bina

Ev alqı-satqısında 30 illik “ənənə”… MTK-ların tikdiyi “saysız” binaların siyahısı hansı rəsmi qurumdadır?

Baxış sayı: 497

İşğaldan azad olunmuş ərazilərimizdə, xüsusən də Ağdam şəhərində bir müddətdir ki, dayanmadan aparılan tikinti-quruculuq işlərinin şahidi oluruq. Ermənilərin xarabalığa çevirdiyi şəhər ərazisində indi gözoxşayan yeni, dəbdəbəli, hündürmərtəbəli yaşayış yerləri, göydələnlər ucaldılır. Bütün bu işlərin hamısı təqdirəlayiq, o cümlədən, bir zamanlar hər birimizin arzusu, xəyalı olan işlər idi, hansı ki, indi bir-bir reallığa çevrilir.

“Əmma”… Bu məsələnin də bir “əmma”sı odur ki, mənzillərlə bağlı vətəndaşlarda suallar doğuran məqamlar var. Məsələn, paytaxtda bir sıra özəl tikinti şirkətləri (MTK-lar) tərəfindən inşa edilib, daha sonra vətəndaşlara satılan evlərin əksəriyyəti ya fiziki, ya da hüquqi problemli evlər çıxıb. Bununla bağlı sosial şəbəkələrdə, o cümlədən, bir çox media resurslarında kifayət qədər həm vizual, həm də yazılı materiallar var və artmaqda da davam edir. Belə ki, bir çox vətəndaş illərlə dişi, dırnağı ilə yığdığı pulları hansısa dələduz MTK nümayəndəsinə yedirib və bir müddət sonra aldığı o evin bir neçə “sahibi” qəfil ortaya çıxaraq, həmin evin onlara məxsus olduğunu deyiblər. Bir evin bir neçə nəfərə satılması, yaxud hələ tikintisi başlamamış evin xəyali olaraq illər öncədən vətəndaşlara satılması, inşaatı başa çatmadan MTK-ların bağlanması, yaxud başında duran şəxsin ölkəni tərk etməsi kimi yüzlərlə faktlar var. Bu faktların çoxusu hələ də hüquq-mühafizə orqanları tərəfindən ya araşdırılır, ya da işə vətəndaşın əleyhinə xitam verilib. Zərərçəkən, pulu əlindən çıxan da vətəndaşın özü olur.

İndi Ağdam şəhərində bir sıra özəl MTK-lar hələ inşaatı 2025-ci ildə tamamlanacaq olan bina evlərini indidən satışa çıxarıb, bir sıra media orqanlarında bunun reklamını aparırlar. Gözü qorxmuş vətəndaş da bu evlərdən çəkinir.

Tikintisi hələ bitməmiş evlərin öncədən satışa çıxarılması qanuna müvafiqdirmi?

Həmin evləri alan vətəndaşların daha sonra yuxarıda adı hallanan problemləri yaşayamayacaqlarına qaranti verilirmi?

Ümumiyyətlə, bu istiqamətdə hansı yeni qanun layihələrinə tələbat var?

MTK-lar tərəfindən tikilən bu binalar aidiyyəti dövlət qurumunun rəsmi portallarında qeydiyyata salınırmı?

elnur ferzeliyev

Əmlak və tikinti sektoru üzrə mütəxəssis Elnur Fərzəliyev mövzuyla bağlı aşağıdakıları dedi: “İşğaldan azad olunmuş ərazilərimizdə yeni binaların tikintisi və onların satışa çıxarılması özlüyündə çox gözəl bir xəbərdir. Çünki torpaqlarımız artıq azaddır. Həm də ordakı sakinlərin evləri ilə bərabər həm də əlavə evlər də tikilirsə, deməli, orada buna tələbat var. Əvvəlki illərdə təbii ki, tikinti şirkətləri tərəfindən aldadılan çox sayda – yüzlərlə, hətta minlərlə insan var idi. Həmin şirkətlər vətəndaşlara zərər verdiklərinə görə, aidiyyəti qurumlar tərəfindən tanınmışdı. Lakin 2018-ci ildən sonra tikintilərlə bağlı səlahiyyət və sərəncam vermək hüququ müvafiq icra orqanlarından alındı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Bununla yanaşı, tikinti məsələləri ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olundu. Hazırkı vəziyyətdə çoxmənzilli binalar inşa edən şirkətlər artıq sıradan şirkətlər deyil – o mənada ki, onların müəyyən bank hesabı olmalıdır. Həmin bank hesabında o tikintinin başa çatacağı qədər müəyyən vəsait olur və onlara bank zəmanəti verilir. Əgər həmin tikinti hər hansı bir mərhələdə yarımçıq qalsa, təbii ki, onun davamını bank pul ayıraraq davam etdirəcək.”

Ekspert deyir ki, hazırda tikinti şirkətləri üçün hər hansısa bir şəxsdən evi bir neçə adama satmaq maraqlı deyil. Çünki bəlli sayda tikinti şirkətləri (MTK) qalıb ki, onlar daha çox öz brendlərini qorumağa çalışırlar. Burada təəssüf doğuran məqam budur ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanda çox mənzilli binalar inşa olunur, amma bunların satış proseduru qaydalarında heç bir dəyişiklik yoxdur. Yəni 30 il öncə hansı prosedurlarla, sənədlərlə satırdılarsa, hazırda eyni üsullarla satırlar. Əlbəttə, daha yaxşı olardı ki, yeni binalar inşa olunarkən, onlara hansısa formada rəsmi sənəd verilsin, mənzillərin siyahısı həmin MTK-nın ofisində deyil, rəsmi dövlət qurumu portalında qeyd olunsun. Bu, təbii ki, insanlarda bir inam yaradar, beləliklə, bütün şübhələr aradan qalxmış olar və sair.

“Təbii ki, indi Ağdam şəhərində yeni binalar inşa olunursa, böyük ehtimalla, yaxın gələcəkdə bu ərazilərə kütləvi axın olacaq. Bu axın təkcə həmin ərazilərdən məcburi köçkün düşmüş insanlar tərəfindən deyil, həmçinin digər bölgələrin insanları tərəfindən də baş tutacağı proqnozlaşdırılır. O baxımdan, həmin ərazilərdə bu tikinti işlərinə start verilib. Hazırda bu tipli tikililər, xüsusən də azad olunmuş ərazilərdə aparılan işlər dövlət nəzarəti altında həyata keçirilir” – deyə, əmlak eksperti əlavə edir.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir