Eşitmə azlığı dünyada geniş yayılmış problemlərdən biridir. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, planetin əhalisinin təxminən 12-16 faizi – 275 milyondan çox insan bu və ya digər dərəcədə eşitmə azlığından əziyyət çəkir. Dünyada hər 1000 körpədən 1-2-si eşitmə problemi ilə doğulur. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməyib. Azərbaycanda eşitmə problemi olan insanların sayı 1 milyona qədərdir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev deyir ki, eşitmə anadangəlmə olmadıqda lal-karlığa səbəb olur. Qulağın xroniki infeksiyaları – məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin əsas səbəbləri hesab edilir.
Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Əgər yaşlı adamlarda yaşla əlaqədar neyrosensor ağıreşitməyə rast gəlinirsə, uşaqlarda, gənclərdə xəstəliyin yaranmasında səbəb burun ətinin mövcudluğu, müəyyən antibiotiklər, qulaqcılardan hədsiz istifadə, qohum nikahlarıdır.
Şöbə müdiri bildirir ki, neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var: “Xəstəlik ən yüngül dərəcədən ən ağır formaya kimi müşahidə edilə bilər. Təəssüf ki, xəstəliyin dərmanla müalicəsi yoxdur. Əgər eşitmənin dərəcəsi yüngüldürsə, yəni, 2-3-cü dərəcədədirsə, bu zaman ən yaxşı üsul eşitmə cihazlarının təyin olunmasıdır. On beş il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadəyə az rast gəlinirdisə, hazırda zamanla bunun tam əksini görməkdəyik. Yaşı 70-dən çox olan insanların yarıdan çoxu isə bu və ya digər ağırlıqda eşitmə azlığından əziyyət çəkir.
Xəstəliyin dərəcəsi ağır olduqda isə koxlear implantasiya əməliyyatı icra edilir. Əməliyyat nəticəsində xəstənin eşitməsi bərpa olunur”.
M.Şıxəliyev bildirir ki, eşitmənin keyfiyyətini test üsulu ilə xüsusi kabinələrdə yoxlayırlar. Bu zaman səs aparatlarından istifadə edilir və hər qulağa müxtəlif səslər verilir. Pasiyentin səsi eşidib-eşitməməsinə görə xəstəliyin dərəcəsi müəyyən edilir.