İnsan sadə göründüyü qədər də mürəkkəb varlıqdır. Bəşəriyyət yaranandan insan özünü öyrənir. Aradan milyon illər ötməsinə baxmayaraq, hələ heç fiziki bədənini tam öyrənə bilməyib. Çünki onu bir başqa insan yaratmayıb ki, o da araşdırıb, tədqiqat aparıb tam öyrənə bilsin. İnsan Allahın yaratdığıdır! Onu tam öyrənə bilmək üçün gərək əstəğfurullah, Allahlıq iddiasına düşəsən. Düşsən də bu mümkün deyil. Amma Allah-təala insana şüur bəxş edib. Şüurun idarəedici səviyyədə olması insanı instiktlərlə hərəkət edən digər canlılardan fərqləndirir və özünü özünə qismən tanıdır. Lakin insan hər zaman öz şüurunun qərarı ilə addımlar atırmı?
Bəzən onu duyğular, fizioliji tələbat, hisslər və ətraf mühit idarə edir. Bəzən də daha başqa təsirlər onu idarə edə, çaşdıra, azdıra bilir. Buna fizioloji tələbat və bioloji cazibə də deyilir. Metafiziklər haqlı olaraq insanı maddi, həm də astral (qeyri-maddi) varlıq olaraq qəbul edirlər. Maddi varlığın öz tələbatları ( yemək, geyinmək, gəzmək, tikmək, almaq,..) olduğu kimi, mənəvi varlığın da öz tələbatları – estetik zövq, yaradıcılıq, qürur, qələbə, məhəbbət və sair var. Məhəbbət barədə də minilliklərdir yazılır. Amma bitirmi? Bəzən məhəbbət dedikdə yalnız bir sevgili qadına olan isti münasibət yada düşür. Ancaq Allaha, anaya, Vətənə, ailə üzvlərinə, dosta, peşəyə, Dövlətə, xalqa, millətə də məhəbbət var. Bunların arasında ən mürəkkəb olanı bir qadına və ya bir kişiyə əks cinsin cinsəl münasibətindən doğan məhəbbətdir. İnsanda olan məhəbbət hissini öyrənmək heç asan sayılmaz. Deyim ki, ana da, ata da qadındır, kişidir. Lakin söhbət yad bir qadına (kişiyə) olan isti münasibətdən və tərkibində ehtiras olan duyğudan gedir. Adına eşq deyilir. Eşq yoxdursa, bu münasibət tam mənasında sevgi-məhəbbət sayılmaz. Eşqsiz, yəni plutonik məhəbbət də var. Bu, qarşı tərəfi həddən artıq ideallaşdırmaqla yaşanır. Sevilən tərəf bu halda əslində insani varlıq kimi qəbul edilməkdən çıxır, bütləşdirilir, ilahiləşdirilir. Bü cür məhəbbət nə qədər alqışlansa da, əslində anormallıqdır və günahdır. Çünki insanı bütləşdirmək, ilahiləşdirmək olmaz. İlahini (Allahı) başqa vasitələrlə deyil, birbaşa olaraq sevmək ibadətdir. Bir qadını və ya kişini sevmək isə ali və həm də adi insani keyfiyyətdir. Əks cinslərin bir-birinə qarşı cismani münasibəti tam təbii prosesdir. Lakin insan özü həm maddi və həm də mənəvi varlıq olduğu kimi onun bütün əməlləri həm də eyni qədər mənəvi xarakter daşımalıdır. Bu olmazsa insan instiktlərlə idarə olunan heyvanla eyniləşər. Hətta cismani əlaqənin də mənəvi tərəfi olmalıdır. Bu olduqda cismani münasibət eşq sayılır, olmadıqda adı çox ayıbdır və onu ifadə etmədən də məlum! Qadınla kişinin qarşılıqlı əlaqəsində onun təkcə cismi deyil, ruhu da həzz almalı və eşq yaşanmalıdır. Təkcə bu halda məhəbbət tam məna daşıyır. Bəs əslində məhəbbət nədir? Məhəbbət qarşı cinslərin bionerji cazibəsinə varması, sehrinə düşməsi, bunu çox istəməsidir. Hər bir şəxs özündən səs (nitq) vasitəsilə olduğu kimi həm də bunsuz müəyyən fikir, enerji, duyğu saçır, ixrac edir, bir növ yayımlayır. Bu, fiziki gözlər vasitəsilə görünməyən bio-dalğalardır. Hər bir insan yayınladığı kimi həm də qəbul etmək, bu cür dalğaları tutmaq xassəsinə malikdir. İnsanın fikir oxuması, ideya göndərməsi, ürəkdən keçənləri duyması artıq heç də peyğəmbərlik xassəsi kimi qəbul olunmur. Bu xüsusiyyət hər bir insanda var. Sadəcə, kimsə buna fitrətən malik olur, kim isə müxtəlif təmrinlər vasitəsilə bu keyfiyyəti özündə oyadır. Qarşılaşan əks cinslər eyni zamanda göz-gözə qaldıqda və hər ikisi eyni zamanda bixtiyar gülümsədikdə bu onların qarşı tərəfin cazibəsini (dalğasını) tutmasının ifadəsidir. Loru halda adına “ilk baxışdan məhəbbət” də deyilir. Cinslərin fiziki bədəninin müəyyən ehtiyacları (yemək, almaq, tikmək və sair) olduğu kimi mənəvi bədəninin də müəyyən ehtiyacları olduğunu vurğuladıq. Bu ehtiyac bio-enerji xassəlidir. Qarşı cinsi gördükdə, onun saçdığı bio-enerji insanın ehtiyac duyduğu enerjinin eyni ola bilər. Bunu duyduqda onun qarşı cinsə marağı yaranır və o həmin şəxsin cazibəsinə düşür. Bu cazibə ac insanın yemək uğrunda mübarizəsini xatırladır. Mənəvi bədənin aclığı qarşı tərəfi gördükdə, onunla ünsiyyətdə və ya əlaqədə olduqda qismən təmin olunur. Tədricən bu hal asıllıq halına düşür və sevən tərəf qarşı tərəfin “narkomanına” çevrilir. O, sevdiyi şəxsi gördükdə rahatlıq tapır, görmədikdə, onunla əlaqədə olmadıqda mənəvi bədəni sanki ağrıyır, inciyir. Bütün bunlar zahirən eşq-məhəbbət kimi ifadə olunur. Amma bu cəhət insanın həm də təkcə fiziki bədəndən ibarət olmadığını və İlahi xassə daşıdığını isbata yetirir.
Həyatın ikili və əks xassəli olmasını bilirik; gecə-gündüz, yaxşı-pis, isti-soyuq, şirin-acı, quru-yaş, gözəl-eybəcər, ağ-qara, müsbət-mənfi, hətta kişi-qadın… Mələklər də iki cürdür: mənfi və ya müsbət xassəli. İblisin də (mənfi) mələk olduğunu xatıqladaq. Həyat bu ikiliyin vəhdətində mövcuddur. İkisindən biri olmadıqda natamamlıq yaranır. Yaxşı əməllər sahibləri var ikən pis əməl sahiblərinin də olması onların işığını daha da artırır. Qarşı cinslər də cəm halında tam hesab olunur və onların izdivacı ilə əsil həyat başlanır. Necə ki, adi elektrik də müsbət və mənfi cərəyandan ibarətdir. Bunlardan ikisindən biri olmadıqda işıq yanmır. Eləcə də qadın və kişi birləşmədikdə onlar yarımçıq hesab olunur və mənəvi ehtiyaca çevrilən, axtarılan qarşı cins onun yarısı (yarı) kimi qəbul edilir. Amma bu tamlıq təkcə tərəflərin ailə qurması və ya cinsi tələbatın ödənilməsi ilə həll olunmur. Bu halda həm də mənəvi ehtiyac ödənilməlidir. Mənəvi ehtiyac isə məhəbbət kimi təcəlla edir. Sifarişlə də sevmək mümkün deyil. Buna baxmayaraq Allah-təala hər kəs üçün onun öz yarısını, parasını yaradıb. Arvad sözünə sinonim sayılan “zövcə” sözü ərəbcədən məhz elə “cütlük” anlamındadır. Cütün yarısını tapmaq ixtiyarı isə insanın özünə verilib. Şüurlu varlıq olduğuna görə insan öz əməllərində azaddır – faili muxtardır. Seçimi düzgün etmək ixtiyarı onun öz əlindədir. Amma bu ona heç də mütləq düzgün seçim imkanları və imtiyazları vermir. Bu zaman şüurun mükəmməl inkişaf vəziyyəti özünü göstərir. Bu olmadıqda insan öz seçimində çox asanlıqla səhf edə bilər. Səhf etmək insanlığın ən yaxşı bacardığı əməldir. Hamı yüksək ağılda olmur axı. Çox hallarda hətta tərəflərin bio-energetik dalğaları bir-biri ilə tam uyğun gələ, mənəvi ehtiyacını tam ödəyə, bir-birinə yaraşa və bir-birini tamamlaya bilər. Ancaq bu da onların hökmən qovuşmasına, evlənməsinə, cinsəl əlaqədə olmasına əsas və haqq vermir. Ona görə də el arasında “Eşqin gözü kor olar” deyimi yaranmışdır. Və heç nahaq və ya əsassız ifadə deyil. Sıravi, öz instiktlərinə, duyğu və hisslərinə asanlıqla ram olan, təfəkkürü formalaşmamış insanlar üçün eşqin gözü həqiqətən də kordur. Təbii ki, burada “göz” və “kor” ifadələri məcazi xarakter daşıyır. Lakin xarakter etibarı və funksiyalarına görə ölkənin, şəhərin, binanın, mənzilin, xalqın, hətta ordunun da üzü, başı, qulağı, ağzı, gözü (görmək funksiyası) olduğu kimi insanın mənəvi bədəninin də gözü var. Hətta bu daha konkretdir. Metafiziklər buna 3-cü və ya bəsirət gözü deyirlər. Bəsirət gözü insanın iki qaşının ortasında yerləşir. Bu gözü açıq olan insan hər hansı bir məsələnin qeyri-fiziki xarakterli tərəflərini də, keçmişi, gələcəyi də aydın görə bilir. Bəzi parapsixoloq, ekstrasens, öncəgörənlər də məhz bəsirət gözünün sayəsində müxtəlif gizlinlərdən xəbər verirlər. Buna müəyyən təmrinlər vasitəsilə də, mənəvi paklıq sayəsində də nail olmaq mümkündür. Bəzilərində bu keyfiyyət fitrətən açıq olur, böyük əksəriyyət öncəgörənlərə isə şeytan köməklik göstərir. Məsələnin bu tərəfini inkişaf etdirmədən mövzuya qayıdaq. Bilməliyik ki, böyük əksəriyyət insanlarda bəsirət gözü tamam qapanmışdır və onların mənəvi varlığı kor hesab olunur. Belə şəxslər qarşı cinslə rastlaşdıqda onların bütün bio-energetik tərəfləri uyğun olursa da, çox asanlıqla səhf edə, çaşa, özünün və başqasının həyatını dağıda, məhf edə bilər. Çünki onlar, xüsusən də bir çox kişilər qarşılaşdığı, çox xoşladığı, heyran qaldığı, məftun olduğu qadının və ya özünün ailəli olmasının, yaşının azlığının və ya çoxluğunun fərqində ola, bu uyğun gəlmənin heç də əsas və həlledici amil olmamasını dərk edə bilmirlər. Bu səbəbdən də müdriklər hər məhəbbəti ali hesab etmir, hər məhəbbəti ülvi hiss adlandırmır, hər məhəbbətə qovuşmanı da uğurlu sanmırlar. Qadınla kişinin münasibətlərindəki fizioloji, bioloji və ruhi izdivacı, ülfəti, əlaqəni Allahın kitabı “Qurani-Kərim”də də müvafiq surələr, ayələr təsbit edir. Bu barədə “Bəqərə” surəsi, 187-ci, “Məryəm” surəsi 96-cı, “Nur surəsi 21-ci ayələrdə ariflər üçün dərin hikmətlər verilmişdir. Məhəbbət qeyd olunan ayələr daxilində savab, onlardan kənarlaşdıqda isə haram və günah dərəcəsini qazanır. Müdriklər həyatda olan, olmuş və olacaq hər şeyə açıq gözlə baxmağı heç nahaqdan tövsiyyə etməmişlər. Yalnız açıq gözlə baxdıqda insan qarşısındakı əks cinsin o nə qədər gözəl olsa da, onunla real münasibətlərə nə qədər uyğun şərait varsa da bu xoşhallanmanın sonrasını düşünə və heç münasib olmadığını da görə bilirlər. Bir gözəl qadın sənə qarşı nə qədər müsaidsə də, əgər ailəlisənsə və ya o ailəlidirsə, onun cazibəsindən qaçmaq, iradə və əsil kişilik göstərmək lazımdır. Bunu hər kişi bacarırmı? Öz nəfsinə qalib gələn insanlar həmişə ən ali dərəcədə mükafatlarını alırlar. Eyni yanaşma qadına da aiddir. Qadın gec vurulur, qarşısındakı kişinin cazibəsinə gec düşür, amma düşdü ki, gec də qurtulur və ya kişidən fərqli olaraq heç vaxt qurtula bilmir. Hətta ayrılıqdan sonra bir başqasını sevib onunla ailə qurursa da, əvvəlki məhəbbətini tamam unuda bilmir. Bəlkə də buna görədir ki, müsəlman kişilər ailə qurmaqdan ötrü məhz bakirə qızlara hər zaman üstünlük verirlər. Öz eşqinə əvvəldə və ya nəhayət nə vaxtsa açıq gözlə baxan və ondan qurtula bilən kişilər isə heç də belə deyil, onlar ayrıldıqda və unutduqda həmişəlik uzaqlaşır, yadlaşır və özünün “kor dövrünə” tənə də edə bilirlər. Kişini qadının sifət gözəlliyi və ya bədən yaraşığı məftun edə bilər, amma onu aşiq olmağa məcbur edən hiss o qadının özündən saçdığı cazibəyə onun düşməsindən asılıdır. Qadın öz cazibəsini öz baxışları ilə saçır. Göz təkcə qəlbin aynası deyil, daha çox onun qapısıdır. Müdriklər namuslu qadınlara məhrəm sayılmayan qarşı cinsin gözünə baxmamağı məsləhət görürlər. Qadının baxışlarından axan enerji (cazibə) kişinin ehtiyaclarına müvafiq gələrək, onun mənəvi varlığına təsir göstərir. Kişi baxışlarında cazibə nisbətən azdır və qadının gözlərinə baxmağa, onun xoşuna gəlməyə çox çalışan kişiləri qadınlar heç də xoşlamırlar. Qadınlar daha çox kişilərin ciddi görkəminin, qüdrətli olmasının, mənsəbinin, alicənablığının, bir qədər görkəminin və məşhurluğunun və bir azca da qarşı cinsə azacıq etinasızlığının cazibəsinə düşürlər. Gözəl, yaraşıqlı, gülərüz kişiyə çox az sayda qadınlar məftun olur. Bəzən həddən artıq yaraşıqlı və görkəmli bir kişinin adi, hətta gözəllik normalarından məhrum bir qadına aşiq və ər, eləcə də gözəl bir qadının adi bir kişiyə məftun olmasını eşitmək, görmək adamı təəccübləndirir. Bütün bunlar bioenergetik təsirin gücünü və eşqin gözünün həqiqətən də çoxları üçün kor olmasını təsdiq edir.
Bir çox hallarda evlənənə kimi dəli-divanə olan aşiq evləndikdən az sonra öz xanımından bezir, usanır, ona xəyanət edir, hətta ondan qaçmağa çalışır. Deməli, onun da eşqi zamanında kor imiş. Həqiqi eşq zahiri gözəllikdən daha çox əqli kamillik tələb edir. Bu isə gənc yaşlardan mümkün olmayan keyfiyyətdir. Buna görə də əvvəllər kişilər 28 yaşdan sonra evlənmək barədə düşünər və qurduqları ailə daha çox möhkəm olardı. Eyni tələb qadın üçün daha erkən yaşlardan başlamalı, analar öz qızlarını ailə üçün hazırlamalı, yetişdirməlidirlər. Bunlar olurmu? Olmadığı səbəbindəndir ki, boşanma faizləri də ilbəil yüksəlir. Övladın maddi rifah halını təmin etmək hələ heç də onların gələcək ailə xoşbəxtliyinə təminat vermir. Eşqə doğru övladları kor-koranə buraxmaq yaramaz. Müasir dünya və həyat hər şeyə, o cümlədən eşqə də açıq gözlə baxmağı tələb edir. Eşqində uduzanların bəlası bəxtindən, taleyindən deyil, həyatı korafəhm yaşamasından gəlir.
Hafiz Mirzə