Emma Elekberzade

Emma Ələkbərzadə: ” Mən onun digər məşhurların övladı kimi olmasını istəmirəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 656

Ana olmaq… Bu hadisə qadına inanılmaz duyğular yaşadır. “Buna bərabər bir duyğu yoxdur” – deyən analardan biri də tanınmış müğənni Emma Ələkbərzadədir. Həyatın çətinlikləri və məsuliyyətləri içərisində körpəsini dünyaya gətirən, saatlarla yuxusuz qalaraq səbrlə onu böyütməyə çalışan, ilk addımlarını atdığında dünyalara sahib olduğunu düşünən, kiçik körpəsinin şirin yuxuya daldığını görəndə fərəhlənən, körpəsinin ilk müvəffəqiyyətləri ilə qürur duyan Emma Ələkbərzadə.
Bir yaş beş aylıq oğlu Daviddən bəhs edərkən və onunla kamera qarşısına keçərkən Emma xanım bir başqa cür olur. Simasına sonsuz gülüş qonur sanki. O gülüşün səbəbi aydındır: övladı! Müsahibimiz uzun müddət idi ki, Davidi mətbuatdan, sosial şəbəkələrdəki dostlarından gizlədirdi. Bu günlərdə bir mətbu orqan üçün açıqlama verən ifaçı oğlunun şəklini paylaşıb. O gündən mətbuatda Davidin şəkilləri yayımlanmağa başlayıb.
Biz də seçilən sənətçinin övladına “Maşallah” deyərək suallarımızı ünvanladıq. Beləliklə, “Mənim balam” rubrikasının qonağı Emma Ələkbəradə bizə oğlundan danışır.

– Emma xanım, ana olmaq necə hissdir?
 
– Ana olmaq çox gözəl hissdir. Bu hiss sözlə ifadə oluna bilməyəcək qədər mükəmməldir. Bu hissi dadmağı hər bir qadına arzulayıram.
– Deyirlər, ana olduqdan sonra qadınların bütün həyatı dəyişir. Siz bu fikirlərlə razısınızmı?
– Bəli, razıyam. Ana olandan sonra qadınların həyatı yaxşılığa doğru dəyişir. Hansı ki, bu dəyişiklik onun həyatını dəyişir.

– Adətən məşhurlar övladlarını ya dayəyə, ya da analarına həvalə edirlər. Bəs siz necə?

– Mənim övladımın dayəsi var. Mən Davidi ona tam olaraq həvalə edirəm. Belə ki, Rəhilə xala dostumun anasıdır. Ancaq o bizə dayə kimi deyil, xala kimidir, əzizdir. Biz onun xətrini çox istəyirik. Bacım Sevda da onu çox istəyir. O ki qaldı anama, yəqin ki, sağ olsaydı, Davidə özü baxardı.

– Övladınıza zaman ayıra bilirsinizmi?
– Əlbəttə. Bacardığım qədər onunla çox zaman keçirirəm. Mən evdə olanda David bizi bir-birimizə qatır. Onunla birlikdə xoş gün keçiririk, əylənirik, oyunlar oynayırıq. Günün necə gəlib keçdiyini hiss etmirik.

– Övladınızın gələcəkdə sizin sənətinizin davamçısı olmasını istəyirsinizmi?

– Sənət elədir ki, gərək bu sahədə istedadın ola. Mən bunu bütün övladlara şamil edirəm. Əgər o uşaqda bu sahədə heç bir istedad yoxdursa, onun bu yolda addımlamasına qarşıyam. Belə olan halda mən razılıq vermərəm ki, o, səhnəyə çıxsın. İndidən Davidin gələcəyi haqqında danışmaq istəmirəm. Onu gələcək göstərəcək.  Əsas odur ki, sağlam böyüsün, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişsin, ağıllı-kamallı olsun. Sonrasına isə baxarıq.

– Bir tərbiyə üsulu olaraq Davidi döyürsünüzümü?
– Biz Davidi döymürük, əksinə, David bizi döyür (gülür).

– Övladınız dünyaya gələndən ilyarım sonra onun şəklini paylaşdınız. Bu nə ilə əlaqədar idi, gözə gəlməsindənmi qorxurdunuz?
– Göz məsələsi deyil. Mən elə şeylərə o qədər də önəm vermirəm. Birincisi, bu mənim öz haqqımdır. İstəyərdim ilk gündən paylaşardım, istəyərdim paylaşmazdım. “Ana və övlad” adlı sosial layihə var idi. Mən onlara söz vermişdim ki, uşağın şəklini ilk onlar paylaşacaq.  Ona görə zamanı saxladım. Bu layihə həyata keçdiyinə görə, mən bu layihəni bitirdim və uşağın şəkillərini üzə çıxardım. Burada gizlin heç nə yox idi.

– Digər ifaçılar kimi övladınıza mahnı həsr etməyi necə, düşünürsünüzmü?
– İstəmirəm, desinlər ki, oğluna mahnı həsr edib. Əsas odur ki, balamın canı salamatdır. Mən onun digər məşhurların övladı kimi olmasını istəmirəm. İstəyirəm normal, hamı kimi balamı böyüdüm. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir