BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Belə vəziyyət davam edərsə, 2020-ci ilədək 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13 %-ni və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünən Bakıda keçirilən “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda erkən nikahların dünyada aktuallıq kəsb etdiyini deyib. Onun sözlərinə görə, dünyada hər gün 25 min, 1 ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda erkən nikah faktları Asiya və Afrika ölkələrində baş versə də, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlinir.
Komitə sədri Azərbaycanda da qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarının olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir müddət ölkədə erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb. Hüseynova bildirib ki, son 2 ildə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb: “Bunlardan 17-nin qarşısı alınıb. Qeyd edim ki, erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, erkən nikahlar ümumbəşəri problemdir: “Erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur. Bu gün Latın Amerikası və Afrikada erkən nikahlar qeydə alınır. Bu, qlobal problemdir. Buna görə də biz ailə tərbiyəsinə xüsusi diqqət ayırmalıyıq”
Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən hər 100 nardaranlı qızdan yalnız 10 nəfərinin 11-ci sinfə gəlib çatdığını deyən TQDK sədri Məleykə Abbaszadə isə bildirib ki, 2004-cü ildə 1998-1999-cu ildə anadan olan 125 mindən çox uşaq 1-ci sinfə daxil olub: “Rəqəmlər ölkə üzrə təxminən eynidir. Həmin vaxt 50 faiz qız, 50 faiz oğlan birinci sinfə daxil olub. 9 ildən sonra keçirilən buraxılış imtahanları zamanı məlum olub ki, onların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmayıb. Deməli, 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir”.
TQDK sədri qeyd edib ki, son 5 ildə ali məktəblərə qəbul prosesində qızlar oğlanları qabaqlayıb: “Lakin son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd verib. Amma qəbulda qızlar daha fəal olub”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin dediyinə görə, Azərbaycanda 2014-cü ildə qeydə alınmış 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Onun sözlərinə görə, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayır. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub. Nazir müavini qeyd edib ki, araşdırmalar məktəbdən yayınan şagirdlərin əksər hissəsinin erkən nikah qurmuş qızların payına düşdüyünü göstərir: “Yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib. Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.
Araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir. Hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 0,43%-i təşkil edir. Bunların 45,5%-i gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili var. Araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəlir. Erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir”.