Son illərdə Türkiyə futbolu ilə maraqlanan azərbaycanlı azarkeşlər arasında Ergün Penbeni tanımayan çətin ki, tapılsın. Elə digər avropa ölkələrinin əksəriyyəti üçün də sabiq yarımmüdafiəçi tanış simadır. Nə də olsa, “Qalatasaray” UEFA kubokunu və Super kuboku qazananda da, Türkiyə milli komandası Dünya çempionatının bürünc mükafatına sahib olanda da, ötənlərin tanınmış türkiyəli futbolçusu sözügedən uğurların əsas iştirakçılarından idi. Hələ o vaxtdan azərbaycanlı azarkeşlərin də sevimlisi olan keçmiş dəri top ustasının təkcə futbolçu karyerası ilə bağlı məqamlar maraq doğurmur. Bu səbəbdən də Azərbaycan mediasına ilk müsahibəsini verən Ergün Penbeni “Gencaile.az” saytının “11 sual” rubrikasına qonaq etdik.
– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?
– Əslində, ilk dövrlər valideynlərim futbolçu olmağımı istəmirdilər. Sonradan həm mənim futbola marağımı, həm də istedadımı gördükdən sonra razılaşdılar. Xususən atam mənə çox dəstək olmuşdu.
– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Futbolçu olmasam, yəqin ki, kömür mədənində işləyərdim, çünki doğulduğum Zonquldak vilayəti kömürü və mədənləri ilə məşhurdur.
– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
– Yox, qətiyyən tərəddüd etmədi. Mən “Gənclərbirliyi”ndə forma geyəndə tanış olmuşduq. O vaxt universitetə imtahan vermək üçün Ankaraya gəlmişdi. O, da mənim kimi Zonquldak vilayətindən idi və mən ona kömək etmişdim. Tanışlığımız da məhz o zaman yaranmışdı. Sonradan isə münasibətlərimiz bir qədər də istiləşdi və evləndik.
– Sonradan həyat yoldaşınızla boşandınız və yenidən ailə həyatı qurdunuz. İlk evliliyinizin uğursuz olmasına səbəb nə olmuşdu?
– Anlaşa bilmədik. Xasiyyətimiz uyğun gəlmirdi.
– Tanınmış futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?
– Bəli, həmişə qısqanclıq hiss etmişəm.
– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?
– Müsbət təərəfləri daha çoxdur. Əgər “böyük klub”da forma geyən oyunçudan söhbət gedirsə, nizamlı şəkildə ailə həyatının olması daha da əhəmiyyətlidir.
– Futbol elə bir peşədir ki, əksər hallarda evdən kənarda olmalı olurdunuz. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?
– Ailəm üçün darıxmaqdan başqa elə bir problem olmur. Bu da zamanla alışılması mümkün olan haldır.
– Yeri gəlmişkən, övladlarınızın futbolçu olmasını istərdinizmi?
– Təbii ki, ailəmdə davamçımın olmasını çox istəyərdim, amma bu məsələdə övladlarımın arzusu mənim istəyimdən daha önəmlidir.
– Hansı futbolçularla ailəvi dostluğunuz var?
– Futbolçu karyeramızı bitirdikdən sonra ailəvi şəkildə görüşmək o qədər də mümkün olmur, amma yenə də fürsət tapdıqca görüşməyə çalışırıq.
– Tanınmış futbol adamı olmaq sizə gündəlik həyatınızda hansı üstünlükləri qazandırır?
– Məşhur adam olmaq insanların sevgisini və hörmətini hiss etmək baxımından önəmlidir. Cəmiyyət içində insanların bizə sözün yaxşı mənasında fərqli münasibət göstərməsi xoşdur.
– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz
– Bu baxımdan ən yadımda qalan hadisə Hasan Şaşla bağlı olaydır. Həmin hadisə “Trabzonspor”la qarşılaşmada yaşanmışdı. Minimal hesabla öndə olduğumuz matçın 85-ci dəqiqəsində zədələnmiş və tibbi yardım üçün meydanın kənarına gəlmişdim. Bir neçə dəqiqə sonra meydana qayıtdım. Qarşılaşmanın son dəqiqələrində “Trabzonspor” təzyiqi xeyli artırmışdı. Mən isə öz mövqeyimdə (həmin oyunda müdafiənin sol cinahında mən, yarımmüdafiənin sol cinahında isə Hasan Şaş çıxış edirdi) təkbaşına mübarizə aparırdım. Həmin dəqiqələrdə müdafiə xəttinə kömək etmədiyi üçün Hasan Şaşı xeyli söymüşdüm. Oyun 1:0 hesablı qələbəmizlə yekunlaşdı. Matçdan sonra soyunub-geyinmə otağında da Hasan Şaşa qarşı əsəbi idim. Həmin oyundan bir neçə saat sonra həyat yoldaşımla restorana getmişdik. Restoranda mənə yaxınlaşan ofisant Hasan Şaşın niyə qırmızı vərəqə aldığını soruşdu. Ofisantın bu sualından çox təəccüblənmişdim. Bu səbəbdən onun sualına “Hasan Şaş oyunda qırmızı vərəqəmi aldımı” sualı ilə cavab verdim. Bu dəfə isə təəccüblənmə növbəsi ofisantda idi. Amma hər ikimiz bunu zarafat kimi qəbul etdik. Amma yenə də ofisantın verdiyi sual məni narahat etdi. Bu səbəbdən də Hasan Şaşa zəng edib “Trabzonspor”la görüşdə qırmızı vərəqə alıb-almadığını soruşdum. Hasan Şaş isə əvvəlcə zarafatla məni söydü. Sonra isə gör kiminlə futbol oynayırıq, meydanda ölsək xəbəri olmayacaq deyərək telefonu söndürdü. Sən demə, mənim zədələnərək meydandan kənarda olduğum və oyunu izləyə bilmədiyim dəqiqələrdə Hasan Şaş hakim tərəfindən meydandan qovulubmuş. Nə edə bilərdim ki, onun qırmızı vərəqə aldığını görməmişdim.
Söhbətləşdi: Tural Məmmədov
Xüsusi olaraq “Gencaile.az” üçün
İstanbul, Türkiyə