“Gənclik qəzeti”-nin bu həftəki qonağı əməkdar artist Lalə Məmmədova olub. “Mənim balam” rubrikasının qonağı olan iki qız anası Lalə xanım hesab edir ki, insan hansı sənətin sahibi olursa-olsun, dünyaya gəldiyi missiyanı dərk etməlidir. Qadın anlamalıdır ki, dünyaya nəsil artırmaq üçün gəlib:
“Mənim ilk övladım dünyaya gələndə, özümdən asılı olmayaraq gözlərimdən yaş gəldi. O zaman populyarlığım, sənətim bir kənarda qaldı. Mən başa düşdüm ki, dünyaya niyə gəlmişəm. İki qızım var. Onlardan sonra bildim ki, nəyə qadirəm. Qızlarımın arasında fərq var. Çünki ikinci qızım anadan olan ərəfələrdə həyatımda bəzi hadisələr baş verdi. Kiçik qızım böyük qızımı qısqanır. Bu da uşaqlıq hissidir. İkinci övladımdan sonra daha güclü olduğumu hiss edirəm. Çünki bilirdim ki, hər ikisinin ağırlığı artıq üzərimdədir”.
Əməkdar artist övladları ilə mütəmadi şəkiləd maraqlanır, uşaqların təlim–tərbiysəi ilə məşğul olmağı bütün analara məsləhət görür.
– Lalə xanım övladlarını tərbiyə edərkən nələri əsas götürür?
– Hesab edirəm ki, övladları tərbiyə edərkən ən öndə duran məsələlərdən biri sevgi olmalıdır. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, övlada sevgi ilə hər bir şeyi sevdirmək, aşılamaq olar. Təbii ki, çərçivədən, əndazədən çıxmamaq şərti ilə. Bəzən sevgi də həddindən çox olanda insanın ziyanına işləyir.
– İstərdinizmi, övladlarınız gələcəkdə sizin sənətinizi davam etdirsinlər? Çox zaman incəsənət adamları bu sahənin əziyyətli olduğunu vurğulayaraq övladlarının incəsənətdən kənar ixtisasa yiyələnməsini istəyirlər.
– Mən elə düşünmürəm. Əgər övladlarım fitri istedad sahibi olarlarsa, bu istedadı ört-basdır etməyə lüzum yoxdur. İstedad elə bir şeydir ki, heç zaman itib-batmır, əvvəl-axır üzə çıxır. Ancaq sıradan bir ifaçı olmaqdansa, ən yaxşısı, bacardığı bir sənətlə məşğul olması daha məqsədəuyğundur.
– Sizcə, uşaqları döymək tərbiyə üsuludurmu?
– Mən döyməyi tərbiyə üsulu hesab etmirəm. Döymək tərbiyə üsulu olmasa da, hesab edirəm ki, bəzən bütün anaların səbri daşanda yüngülvari cəza tətbiq edirlər. Bunu danmaq olmaz. Ancaq, əlbəttə ki, ən yaxşı tərbiyə üsulu danışıb başa salmaqdır. Yaxud da başqa cür cəzalandırmaq lazımdır.
– Necə?
– Misal üçün, övladınızı sevdiyi hər hansı bir məşğuliyyətdən bir neçə saatlıq və ya bir-iki gün uzaqlaşdırın. İnanın ki, bu onlar üçün ən sərt cəzadır.
– Deyirlər, qızın rəfiqəsi anası olmalıdır. İki qız anası kimi siz necə düşünürsünüz?
– İstər oğlan, istərsə də qız uşağına analar hər zaman dost olmalıdırlar. Xüsusilə də keçid dövründə.
– Övladlarınızın mənəvi səviyyəsini yüksəltmək üçün nələr edirsiniz?
– Övladlarımın mənəvi səviyyəsini yüksəltmək üçün onlara kitabları sevdirirəm.
– Son dönəmlər belə bir xəbər yayılmışdı ki, 2-ci qız övladı olan valideynlərə 10 min manat pul ayrılacaq…
– 2-ci qız uşağı olanlara 10 min manat depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi barədə eşitmişəm. Neçə vaxtdır bu söhbət gedir. Hər sahədə inkişaf getsə də, içimizdəki cahillik qalıb. Necə olur ki, əli, ayağı olan övladını ana doğratdırır (abortu nəzərdə tutur – müəllif), Allaha qarşı çıxır? Bu çox ayıbdır. 10 min manat söhbətinə qalanda, deyim ki, mənim üçün övladımın qiyməti yoxdur. “USM”də övladımın balaca barmaqlarını görüb, onu artıq sevirdim. Heç bilmirdim o, qızdır, ya oğlandır. Bunun nə fərqi var ki?! Övlad övladdır.
– Qarşıdan Yeni il gəlir. Bu bayramı uşaqlarınızla qeyd edəcəksiniz?
– Təəssüf ki, Yeni ili övladlarımla birlikdə keçirə bilməyəcəyəm. Çünki bayramlarda səhnədə, iş başında oluram. Bu il Şaxta babadan xahiş edəcəm ki, gələn il Yeni ili övladlarımla birlikdə qeyd edim (gülür).
– Övladlarınız Şaxta babaya məktub yazırmı?
– Əlbəttə, yazırlar. Artıq böyük qızım başa düşür ki, arzuları Şaxta baba həyata keçirmir. Ancaq balaca qızım hələ ki başa düşmür. Böyük qızıma keçən il məktəbdə demişdilər ki, hədiyyəni Şaxta baba gətirmir, valideynlər alır. O da artıq inanmır Şaxta babaya. Mən də onu inandırdım ki, uşaqlar böyüyəndə hədiyyəni Şaxta baba almır. Ancaq uşaqlar balaca olanda hədiyyəni Şaxta baba gətirir.
– Bəs onlar Şaxta babadan nə istəyirlər?
– Açığını desəm, indiyə qədər onlarla oturub bu barədə ətraflı danışmamışıq. İşim o qədər gərgindir ki, səhər gedib axşam gəlirəm. Bir valideyn kimi onların arzularını bacardığım qədər yerinə yetirməyə çalışıram. Hər halda, məndən sehrli bir şey istəməzlər.
– İnidiki zəmanədə 2 qız övladı böyütmək çətindirmi?
– Mən çox sevinirəm və Allahıma da şükürlər edirəm ki, valideyinlərim sağdır. Valideyinlərimin verdiyi tərbiyədə ananın rolu danılmazdır. Allahıma dua edirəm ki, Allah təala anama can sağlığı versin, o da mənim övladlarımın tərbiyəsi ilə məşğul olsun. 2 qız övladı böyütmək çox çətindir, ancaq anama görə içim rahatdır. Düzdür, dayənin də övladlarımın böyüməsində əziyyəti danılmazıdr. Amma anamın bizə verdiyi tərbiyədən çox razıyam. Çünki bu gün mənim alnım açıqdır. Sevinirəm ki, övladlarımın da tərbiyəsi ilə anam məşğul olur. Allah ona can sağlığı versin. Mən iş adamıyam, bütün günü işdəyəm. İşləməliyəm ki, uşaqlarıma uğurlu gələcək qura bilim. Övladlarımı böyütmək üçün mənə dəstək olan ailəmə minnətdaram.