tv

Ev içindən el içinə

Baxış sayı: 524

Son zamanlar  istər mətbuatda, istərsə də  televiziyada ailə-məişət zəminində baş verən münaqişələr, cinayətlərlə bağlı informasiyalar qabarıq şəkildə, ən incə detalları ilə yayımlanır. Televiziyadakı bəzi “sosial” məzmunlu proqramlarda isə müvəqqəti reytinq xətrinə ailə problemləri ilə bağlı geniş ekspert qrupunun da iştirakı ilə “müzakirə məclisi”qurulur, işin üzü-astarı bilinmədən haqlı-haqsız  axtarılır, kimlərsə səhv çıxardılır, qınanılır, tənqid atəşinə tuş gəlir. Bu proqramdan götürülən videomateriallar isə bəzi saytlarda, sosial şəbəkələrdə paylaşılır. Cəmiyyətin müəyyən qrupu belə ailə münaqişələrinin baş verməsini, digərləri isə ailə məsələlərini açıq-aşkar şəkildə kütləvi informasiya vasitələrinə daşıyanları, müzakirə predmetinə çevirənləri qınayır.

Bəs, əslində kimdir müqəssir? Ailədaxili münaqişələrin mətbuatda və televiziyada geniş müzakirəyə çıxarılmasını, bütün təfsilatı ilə yayımlanmasını necə dəyərləndirməliyik?

 

AQUPDK: Medianın hadisələrə zərərli reaksiyası ikinci dəfə zərərçəkənin təhlükəsizliyinə real təhdid yaradır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK)  Analitik təhlil və informasiya təminatı şöbəsindən sözügedən mövzu ilə bağlı verilən açıqlamada bildirilir ki, ailədaxili ən həssas mövzulardandır. Bu münaqişələrin mətbuatda və televiziyada işıqlandırılması mili-mənəvi dəyərlər sisteminə birbaşa təsir edir. Bu baxımdan mediada problemə həssaslıqla yanaşmalıdır. Ailədaxili problemlərin, münaqişə və zorakılığın mediada etik qaydalar çərçivəsində işıqlandırılıb-işıqlandırılmaması çox vaxt jurnalistin məsələyə peşəkar yanaşmasından asılı olur. Düzgün maarifləndirici işıqlandırma, münasibətləri və qərəzləri yumşalda bilər. Çünki bəzən medianın hadisələrə zərərli reaksiyası nəticəsində ikinci dəfə zərərçəkənin təhlükəsizliyinə real təhdid yaranır. Buna görə də belə hallardan çəkinmək lazımdır. Zərər çəkmiş şəxsə hörmət, məxfilik və peşəkarlıqla yanaşılmasını təmin etmək son dərəcə vacibdir.

“Ailə-məişət mövzuları hansı hallarda və çərçivədə işıqlandırıla bilər” sualına isə qurumun cavabı belə oldu: “Kütləvi informasiya vasitələri ailədaxili münasibətlər, qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərinə təsir göstərən amillərdəndir. Ailə-məişət mövzusunun mediada yayılması ailədaxili zorakılığı populyarlaşdırmamalı, əksinə onun cəmiyyətə mənfi təsirləri barədə məlumatlılığı artırmalıdır. Konkret hadisələr barədə xəbərlər verilirsə, qadınlara qarşı zorakılıq və məişət zorakılığı barədə etik və sosial baxımından məsuliyyətli işıqlandırma aparılmalı, zərərçəkmiş şəxslərin şəxsi həyatının toxunulmazlığı təmin edilməlidir. Hər hansı məlumatda təsvir edilən zərərçəkmiş şəxslərin şəxsi məlumatlarını açıqlamaq üçün onların razılığı alınmalıdır. Əgər haqqında xəbər hazırlanan şəxslər öz şəxsiyyətini ictimailəşdirməyi istəmirsə, onun və (ya onların) kimliyi ətraflı şəkildə açıqlanmamalıdır. Zərurət olarsa onların üzü, səsi, adı, yeri və ya onları müəyyən etməyə imkan verən hər hansı təfsilatlar bulanıq, qeyri-müəyyən şəkildə təqdim olunmalıdır. Ümumiyyətlə, bu cür xəbərlər işıqlandırılarkən adekvat və ayrı-seçkiliyə yol verməyən ifadələrdən istifadə etmək vacibdir. Jurnalistlər ailədaxili problemlər, qadın və uşaqlarla əlaqəli məsələləri mətbuatda işiqlandırarkən xüsusilə həssas olmalıdırlar. Çünki bəzi hallarda belə problemlərin KİV-də işıqlandırılmasından sonra daha da kəskinləşməsinin şahidi oluruq. Həssas məsələlər emosional və qeyri-professional şəkildə işıqlandırılmamalıdır. Jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorumalıdırlar. ”

Analitik təhlil və informasiya təminatı şöbəsindən verilən məlumatda vurğulanır ki, AQUPDK media nümayəndələri ilə əməkdaşlığa önəm verərək, jurnalistlərlə mütəmadi maarifləndirici təlimlər həyata keçirir. Uşaqlara dair məsələlərin, qadın hüquqlarının, zorakılıq ilə bağlı hadisələrin mediada düzgün və həssaslıqla işıqlandırılması istiqamətində təlimatlar daim jurnalistlərin diqqətinə çatdırılır. Cari il ərzində bu istiqamətdə təlimlərə kifayət sayda jurnalist cəlb edilmiş, maarifləndirici vəsaitlər tədbir və konfranslar çərçivəsində media nümayəndələrinə paylanılmışdır. Qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsiplərini əks etdirən vəsait hazırlanmışdır. Jurnalistlər arasında “Ailə, qadın və uşaq mövzuları mediada” müsabiqə elan edilmiş və qaliblər mükafatlandırılmışdır. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün ötən il 25-29 iyul tarixlərində İsmayıllı rayonunda “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə 1 həftəlik Yay Təlim Proqramı təşkil olunmuşdur. 2-3 iyun 2022-ci il tarixlərində “Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda 2 günlük təlim təşkil edilmişdir.  Qeyd edək ki, AQUPDK-nın sifarişi əsasında “Medianın intiharlara təsiri” haqqında təhlil də hazırlanmışdır.

 

Media ailədaxili problemləri işıqlandıranda “qırmızı cizgi”ni keçməməlidir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı diqqətə çatdırdı ki, əlbəttə, medianın yanaşmasında doğru olan və olmayan məqamlar yetərincədir. Hərçənd, daha çox ikincilər ön plandadır. Ümumən, neqativlər həmişə özünü qabarıq göstərməkdədir. Bu, müəyyən mənada ümumi bəladır. Nəticə etibarilə, ailədaxili problemlərin işıqlandırılması ilə bağlı qənaətbəxş durumun olmadığı görüntüsü formalaşır. Ancaq problemlər digər məsələlərə yanaşmada da var.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, medianın bütün məsələlərə yanaşmasında ictimai motiv öndə olmalıdır. Jurnalistə əmr formasında demək olmaz ki, nəyi yaz, nəyi yazma. O düşünməlidir ki, yazdığı cəmiyyətə hansı faydanı verəcək. Əgər bir ailədə konflikt baş verirsə və nəticədə qorxunc hadisə törənirsə, bunu cəmiyyətə çatdırmaqda hansı ibrətamiz motiv ola bilər ki? Əlbəttə, gerçək motiv istisnadır. Çox təəssüf ki, media əksər hallarda buna yox, konkret hadisənin yaradacağı effektə, belə demək mümkünsə, sərmayə yatırır. Əlbəttə, bu cür yanaşma düzgün sayıla bilməz. Nəinki düzgün sayıla bilməz, kökündən yalnışdır.

Rəşad Məcid qeyd etdi ki, başqa bir yandan kimlərin ailələri ilə bağlı məsələnin işıqlandırılması var. Məlumdur ki, dünya təcrübəsində ictimai şəxslər, dövlət məmurları ilə bağlı sərhədlər daha geniş götürülür. Ancaq burada da “qırmızı cizgilər” mütləq gözlənilməlidir. Jurnalist dəqiq müəyyənləşdirməlidir ki, ictimai həyat harada başlayıb, harada bitir. Yəni, o şəxsi həyatın haradan başladığına diqqət yetirməlidir. Məmurun və hansısa ictimai şəxsin də ailəsində problem ola bilər. Amma bu, o demək deyil ki, hər detalın cəmiyyətə çatdırılmasına ehtiyac var.

Həmsöhbətimiz bildirdi ki, Mətbuat Şurası dəfələrlə mövcud istiqamətdə tövsiyələrini verib. İndi də fəaliyyətini belə xoşagəlməz hallara reaksiya şəklində qurur. Əlbəttə, çağırışlarımızda ilk növbədə jurnalistləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əməl etməyə, həssas yanaşmağa dəvət edirik. Məsələyə peşə prinsipləri baxımdan diqqət yetirsək, əslində jurnalistin, yaxud media orqanının ailədaxili münaqişələri işıqlandırmasındakı xəta bir neçə bənd üzrə mübahisələndirilə bilər. Burada şərəf və ləyaqətə hörmətsizlikdən tutmuş, şəxsi həyata müdaxiləyədək ayrı-ayrı məqamların üzərində dayanmaq mümkündür. Ən pisi isə budur ki, jurnalistin mövzuya yanaşmasındakı qeyri-korrektliyin hüquqi məsuliyyət yaratma ehtimalı da böyükdür. Jurnalistlərimizə, eyni zamanda, bunu da bildiririk.

Audiovizual Şuradan çağırış: Bütün KİV subyektləri media sahəsini tənzimləyən qanunvericilik aktlarını fəaliyyətlərində rəhbər tutmalı, qanuni tələbləri pozmamalıdır

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov mövzu ilə bağlı bildirdi ki, ailədaxili problemlərin televiziyada işıqlandırılması məsələsi  “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər əlaqəli qanunvericilik aktları ilə tənzimlənir. Sözügedən Qanuna əsasən, ailədaxili problemlərin televiziyada işıqlandırılması qadağan edilmir. Belə ki, Qanunun 5-ci maddəsində media azadlığı ilə bağlı normalar öz əksini tapmışdır. Media sahəsində dövlət senzurası qadağandır və bu sahədə fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.

F. Novruzov qeyd etdi ki, bu fəaliyyət azadlığı yalnız “Media haqqında” Qanun və bu sahəni tənzimləyən digər əlaqəli qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Belə məhdudlaşdırmaya misal olaraq Qanunun 14-cü maddəsini (mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər) göstərə bilərik. Yayım zamanı Qanunun 14.1.5-ci (zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır), 14.1.9-cu (böhtan, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir), 14.1.14-cü (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) maddələrinin tələblərinin pozulması faktları aşkarlandıqda və ya bununla bağlı şikayət daxil olduqda Şura tərəfindən monitorinq və zəruri hüquqi qiymətləndirmə prosedurları həyata keçirilir, qanun pozuntusu faktı təsdiqini taparsa həmin yayımçıya qarşı müvafiq sanksiya tətbiq olunur.

Aparat rəhbəri “Ailədaxili konfliktləri işıqlandırarkən media nümayəndələrin nəyə diqqət etməlidir” sualını isə belə cavablandırdı:  “Bütün media subyektləri media sahəsini tənzimləyən qanunvericilik aktlarını fəaliyyətlərində rəhbər tutmalı, qanuni tələbləri pozmamalı, “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər) və 15-ci maddəsinin (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar) tələblərinə xüsusi olaraq diqqət etməlidirlər.”

Həmsöhbətimiz təmsil etdiyi qurumun sözügedən məsələ ilə bağlı həyata keçirdiyi tədbirlərdən söz açdı: “Tərəfimizdən ümumölkə statuslu yayımçıların monitorinqi mütəmadi olaraq, digər yayımçıların monitorinqi isə şikayətlər əsasında aparılır. Qanun pozuntusu faktı aşkar olunursa, yuxarıda qeyd olunduğu kimi müvafiq sanksiyalar tətbiq edilir. Bu sanksiyalar Qanunun 41-ci maddəsində təsbit olunmuş yayımın dayandırılmasını (24 saatadək və ya 1-30 gün aralığında), habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə (media haqqında qanunvericiliyin pozulması) əsasən müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilməsini və məhkəmə qərarına əsasən inzibati cərimə sanksiyasının tətbiqini ehtiva edir. Əlavə olaraq qeyd etmək istərdik ki, Şura tərəfindən qeyd olunan məsələlər ilə bağlı yayımçıların rəhbər şəxsləri və redaksiyalarının məsul əməkdaşları ilə mütəmadi görüşlər, müzakirələr və dəyirmi masalar təşkil olunur, yayım zamanı qanunvericiliyə riayət olunması, ictimaiyyəti narahat edən məsələlərin həssaslıqla və obyektiv işıqlandırılması istiqamətində zəruri tövsiyələr verilir.”

Bəs ailədaxili  problemlərin mətbuatda və televiziyada bütün açıqlığı ilə qabardılmasının cəmiyyətə hansı psixoloji təsirləri var?

Psixoloq: Ailə-məişət məsələlərində neqativ hadisələrin aşırı yayımlanması yalnış ailə modelinin təbliğinə gətirib çıxarır

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva qeyd etdi ki, son zamanlar  ailədaxili münaqişələrin sosial şəbəkə və kütləvi informasiya vasitələrində işıqlandırılması bir ayrı tendensiya halına çevrilir. Burada da sözsüz ki, maraqlı olan və prosesdə aktiv iştirak edən tərəflərdən biri də media vasitələri hesab olunur: “Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Kütləvi informasiya vasitələri ictimai rəyi formalaşdıran bir platforma olaraq ictimai təfəkkürün yaranmasında mühüm rol oynayaraq öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir.”

T.Paşayeva diqqətə çatdırdı ki, bu gün bir çox media vasitələrinin nümayəndələri də təsdiq edər ki, ailədaxili münaqişələr, sosial mövzularda olan xəbərlər digərləri ilə müqayisədə daha çox oxunur, izlənilir.  Mütəmadi şəkildə təqdim olan statistik hesabatlar da sübut edir ki, müxtəlif televiziya kanallarında yayımlanan sosial verilişlər liderlik etməkdədir və bu göstəricilər artıq illərdir ki, bu formada davam etməkdədir: “Beynəlxalq təcrübəyə nəzər saldıqda mediada işıqlandırılan ailə-məişət xəbərlərinin bir çox hallarda auditoriyada emosional yanaşmanın formalaşmasına səbəb olduğunun şahidi oluruq. Oxucu və ya izləyiciyə təqdim olunan material onda nə qədər çox emosiya, nə qədər dərin hisslər yarada bilirsə, kontent bir o qədər böyük reytinqlərə səbəb olur. Bu zaman kütlə arasında şiddətli emosiyanı insanlar arasındakı münasibətlərin ekrana, mediaya daşınması, müxtəlif hekayələr, əsasən də münaqişə və zorakılıq xəbərləri insanları daha çox cəlb edir. Ailə-məişət məsələlərində neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin aşırı yayımlanması, yalnış ailə modelinin təbliğinə, gənclər, yeniyetmələr arasında yalnış stereotiplərin formalaşmasına gətirib çıxarır. İnsanlar şüuraltı olaraq oxuduqları və baxdıqları sferalarda öz həmfikirlərini, öz bənzərlərini bir çox informasiya mənbələrində axtarırlar və bu zaman oxuduqları və ya baxdıqları kontent onlar üçün nümunəyə çevrilə bilir.”

Psixoloqun sözlərinə görə, media vasitəsilə işıqlandırılan ailə modeli cəmiyyətin təsəvvüründə ailə ilə bağlı müsbət və mənfi obrazlar yaradır, müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır. Bu səbəbdən, kütləvi informasiya vasitələrində işıqlandırılan ailə obrazınının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir. Ümumilikdə isə bu gün kütləvi informasiya vasitələri ilə gənclərə, ailələrə yönəlmiş pozitiv, maarifləndirici kontentin artırılmasına, cəmiyyət arasında sağlam düşüncənin, stereotiplərin formalaşmasına böyük ehtiyac var. Eyni zamanda, əsas məsələlərdən biri sadəcə bu cür məlumatların işıqlanması deyil, həmçinin düzgün tirajlanması və auditoriyaya əlçatanlı olmasıdır. Media vasitəsilə işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir.

Bu, bir həqiqətdir ki, ailə məfhumu təsəvvürdə bütövlüyü, gücü, bir-birinin qayğılarını bölüşən insanların birliyini, səmimi münasibətini yaradır. Tərəflərin birlikdə problemlərə, çətinliklərə, itkilərə davam gətirməsi daha asan olur. Təəssüf ki, bəzən əksinə də olur, ailələr dağılır, övladlar ortada qalır, qadın və kişinin həyatında travma yaşanır. Biz bunu ciddi siqnal olaraq qəbul etməliyik. Gərginlik olan ailədə xoşbəxtlikdən söhbət gedə bilməz. Bu isə uşaqların gələcək inkişafına, şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Uğurlu, xoşbəxt ailələrin sayının çox olması üçün hamı çalışmalıdır.Unutmayaq ki, ailə müqəddəsdir. Ailənizin təməlini möhkəm qoyun.  Möhkəm təməl isə təbii ki, qarşılıqlı hörmətdən başlayır. Bir-birinizə güzəşt etməyi bacarın. Ailənin uzunömürlülüyünün sirri xoş günlərə birgə sevinib, çətinliklərdə bir-birinizə arxalanaraq həyati məsələlərdə birgə qərar verməyi bacarmaqdır.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir