Ailə həkimi, yalnız ilkin tibbi yardım təmin etməklə kifayətlənmir, həm də xəstələrin sağlamlıq vəziyyətini müntəzəm izləyərək erkən diaqnoz qoyulmasına kömək edir. Bu proses, xəstəliklərin qarşısını almaq, müalicə effektivliyini artırmaq və komplikasiyaların yaranmasının qarşısını almaq üçün son dərəcə vacibdir. Ailə həkiminin sağlamlıq izlənilməsi və erkən diaqnoz roluna diqqət yetirmək üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq.
Həkim deyir ki, sağlamlıq izlənilməsi, xəstənin ümumi vəziyyətinin və mövcud xəstəliklərinin mütəmadi olaraq monitorinqi deməkdir. Onun sözlərinə görə, ailə həkimi, hər bir xəstənin tibbi tarixçəsini, həyat tərzini, genetik meyllərini və sağlamlıq vəziyyətini nəzərə alaraq uyğun izləmə planı hazırlayır. Mütəxəssis bildiri ki, bu izləmə həm də xroniki xəstəliklər, məsələn, hipertoniya, diabet, astma kimi vəziyyətlər üçün xüsusilə önəmlidir. Xəstələr mütəmadi olaraq müayinə edilir, testlər keçirilir və həkim hər hansı dəyişiklikləri erkən aşkar etmək üçün diqqətlə izləyir.
Erkən diaqnoz və onun əhəmiyyəti haqda da danışan Nərminə Abbasova qeyd edir ki, erkən diaqnoz xəstəliklərin ilk mərhələlərində aşkar edilməsi prosesidir ki, bu da müalicənin daha effektli və az riskli olmasına şərait yaradır.
Həkim onu da vurğulayır ki, ailə həkimi xəstənin yaşına, cinsiyyətinə və ümumi vəziyyətinə uyğun olaraq müxtəlif skrininq testləri və müayinələr təyin edə bilər. Məsələn, yaşlı xəstələrdə kardiovaskulyar xəstəliklərin erkən aşkarlanması, diabetə meyilli şəxslərdə qan şəkərinin mütəmadi ölçülməsi və qadınlarda süd vəzi müayinələri erkən mərhələdə potensial təhlükələri müəyyən etməyə imkan verir. Erkən diaqnoz həmçinin xəstəliklərin daha ciddi mərhələlərə keçməsini və müalicə xərclərinin artmasını əngəlləyir.
Mütəxəssis qeyd edir ki, ailə həkiminin sağlamlıq izlənilməsi yalnız müalicə ilə məhdudlaşmır; həkim həmçinin xəstələrə sağlam həyat tərzini təbliğ edir. Xəstələrə düzgün qidalanma, fiziki aktivlik, stress idarəsi və siqaretdən imtina etmə kimi mövzularda məsləhətlər verilə bilər. Profilaktik tədbirlər, xəstəliklərin qarşısını almaqla yanaşı, xəstələrin ümumi rifahını artırmağa kömək edir.
Nərminə xanımın dediyinə görə, ailə həkimi həm də xəstələrini mütəmadi yoxlamalara yönləndirərək, əksər xəstəliklərin erkən mərhələlərdə aşkarlanmasını təmin edir.