Adətən soyuq havanın, qarın, şaxtanın sağlamlığa ziyanı barədə danışılır. Amma çoxları qar və buzla tətbiq olunan müalicə üsullarından xəbərsizdir. Bəs, bu müalicə üsulları necə tətbiq olunur və sağlamlığa necə təsir edir?
* Mütəxəssislər insanın gənc qalmasını təmin edən əsas vasitələrdən birinin buz və qarla tətbiq edilən masaj olduğunu qeyd edirlər. Dəridəki məsamələri genişləndirərək daha yaxşı nəfəs almasını təmin edən, bununla da dərini təravətli saxlayan bu masaj, xüsusilə, qadınlar tərəfindən sevilir. Saunada tərlədikdən sonra tətbiq edilən masaj sellüliti yox edir, toksinlərin buxar vasitəsilə bədəndən xaric olunmasına kömək edir. Masajın ardından dəriyə təbii bitki yağları çəkilir. Bu yağların tərkibindəki vitaminlər genişlənmiş məsamələrdən dəriyə hopur. Təqribən bir saat davam edən buz və qar masajı, eyni zamanda, stressi aradan qaldırır, yuxu nizamsızlığına müsbət təsir edir. Heç bir ağrınız olmasa belə masaj əzələlərin ümumi boşalmasını, bununla da rahatlanmağınızı təmin edəcək.
*Kosmetologiyada dəridəki sızanaq, doğuş ləkələri və yanıq ləkələrinin aradan qaldırılmasında buzdan istifadə olunur. Dərinin bu üsulla təmizlənməsi zamanı xüsusi bir aparat vasitəsilə çox incə buz parçaları yüksək təzyiqlə dərinin alt təbəqələrinə yeridilərək dəriyə hopdurulur. Bu yolla dərinin həmin təbəqəsinin yenilənməsi təmin edilir. Dəri yeniləndikcə ləkələr tədricən yox olur. Dəridəki ləkələrin aradan qaldırılması üçün tətbiq olunan bu üsul gözəllik mərkəzlərində həyata keçirilir.
*Mütəxəssislər soyuq kompresin baş ağrılarının aradan qaldırılmasında da təsirli olduğunu təsdiq edirlər. Başınızda ağrı hiss etdiyinizdə buzu sellofan paketə doldurub nazik parçaya sararaq ağrıyan hissəyə qoyun. Soyuq həssas sinirləri yatırıb keyidərək ağrını azaldacaq. Bundan əlavə, şiddətli diş ağrıları zamanı yanağınızın üzərinə qoyacağınız buz torbası ağrının aradan qaldırılmasında olduqca faydalıdır.
*Soyuq kompres damarlara təsir edərək toxumalar arasında qanın toplanmasını, yəni hematomanı azaldaraq şiş yaranmasının qarşısını alır. Bu üsuldan faydalanmaq üçün mütəxəssislərin təklif etdiyi qaydada (3 gün ərzində 1 saat və ya 30 dəqiqə fasilə ilə 8-10 dəqiqə) buzlu kompresi həmin bölgəyə tətbiq etmək lazımdır.
*”Krioterapiya” (buz müalicəsi) adı verilən müalicə üsulu ilə revmatizm, oynaq ağrıları və ya şişlərini azaltmaq mümkündür. Çünki soyuğun təsiri ilə damarlar daralır, bu da hər cür oynaq ağrılarını yox edir. Bu üsul əsasən klinikalarda həyata keçirilir, ancaq tətbiqolunma qaydalarını öyrənməklə evinizdə də yerinə yetirə bilərsiniz. Bunun üçün ağrıyan bölgəyə buz torbası qoyaraq kompres edə bilərsiniz. Soyuq təsirini 20 dəqiqə ərzində göstərəcək. Buz torbasını dəri ilə birbaşa təmas etdirmədən bezə sararaq istifadə etmək lazımdır.
*Mütəxəssislər tökülən saçların bərpa olunmasında başa buzla kompres etməyin faydalı olduğu qənaətindədirlər. Onlar soyuğun təsiri ilə baş dərisində olan qan damarlarının daraldığını və saç köklərinin canlandığını qeyd edirlər.
*Maddələr mübadiləsinin pozulması səbəbilə yaranan narahatlıqların aradan qaldırılması məqsədilə Avropanın şimal bölgələrində xəstələr 1-2,5 dəqiqə müddətində temperaturu 100 dərəcə soyuq olan otaqlarda saxlanılır. Bu üsul, ürək xəstəlikləri, soyuğa allergiyası olanlar istisna olmaqla, hər kəsə tətbiq edilə bilər.
*Cərrahi müdaxilə ilə tətbiq olunan təzyiqlə buz yeritmə əməliyyatının qaraciyər, ağciyər, prostat və böyrəyin üzərindəki bəzi kiçik diametrli şişlərin yox edilməsində mühüm rol oynadığı sübut olunub. Son dövrlərdə bu üsulla sümükdə, döşdə, beyin və onurğada yaranan şişlərin azaldılması istiqamətində bəzi təcrübələr aparılır.
Fidan Hətəmova
Xüsusi olaraq “gencaile.az” üçün