Elmə məlum olmayan qadın istəyi

Baxış sayı: 1. 786

Kişilər nə qədər təcrübəli olsalar da qadınların nə istədiklərini heç zaman dəqiq bilmirlər. Hələ xanım sirlidirsə, bu zaman heç cür onun istəklərini öncədən proqnozlaşdırmaq olmur. İstənilən halda, hər xanımın özünə görə istəkləri, hər kişinin isə qadınların nə istəməsi ilə bağlı müəyyən fikirləri olur.
Biz də fərdi olaraq bəzi xanımların nə istədiyini, kişilərin isə xanımların onlardan nə istəməsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Pediatr Günay Rəsulova deyir ki, qadın olaraq ən böyük istəyi anlayışdır: “Məncə, bir qadının ən çox ehtiyacı olan duyğu ətrafındakıların onu anlamasıdır. İstəklərini, duyğularını, yaşadıqlarını, səhvlərini, doğrularını və s. Hamısına anlayış göstərilsə, qadın xoşbəxt ola bilər. Şablon səslənsə də, tam səmimi deyim ki, ən böyük hədiyyə mənə göstərilən diqqətdir”.

Diplomlu ziyalı olmaq lazım deyil
“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyevə görə, qadınların kişilərdən istədikləri ən mühüm şey onlara diqqət, qayğı göstərmək və sədaqətli olmaqdır: “Sevgini hiss edən qadın xoşbəxtliyə çox yaxın olur. Sevilmək onların ən böyük arzularıdır. Bunlar varsa, qadınların xoşbəxtlik anlamının demək olar ki, əsas hissəsi təmin olunur. Qalan bütün istəkləri bu möhkəm baza üzərində qurmaq olar”.
Qadınları çox sevdiyini, onlara 1000-dən çox qəzəl həsr etdiyini deyən, “Nargis Porcelain”in yaradıcısı Yasin Xəlil deyir ki, qadınlar həmişə qadın olaraq qalırlar. Yəni, onlar özlərini ən çox sevilən birisi kimi hiss etmək istəyirlər: “Ən vacibi qadın haqqındakı və ya onlara şamil olunan bütün mövcud stereotipləri qırıb dağıtmaq istəyirlər”.
“BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə, qadını duymaq, istəklərini bilmək üçün heç də böyük ağıl sahibi və ya iki ali məktəb diplomlu ziyalı olmaq lazım deyil: “Evinizdəki hər xanım sizdən qayğısını çəkdiyinizi hiss elətdirdiyiniz bir kəlmə, danışdırmadan gözlərindən oxuduğunuz fikirlərinə “hər şey yaxşı olacaq” deyə verəcəyiniz sözü gözləyir. Xanımlar söz istəyir, polad kimi möhkəm söz! Söz verin, cənablar. Həmişə yanlarında olmağa söz verin. Onlara divarı hündür hasarlar hörməyin, önlərində getməyin. Əl-ələ yan-yana olmağı sevir qadınlar. Yanlarında olun”.

“Nə təqdim etməyiniz yox, necə təqdim etməyiniz önəmlidir”

Fotoqraf-operator Valeh Arifoğlu isə qadınların bayramda hədiyyə istəkləri haqda danışdı. O deyir ki, qadınların nə istəməsinə bir neçə aspektdən yanaşmaq olar: “Qadın var ki saf sevgi, xoşbəxtlik istəyir, hansısa xoş söz belə onu xoşbəxt edir. Amma təəssüf ki bu hallar azdır. Çünki bahalı hədiyyə düşüncəsi hələ də öz hökmünü sürür. Sözümün canı odur ki, hədiyyə düşünmək lazım deyil və alınan hədiyyəyə şükür etmək lazımdı. “Niyə filankəs bunu aldı, sən almadın?” söhbətləri olmasa yaxşıdır. Bu ilki müşahidəmə əsaslanaraq deyim ki, qadınların çoxu kitab, gül istəyir”.
Jurnalist Çinarə Nurməmmədova bildirdi ki, nə qədər ənənəvi səslənsə də, qadınlar əslində həqiqətən sevgi, diqqət və başa düşülmək istəyirlər: “Kişilərlə qadınların xarakteri fərqlidir. Məsələn, kişilər əgər işlə məşğuldurlarsa, tamamilə öz işlərinə istiqamətlənirlər. Qadınlar isə hər gördükləri işdə belə, sevgidən stimul alırlar. Sevgi hətta karyera uğurlarının da stimulu olur. Ona görə də günün bütün saatlarında diqqət mərkəzində olmaq, sevgi ilə bəslənmək istəyirlər. “Nə etsəm də, razı düşmürsən” sözünü kişilərdən tez-tez eşidirik, mühüm olan nəsə etmək deyil, mühüm olan doğru şeyi etməkdir. Qadınlar mükəmməllik dəlisidirlər, nə təqdim etdiyiniz yox, necə təqdim etdiyiniz çox önəmlidir. Məsələn, bir xanıma kitab hədiyyə edən zaman onu öncə özünüz oxuyub, bəyəndiyiniz hissələrə kartlar yapışdırıb öz fikirlərinizi yazmaqla, sadəcə təqdim etməyin məna yükü eynidir? Əlbəttə ki, yox! Qadınlar hər sözü dillərinə gətirmək istəmirlər, qarşındakının onu hiss etməsini arzulayırlar. Çünki bu mövzuda özləri də kifayət qədər həssasdırlar”.

Bu gün istədiklərini sabah istəməyə bilərlər”
Psixoloq Narınc Rüstəmova deyir ki, qadınların nə istəməsi hələ ki dünya elminə tam məlum deyil: “Qadınlar emosional varlıq olduqları üçün situasiyaya görə müxtəlif istəkləri ola bilər. Bu an istədikləri bir şeyi sabah istəməyə bilərlər”.
N.Rüstəmova deyir ki, qadınların nə istədiklərini ancaq təxmin etmək mümkündür: “Qadınlar emosional olduqları üçün paylaşım, sevgi, qayğı istəyirlər. Amma istəklər hər xanıma görə dəyişir. Əgər bəy xanımın nə istədiyini təxmin etmək istəyirsə, onun atasını tanımalıdır. Atasının xarakteri, davranışı, nə qədər diqqətli olmasını öyrənsə, qadının da ondan nə gözlədiyini müəyyən qədər təxmin etmiş olacaq. Kişilər qadına vaxt ayırmalı, qayğısına qalmalı, bu cür diqqət üçün hansısa özəl günü gözləməməlidirlər. Qadın üçün hər gün bayram olmalıdır. Hədiyyələr vacib deyil, bir “sabahın xeyir”lə xoşbəxt olan qadınlar var. Qadının bişirdiyi yeməyi tərifləmək də bir diqqətdir. Əgər kişilər qadınlara qarşı diqqətli olsalar, bayramda çox xərcə də düşməzlər”.
Narınc xanım deyir ki, o, bu gün üçün həyat yoldaşından hədiyyə gözləmir: “Mən 8 martda Elnur müəllimdən heç nə gözləmirəm. İnanmıram ki, sabah üçün mənə nəsə alsın. Çünki o, hər an mənə hədiyyə ala, müxtəlif sürprizlər edə bilər. Adi bir vaxtda yolda gedəndə maşını saxlayıb mənə gül ala bilir. Yəni hədiyyə üçün hansısa günü gözləmir. Mənim üçün hər gün o qədər gözəl keçir ki, bayramları digər günlərdən fərqləndirə bilmirəm”.
Psixoloq deyir ki, əgər qadın bir ay öncədən bayram günü nə istədiyini dilə gətirirsə, deməli, sevgi azlığı hiss edir və diqqət istəyir: “Qadın gül kimidir, hər gül sulanmaq istəyir. Hər gün bir az su versəniz daha çox ömrü olar”.

“Əslində kişilər qadınların nə istədiyini bilirlər”
Gənc Psixoloqlar İctimai birliyinin sədri Orxan Oruc isə deyir ki, əslində kişilər xanımların nə istədiklərini bilirlər: “Hələ 19-cu əsrdə məşhur psixoanalitik Ziqmund Freyd söyləmişdi ki, “30 ildir tədqiqatlar aparmağıma baxmayaraq, hələ də cavabın tapmadığım bir sual var – Qadın nə istəyir?” Qadının nə istədiyini söyləmək kişi cinsinin nümayəndəsi üçün çox çətindir. Əslində kişilər qadınların nə istədiyini bilirlər, sadəcə olaraq, qadının istəklərinə kişi məntiqi ilə baxdıqda onlar anlaşılmaz görünə bilir. Çünki qadın və kişi hissləri, emosiyaları, qavraması bir-birindən fərqlənir. Kişilər hər bir davranışlarının və qərarlarının məntiqi səbəblərini dərk edə bilir. Qadınlarda isə emosional, hisslərin təsiri ilə verilən qərarlar üstünlük təşkil edir. Bu səbəbdən də çox zaman onların nə istədiklərinin məntiqi cavabını vermək çətin olur. Kişiləri güclü edən bu fərqlilik, qadınları da incə və zərif edir. Qadınların güclü kişiyə ehtiyacı olduğu kimi, kişilərin də zərif qadınlara ehtiyacı var. Yəni, bu fərqliliklər qadın və kişinin bir-birini tamamlanmasına zəmin yaradır. Həmin zəriflikdən irəli gəlir ki, qadınlar güclü hesab etdikləri kişilərdən diqqət, qayğı və nəvaziş gözləyirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir