Dünyada ən geniş yayılmış nevroloji xəstəliklərdən olan epilepsiya necə yaranır? Epilepsiyalı insanları digərlərindən nələr fərqləndirir? Qıcolmalar hansı hallarda təhlükəli ola bilər? Epilepsiyaya xas olan əsas əlamətlər hansılardır? Epilepsiya sağalmaz xəstəlikdirmi? Bu xəstəlikdən əziyyət çəkənlərə ilkin tibbi yardım necə olmalıdır? Qəfləti ölümlərin epilepsiya ilə bağlılığı varmı?
Nevroloq, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri Aygün Musayeva deyir ki, müəyyən yaşlarda epilepsiyaların səbəbləri dəyişir: “Məsələn, yeni doğulmuş uşaqlarda bu, daha çox perinatal dövrdə, ana bətnində olan zədələnmələr, infeksiyalar, doğuş zamanı hipoksiya və doğuş travması nəticəsində olur. 30-50 yaşlarda burada çox böyük yük beyin şişlərinin üzərinə düşür. Amma 50 yaşdan yuxarı 50% epilepsiyanın səbəbləri beyin damarları ilə bağlı patologiyanın nəticəsində yaranır”.
Epilepsiyanın 40-dan artıq növünün olduğunu deyən nevroloq, tutmaları iki qrupa ayırıb: “Tutmaların növlərinə əsasən böyük tutmalar və lokal tutmalar mövcuddur. Elə epilepsiya növləri var ki, orada ümumiyyətlə, qıcolma olmur. Sadəcə, insan donur, buna abstans epilepsiya deyilir”.
Nevroloqun sözlərinə görə, uzunmüddətli tutmalar epileptik statusa malik olur ki, bu da həyat üçün təhlükəlidir. Aygün Musayeva deyib ki, qıc olmadan əziyyət çəkən xəstələrin ətrafı ona qarşı xüsusi diqqət göstərməlidirlər: “Huşun itməsi olur bu anda, xəstə donur. Bunu ancaq onunla çox təmasda olan insanlar görür”.
Aygün Musayeva epilepsiya tutmaları zamanı xəstələrə göstərilən ilkin yardımla bağlı tövsiyələr verib: “Xəstə yıxılır və yıxılanda əlbəttə ki, zədə alma təhlükəsi olur. Bu səbəbdən epileptik tutmada da insana yardım üçün onu rahat vəziyyətdə uzatmaq, zədədən və travmadan qorumaq lazımdır. Çox zaman insanlar xəstələrin ağzını açmağa çalışır, başqa bir manipulyasiya yerinə yetirir. Bunlar düzgün deyil. Epileptik tutma zamanı xəstəni bir böyrü üstündə uzandırmaq, rahat nəfəs almasını təmin etmək lazımdır”.
Nevroloq deyir ki, epilepsiya müalicəsinə başlamazdan əvvəl onun uzunmüddətli olacağını xəstəyə mütləq demək lazımdır. Onun sözlərinə görə, dərman müalicəsində əsasən monoterapiyaya, yəni bir dərman qəbuluna üstünlük verilir: “Epilepsiyası olan xəstələrdə müalicədən sonra iki il ərzində tutmalar qeyd olunmazsa, bu zaman dərman qəbulunun dayandırılması haqqında düşünmək olar. 10 il ərzində xəstədə epileptik tutmalar yoxdursa, bir şərtlə ki, son beş ildə dərman qəbul etməyib, bu halda bu xəstəyə “epilepsiya həll edilib” deyilə bilər”.
A.Musayeva həmçinin epilepsiyadan əziyyət çəkən insanlarda psixi pozuntu müşahidə olunduğunu deyir.
Nevroloq epilepsiyadan əziyyət çəkən insanların avtomobil idarə edib-etməməsi barədə suallara cavab olaraq deyib ki, əgər bir şəxsdə epileptik tutmalar müalicə ilə tam aradan qaldırılıbsa və tutma qeydə alınmırsa, o zaman avtomobil idarə edə bilər.
Mütəxəssis onu da deyir ki, epilepsiyalı şəxslərin hündürdə, isti mühitdə olmaları, işləmələri arzuedilməzdir: “Bu amillər mütləq nəzərə alınmalıdır”.
Epilepsiyadan ölüm halları haqda suallara cavab olaraq həkim deyib ki, qısamüddətli tutmadan ölüm halının yarandığını demək düzgün olmaz. Onun sözlərinə görə, təkrari tutmalar olsa, xəstə epilepsiya statusuna düşə və ölüm baş verə bilər.