valideyn

Elnur Rüstəmov: “Valideynlər ailədə balansı qorumaq istəmir”

Baxış sayı: 1. 170

“Birmənalı şəkildə ana və ata olmağa hazırlaşanlara uşaq psixologiyası ilə bağlı seminarlar və dərslər keçilməlidir. Hətta yaxşı olar ki, valideynlərə orta məktəblərdə psixoloqlar tərəfindən kütləvi seminarlar, treninqlər təşkil olunsun”. Bunu psixoloq Elnur Rüstəmov deyir.

Son zamanlar valideynlər və övladları arasında yaranan fikir ayrılıqları, onların evdən qaçmağı ilə və hətta intihara cəhdləri, ölüm halları ilə nəticələnir. Psixoloq deyir ki, belə hallar daha çox yeniyetmələrdə baş verir: “Yeniyetməlik elə bir dönəmdir onlar hər şeyə etiraz etməyə başlayırlar. Ən çox yönlədikləri hədəf də ailə üzvləridir. Konkret ata-ananı bəyənməmək, onları qəbul etməmək, onlarla mübahisə etmək.

Hətta bir qisim yeniyetmələr daha da irəli gedib valideynə əl qaldırırlar, ağır sözlər sərf edirlər, evdən pul oğurlayırlar. Problem yaşanan, ər-arvad münasibətləri düzgün qurulan ailələrdə belə hallar daha çox baş verir. Müxtəlif bəhanələrlə evdən uzaqlaşmaq, evə gec gəlmək kimi hallar yaşanır. Hətta hazırlıq dönəmində belə, valideyn fikirləşir ki, övladı repetitor yanındadır. Amma sonradan bəlli olur ki, uşaq heç müəllim yanına getməyib.  Zamanını başqa yerlərdə keçirir. Əvvəllər daha çox vaxtlarını internet klublarda keçirirdilər, artıq həm mobil telefonla, həm də evdə kompüterlərlə internetə çıxışları var. Artıq yeniyetmənin valideyni diqqətli olmalıdır ki, uşaq hansı səbəbdən evdən qaçır. Hansı narahatlıqları və həll etmədikləri problemləri var”.

 

 Bəs niyə belə hallar yaşanır?

Elnur Rüstəmov bunun valideyn-övlad münasibətlərinin düzgün qurulmaması ilə əlaqələndirir: “Problemin həll edilməsində yeniyetmə yanlış olaraq çıxış yolunu evdən uzaqlaşmaqda görür. Hətta bir qisim yeniyetmələrdə, xüsusən qızlarda, evdən uzaqlaşma kiminləsə qoşulub qaçmağa çevrilir. Bu psixoloji problem kimi dəyərləndirilə bilər. Əslində ortada heç bir problem yoxdur. Əsas məsələ valideyn-övlad münasibətinin yeniyetməlik dövründə qorunub saxlanılmasından gedir. Valideynlər yeniyetmə psixologiyası ilə bağlı kifayət qədər məlumatlı deyillər. Yeniyetmə ilə necə davranmağı bacarmırlar. Və bu səbəbdən də yeniyetmələr evdən uzaqlaşmağa risk edirlər”.

Əgər valideyn övladında hər hansı bir problemin olduğunu görürsə, o problemi öyrənməyə çalışmalıdır: “Valideyn övladının ona danışa bilmədiyi problemləri üzə çıxarmaq üçün konkret addımlar atmalıdır. Məsələn yeniyetməni psixoloqla görüşdürə bilər. O həm valideynin yeniyetmə psixologiyası ilə bağlı maariflənməsinə kömək edəcək, həm də valideyn problem haqqında detallı da olmasa (konsultasiya anonim prosesdir) müəyyən dərəcədə məlumatlı olacaq. Yeniyetmə ilə davranışında irəliləyişlər əldə edəcək”.

 

Yeniyetmənin aqresiyasının valideynə yönəlməsinə səbəb nədir?

Məsələ burasındadır ki, yeniyetmələr yeniyetməlik dövrünə qədər ailənin himayəsində olurlar. Onlar özlərini ətrafa təsdiq etmək istəyirlər. Tutaq ki, yeniyetmə evdə heç bir iş görmür. Amma qonaq gedəndə görürsünüz ki, bütün işləri həmin yeniyetmə görür. Diqqət edəndə görürük ki, o yeniyetmə özünü təsdiq edir, başqa bir şey etmir. O istəyir ki, ətraf tərəfindən qəbul olunsun, ətrafda ona hörmət edilsin. Onlar özlərini ailə üzvlərinə təsdiq etmək duyğusu yaşamırlar. Uşaqlıq dövründə valideynlə övlad münasibəti sağlam olarsa, yeniyetmə ailəsi ilə problem yaşamayacaq”.

 

Bəs belə problemlərin yaşanmaması üçün nə etmək lazımdır?

“Bir zamanlar Alfred Adler Almaniyada 30-dan artıq psixoloji mərkəz yaratmışdı. Onlarında əsas işi orta məktəblərdə valideynləri maarifləndirmək idi. Bu gün valideynlərin əlində imkanlar genişdir. İnternet resurslarından yeniyetmə psixologiyası ilə bağlı kitablar oxuya bilərlər. Valideyn psixoloqa müraciət edə və ya seminarlara qatıla bilər. Valideyn maariflənərsə düşünmürəm ki, artıq onların evində yeniyetmə ilə problem yaşanar.  Bizdə insanlar belə düşünürlər ki, bu gün ailədə problem yoxdursa deməli o problem barədə nəsə oxumağa, öyrənməyə də ehtiyac yoxdur. Bu gün evdə uşaq varsa sabah o yeniyetmə olacaq. Yeniyetmə nə istəyir, yeniyetmə istəyir ki, onun şəxsiyyəti təhqir olunmasın, ona diqqət ayırsınlar, həm oxusun, həm də dostları ilə vaxt keçirsin. Valideyn isə bu balansı qorumaq istəmir. Valideyn istəyir ki, 7 yaşında mənim dediyimlə oturub-dururdusa, indi də elə etməlidir. Yeniyetmə isə üsyan edir ki, mən böyümüşəm, mən şəxsiyyətəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir