Müasir dövrdə həyatın sürətli ritmi, yüksək gözləntilər və daimi stress insanlarda psixoloji gərginliyin artmasına səbəb olur. Bu faktorların uzunmüddətli təsiri nəticəsində “emosional yanma ” (burnout) adlı vəziyyət formalaşa bilər. İlk dəfə 1974-cü ildə psixoloq Herbert Freudenberger tərəfindən işlədilən bu termin daha çox köməkçi peşələrdə (müəllimlər, həkimlər, psixoloqlar, sosial işçilər) müşahidə olunsa da, hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərdə də rast gəlinir.
Emosional yanma sindromu – insanın davamlı psixoloji gərginlik, stress və emosional yüklənmə nəticəsində işə, sosial həyata və özünə qarşı mənfi münasibət formalaşdırması ilə xarakterizə olunan psixoloji vəziyyətdir.
Bu sindrom insanın yalnız iş fəaliyyətini deyil, həm də şəxsi həyatını, ünsiyyətini və ümumi sağlamlığını mənfi təsirə məruz qoyur.
Emosional yanma sindromunun simptomları üç əsas qrupda toplanır:
1) Emosional tükənmə:
-Daimi yorğunluq və enerjisizlik;
-Emosional boşluq hissi;
-İnsanın işinə marağının və həvəsinin azalması.
2) Şəxssizləşmə (depersonalizasiya)
-İş prosesində insanlara qarşı laqeyd münasibət;
-Pasiyentlərə, müştərilərə və ya həmkarlarına qarşı empatiyanın zəifləməsi;
-Sosial təcrid və aqressiv reaksiya meyilləri.
3) Peşəkar nailiyyətlərin azalması
-Özünü qeyri-effektiv hiss etmək;
-İşdə uğursuzluq duyğusu;
-Motivasiya və yaradıcı yanaşmanın zəifləməsi.
Emosional yanma sindromunun formalaşmasına təsir edən faktorlar çoxşaxəlidir:
- İşlə bağlı faktorlar:
– Yüksək iş yükü və məsuliyyət
– Daimi vaxt təzyiqi
– Ədalətsiz qiymətləndirmə və dəstəyin olmaması
- Şəxsi faktorlar:
– Perfeksionizm meyilləri
– Özündən həddən artıq tələbkar olmaq
– Düşüncə tərzində neqativlik və özünü dəyərsizləşdirmə
- Sosial faktorlar:
– Ailə və dost dəstəyinin azlığı
– Sosial təcrid və ünsiyyət problemləri
Müalicə olunmayan emosional yanma sindromu həm psixi, həm də fiziki sağlamlığa ciddi zərər vura bilər:
- Depressiya və anksiyete pozuntuları;
- Yuxusuzluq, xroniki yorğunluq;
- Somatik xəstəliklər (ürək-damar, həzm, immun sistem zəifliyi);
- İşdən uzaqlaşma və karyera böhranı;
- Şəxsi münasibətlərdə gərginlik;
Emosional yanma sindromunun qarşısını almaq və ya təsirlərini azaltmaq üçün aşağıdakı üsullar tövsiyə olunur:
Özünə qulluq – Düzgün qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu;
Stress idarəetməsi – Meditasiya, nəfəs texnikaları, relaksasiya metodları;
İş mühitində dəyişiklik – İş yükünün balanslaşdırılması, dəstək qruplarının yaradılması;
Şəxsi sərhədlərin qorunması – “Yox” deməyi bacarmaq, iş və şəxsi həyatı ayırmaq;
Peşəkar yardım – Psixoloq və ya psixoterapevt dəstəyindən faydalanmaq
Emosional yanma sindromu sadəcə bir yorğunluq halı deyil, həm iş həyatına, həm də şəxsi rifaha ciddi təsir göstərən psixoloji sindromdur. Onun vaxtında tanınması və düzgün müdaxilə olunması insanın həm peşəkar, həm də şəxsi həyat keyfiyyətini yüksəltmək üçün zəruridir.
Psixoloq Aysu Əliyeva
Yaxşı olar ki, iş yerlərində daha çox dəstək olsun və psixoloji məsələlərə daha ciddi yanaşsınlar. Mənim özüm də belə bir vəziyyətlə qarşılaşmışam, çox yorğunluq hissi var idi, amma zamanla düzgün yanaşmalar taparaq yaxşılaşdım.
Mən də psixoloq olaraq bu yazıya tamamilə razıyam. Əslində, bu sindrom çox vaxt işdəki problemlərlə başlayır, amma yavaş-yavaş şəxsi həyata da təsir edir. İnsanlar özlərini artıq heç bir şeyə layiq hiss etmirlər və bu da onların gündəlik həyatına təsir edir. Müalicə üsulları çox vacibdir. Yaxşı olar ki, hamı özünə vaxt ayırsın, işdən sonra sosial fəaliyyətlərə qoşulsun.