Erkən nikaha sövq etmək, razılıq vermək, ümumilikdə insanlığa qüsurdur. Bu, valideynlik kimi böyük məsuliyyəti çiyinlərinə alan ata-ananın, bəzən nənə-babanın, yaxın qohumların hər birinin günahıdır. O günah ki, doğma balasını, nəvəsini öz əlləri ilə oda atmaq, onun gələcəyini baltalamaq, arzularının, istəklərinin üzərinə qara kabus çökdürmək anlamındadır. Sabahı görə bilmək, övladının nələrlə üzləşəcəyini düşünmək kimi hisslərdən məhrum olmaq deməkdir.
Təəssüflər olsun ki, XXI əsrə gəlib çıxmağımıza baxmayaraq hələ də köhnə fikirli insanlar var. İllərdir, bu nikahların acı nəticəsini görə-görə yenə də səhvə yol veririk. Çox təəssüf ki, bütün dünyada olan bu problem ölkəmizdə də var və bu qədər maarifləndirmə işlərinin aparılmasına baxmayaraq davam edir. Bu barədə danışaq.
Qadın, həyat yoldaşı, ana olmağa hazırsanmı?
Bəli, övladımıza kölə kimi baxanda, onun hüquqlarını tapdalayanda və ya heç bir hüququnun olmadığını zənn edəndə onu erkən nikaha sövq edirik. Statistik məlumata əsasən 2022-ci ildə ölkəmizdə 18 yaşadək 270 qız nikaha daxil olub. Bunun illər üzrə ən yüksək göstərici kimi, 1993-cü ildə 5044, 2007-ci ildə 5023, 2008-ci ildə 5544, 2011-ci ildə 5138 qızın erkən nikaha daxil olması qarşısında zəif qalmasının səbəbi 2012-ci ildən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşının 18 yaş müəyyən edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Belə olan halda 270 nəfərin hamısına üzrlü səbəb də şamil edə bilmərik. Çünki belə olarsa, digər üzrlü səbəbi çıxmaq şərtilə, bu da bizim qüsurumuzdur. Deməli, övladımıza düzgün tərbiyə verə bilməmişik, onu doğru yetişdirməyi bacarmamışıq.
270 nəfər 18 yaşa çatmayan qızın nikahı 270 valideynin, 2-yə vuranda isə 540 nəfərin günahıdır. Bu, hələ rəsmi statistikadır, qeydiyyata alınmamış onlarla belə nikah var ölkəmizdə. Deməli, 270 nəfər qız öz ailəsi tərəfindən istismar olunub, onların hüquqları valideynləri tərəfindən əlindən alınıb. Və yaxud da hüquqlarının nədən ibarət olduğu bu qızlara təlqin olunmayıb. Beləliklə də onlar erkən nikaha daxil olublar və bu da onların gələcək psixoloji vəziyyəti üçün zəmin yaradıb. Axı onlar həyatın, ailənin, qayınana-qayınata, ər qayğısının, uşaq doğmağın, onu böyütməyin nə olduğunu yetəri qədər anlamır.
Uşaqdan söz düşmüşkən, 2022-ci ildə ölkə üzrə 18 yaşınadək analar tərəfindən 2011 uşaq doğulub. Bu isə o deməkdir ki, 2011 uşaq ya ölümlə və ya baxımsızlıqla qarşı-qarşıya qalıb. Çünki onları dünyaya gətirən ananın hələ özünün qayğıya ehtiyacı var.
Maraqlıdır, qızlarını erkən ərə verən valideynlər onlara heç sual verirlərmi ki, qızım, sən qadın, həyat yoldaşı, ana olmağa hazırsanmı? Ümidvaram ki, bu sualı versələr, cavabında çarəsiz baxan gözlərlə qarşılaşarlar.
Erkən nikaha ciddi cəza son qoya bilər
Erkən nikaha bütün regionlarda, hətta paytaxtda da rast gəlmək olur. Belə nikah haqqında statistikanın nə göstərməsindən asılı olmayaraq, hər kəsə məlumdur ki, o, daha artıqdır. Və belə qənaətə gəlmək olur ki, nə qədər ki, erkən nikaha sövqetmədə ağır cəza qaydaları tətbiq olunmayıb, bu, belə də davam edəcək.
Söhbətimizin bu yerində bu gün medianın gündəmi olan bir erkən nikah haqqında danışmaq istəyirəm. Bakıdan Cəlilabada 16 yaşlı qız qaçırılıb. Qız, qaçması üçün valideynlərinin razılığı olduğunu da bildirib: “Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram”.
Hadisə polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Hazırda araşdırma aparılır.
Görünür ki, biz bu təfəkkürlə əsrlər öncəyə qayıdırıq. Bu ixtiyarı kim verir qızın və oğlanın ata-anasına ki, onlar azyaşlı qızın ərə getməsinə razılıq, oğlanın da valideynləri qapını onların üzünə açır? Hər iki ailənin başçıları haqqında ciddi cəza tədbiri görülməlidir. Belələri cəza almadıqca cəmiyyətdə fikir formalaşır ki, nə istəsək edə bilərik, odur, filankəsə heç buna görə cəza verən olmadı.
Kütləvi informasiya vasitələri, aid qurumlar erkən nikahların qarşısının alınması, bununla uşaq ölümlərinin, boşanmaların da azalması məqsədilə mübarizə apardığı bir vaxtda belə hadisələrin baş verməsi insanların dünyadan xəbərsiz olması təsəvvürünü yaradır. Görünür, həm paytaxt Bakıda, həm də regionlarda bu sahədə maarifləndirmə tədbirləri hələ də lazımi səviyyədə deyil.
Bu sahədə ciddi cəza mexanizmi tətbiq olunmalıdır. Elə bir mexanizm ki, qorxu effektində olmalı, bu fikrə düşənləri çəkindirməlidir. Yoxsa görünür ki, belə insanlarla başqa cür mümkün olmayacaq.
Məlum hadisə ilə bağlı söhbətləşdiyimiz jurnalist-sosioloq Lalə Mehralı nəzarət və cəza sisteminin təkmilləşdirilməsi və sərtləşdirilməsi fikrindədir: Zənnimcə, bəzən erkən nikaha rəvac verən insanlara, uşaqların valideynlərinə, qarşı tərəfə humanist davranılır. Xüsusilə də qız uşaqlarının erkən nikaha cəlb edilməsi ilə bağlı məsuliyyətə cəlbetmə məsələsində valideynlərlə yanaşı, qızla evlənən adam da məsuliyyət daşıyır. Çox vaxt bu adam yaşı çox olan biri olur, amma yaşına görə etdiyinin fərqində olmur. Qanunlarımız humanist davranır bu adamlara. Uşaqları erkən nikaha məcbur etmək eyni zamanda bir neçə hüquqlarının əlindən alınması deməkdir. Erkən nikah təhsil hüququnun məhdudlaşdırılması və ya tamamilə əlindən alınması, bədən toxunulmazlığının pozulması, istismarı deməkdir. Bu baxımdan dəyərləndirsək, həm uşaq istismarı, həm erkən evlilik, həm də təhsil hüququnun əlindən alınmasına görə analiz aparılıb cəza tətbiq olunmalı, sərtləşdirmə bu ümumi nəticəyə görə olmalıdır.
Sevindirici haldır ki, artıq bu kimi məsələlərə ümumi ictimai qınaq var. Belə ki, bir necə ay əvvəl Milli Məclisdə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olundu. 21 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Qanununu təsdiq etdi. Qanun 21 iyul 2025-ci ildən qüvvəyə minəcək.
Erkən nikaha tibbi yanaşma
Erkən nikahın mənəvi tərəfləri kimi, tibbi tərəfi də vardır. Bu, sonrakı dövrdə özünü göstərir. Ginekoloq Ayşən Məmmədli qeyd edir ki, erkən nikah həm qadın, həm də kişi üçün müxtəlif problem deməkdir. Gələcək nəsillərin sağlamlığı yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətindən birbaşa asılıdır. Erkən nikahda fiziki və psixoloji baxımdan hazır olmadan hamiləlik baş verir, bu zaman doğuş və ölüm riski yaranır, nəticə etibarilə isə ana və uşaq ölümlərinin sayı artır. Həmçinin yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır.
Fizioloji cəhətdən ideal doğuş yaşı 20-30 arasında olmalıdır. Qadınlar tez ana olduqda orqanizm hamiləliyi özünə yad cisim kimi hesab edir və hormonlarda problem yarana bilir. Qadının dünyaya uşaq gətirməsi üçün ən az yaş 20-dir. Tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o, hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Erkən nikaha son!
Statistikaya görə, indiyədək dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir. UNICEF-in məlumatına görə, ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu təcrübə xüsusilə münaqişələrdən əziyyət çəkən və humanitar böhran şəraitində olan ölkələrdə daha çox müşahidə edilir. Bu baxımdan mütəxəssislər ən çox Cənubi Asiya və Afrikanın Sahara bölgəsini qeyd edirlər.
Belə qənaətə gəlmək olur ki, hər dəqiqədə 28 qız erkən nikaha daxil olmaqla, hər dəqiqədə dünya üçün 28 problem yaranır, 28 bəlanın təməli qoyulur. Bu dəqiqələr saata, saatlar aylara, illərə çevriləndə isə dünya qloballaşan problemlər qarşısında aciz qalır. Odur ki, erkən nikah məsələsini bir dəqiqə da yaddan çıxarmamalı, onunla hər saniyə mübarizə aparmalıyıq.
Qızlarımıza kölə kimi deyil, əzizimiz, onu bizə bəxş edən Ulu Yaradanın hədiyyəsi kimi baxaq. Bu zaman onu incitməyin nə qədər günah olduğunu da dərk etmiş olarıq.
Mətanət Məmmədova