindən də daha yaxşı ailə qoruya bilər. Valideynlər isə…
Esmira Haqverdiyeva bir oğul, bir qız anasıdır. Fikrinin əvvəlində fiziki qüsurlu gənclərin cəmiyyətə qazandırılmasının vacibliyini vurğulasa da öz övladlarına gəlincə, ana övladlarının fiziki qüsurlu gənclə ailə qurmasına qarşı olduğunu bildirir. Onun fikrincə, fiziki qüsurlu insanlar elə fiziki qüsurlu insanlarla ailə qursalar daha yaxşıdır: “Əlil insanların ailə qurmaqdan da böyük ehtiyacları var. Məsələn, sərbəst harasa getmək, pilləkənlərdən sərbəst düşüb-qalxmaq, məktəbə getmək, valideyni olamayan, yaxud gəliri az olan ailələrdə yaşayan gənclər üçün yardım, onlara uyğun iş və s. Evlilik məsələsi elə də asan deyil. İctimai yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə əlillərin rahatlığı təmin olunmayıb. Belə yerlərin pilləkənlərində, girişində fiziki cəhətdən qüsurlu olan insanlar üçün lazımi şərait yaradılmayıb. Bu gün məktəbdə bir az kasıb ailələrin uşaqlarına imkanlı uşaqlar yuxardan aşağı baxırsa, əlil uşaqların aqibəti necə olar? Əlil gənclərin evlənmə yaşına kimi olan problemləri həll olunmayıb axı, indi də onların fiziki qüsuru olmayan gənclərlə evləndirilməsi müzakirə olunsun. Bir az kobud ifadə də olsa ataların bir sözü var. Taylı tayını tapmasa, günü ah-vayla keçər. Sevgi ömürlük olmur. Leyli-Məcnun olanlar belə elə olur ki, boşanırlar. Ona görə də düşünürəm ki, əlil bir gənclə əlilliyi olmayan bir gəncin ailə qurması düzgün deyil. Övladlarıma da icazə vermərəm”.
Bu gün fiziki qüsurlu gənclərə xəstə kimi baxanlar da az deyil. Onlar fiziki qüsurlu gənclərdən özləri kimi övlad dünyaya gəlmə ehtimalından ehtiyat edirlər. Lakin bu, tamamilə absurd fikirdir. Tamamilə sağlam iki gəncdən belə fiziki qüsurlu körpə dünyaya gələ bilər. Bundan heç bir ailə sığortalanmayıb.
Həkim-genetik Dilavə Cabbarovanın sözlərinə görə, həyat yoldaşını qohumlarından seçən gənclərin övladlarının fiziki qüsurlu olması böyük ehtimaldır. Fiziki qüsurlu gənclərin sağlam insanlarla ailə qurmasından dünyaya gələn körpələrin isə qüsurlu olması faizi yox qədər azdır: “İnsan genomu 46 xromosomda yerləşən 28000 gendə cəmləşmiş genetik informasiyaların cəmidir. Əgər hər hansısa bir ailədə irsi xəstəlik varsa, çox güman ki, ailə qurmaq istəyən gənclər bu xəstəliyin daşıyıcısı olurlar. Bu o deməkdir ki, onlar patoloji genin daşıyıcısıdır. Onlar ailə qurduqda belə bir ehtimal var ki, bu patoloji genlər bir-biri ilə daha tez qarşılaşsın. Lakin insan qəzaya düşübsə, müharibə şəraitində yaralanaraq və s. sonradan bu kimi təsirlərdən əlil olursa, belə insanların qüsursuz insanlarla ailə qurmasının heç bir problem yoxdur. Bədəndə iki ayaq fəaliyyətini yerinə yetirmədi, yaxud ayaqdan ən kiçik barmaq fəaliyyətini yerinə yetirmədi, bunun bir fərqi varmı? Sonradan insanın əlinin, qolunun kəsilməsi onun övladlarınn da qolsuz doğulacağı mənasına gəlmir. Əlil olan insanların ailə qurması normal bir haldır. Onların gələcək övladlarının da tam sağlam dünyaya gəlməsi mümkündür”.
Hər bir insan əlil olmağa namizəddir. Heç kim “mən əlil olmayacağam” kimi iddialı bir cümlə qura bilməz. Çünki əlil olmaq da ölmək kimi ani baş verən və insan iradəsindən uzaq bir haldır. Hər bir insanın da fiziki qüsurlu insanlara yaxınlaşması başqadır. Kimisinin əlil insanlara yazığı gəlir, kimisi əlindən gələn köməyi etməyə hazır olduğunu hiss etdirir və təəssüf ki, əksər insanlar da əlil insan görən kimi ona pul verib aşkar formada onları dilənçi halına salır.
Əlil insanların daxili dünyası da normal insanlardan olduqca fərqli olur. Daha həssas, daha küskün, və çəkingən.
Psixoloq Qurban Talıblının sözlərinə görə, anaların övladlarına əlil gəncərlə ailə qurmağa icazə verməməsi uşaqların rahatlğından çox özlərinin rahatlığı üçündür. El qınağı, qonum-qonşunun alayı baxışlarından uzaq durmaq üçün valideynlər övladlarının ailə qurmamasına razı olar, lakin onların fiziki qüsurlu gənclə ailə qurmasına razı olmaz: “Sizcə hansı ana gələcək kürəkənin, yaxud gəlinin diplomu, işi, gözəlliyi ilə fəxr etmək yerinə fiziki qüsurlu ailənin növbəti üzvünə qapılarını açar? Gənc xanımların rəfiqələrinin yanında lovğalanmaq, yoldaşının imkanlı, çalışqan olması ilə rahat yaşamaq və bu kimi arzuları ümumiyyətlə, fiziki qüsurlu gənclə evlənmə fikri ilə üst- üstə düşməz. Gənc bəylər isə xanımlarına ev xanımı gözü ilə baxdığı üçün qüsurlu bir xanımın işli-güclü ola bilməməsi, uşağına sərbəst baxa bilməməsindən dolayı bu cür evlilikdən uzaq qaçar. Əslində gələcək övladın da qüsurlu ola bilmə ehtimalı, xasiyyətin uyuşmamazlığı sadəcə bu məsələyə geyindirilən ən məsum qiyafədir. Qüsursuz insanın fiziki qüsurlu insanla evlənmə fikri varsa, cəmiyyətin, ailənin, ən yaxınların qınağına hazır olmaq və bütün bunlara birlikdə dözmək gücü də olmalıdır. Qüsurun beyində deyil, bədəndə olduğunu qəbul edənlər üçün ailə qurmaq qorxulu deyil. Sağlam tərəfin psixoloji cəhətdən olduqca möhkəm olması lazımdır ki, cəmiyyətdə hələ də əlil insanlara cüzamlı insan gözü ilə baxanlara qarşı dözümlü olasan. Türkiyədə illər öncə sağlam insanın əlil bir xanımla evlənə bilməsi, əlil xanımı evliliyə razı salması üçün sağlam qolunu kəsdirmək istəməsi bütün ölkənin diqqətini bu evliliyə yönəltmişdi. Bu da onu göstərir ki, ailə qurmaq istəyi əlil, yaxud sağlamlığa baxmır. Beyinlər sağlam olduğu müddət gənclərin ailə qurmasında heç bir problem yoxdur”.
Fiziki qüsurlu gəncləri cəmiyyətə qazandırmaq insanların öz əllərindədir. Onlara adi insan kimi yanaşmaq, onlara yazığı gəldiyini göstərməyib əksinə, normal söhbət etmək, birlikdə əylənmək, hətta evlənmək belə müsbət haldır. Nəticədə heç kimin gələcəkdə nə yaşayacağı bəlli deyil. Hər birimiz fiziki qüsurlu olmağa namizədik.